ATƏT PA-nın 17-ci qış sessiyası işə başlayıb

Fevralın 22-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 17-ci qış sessiyası işə başlayıb. 

Azadinform AZƏRTAC-a istinadən xəbər verir ki, ATƏT-ə üzv olan 57 ölkənin 300-dək parlamentarisinin iştirak etdiyi sessiyada ölkəmizi Milli Məclisin deputatları Azay Quliyev, Kamran Nəbizadə, Tahir Mirkişili, Elşad Həsənov və Ülviyyə Ağayeva təmsil edirlər. 

Sessiyanın rəsmi açılışı Hofburq sarayının konqres mərkəzində daimi komitənin iclası ilə baş tutub. Açılış iclasında ATƏT PA-nın prezidenti Georgi Sereteli hesabatla çıxış edib. 
ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev çıxışında vəzifəsinin icrasına başladığı qısa müddət ərzində Assambleya prezidentinin fəaliyyətini yüksək qiymətləndirib, xüsusilə ölkələrin ərazi bütövlüyünün qorunması, münaqişələrin nizamlanması, radikallaşmaya qarşı mübarizə istiqamətində görülən işlərin təqdirəlayiq olduğunu söyləyib. O, tədbir iştirakçılarının diqqətini gələn ay keçiriləcək İpək Yoluna Dəstək Qrupunun Bakı Konfransına yönəldib. Bu tədbirə 20-dən çox ölkənin nümayəndələrinin qatılacağını vurğulayan A.Quliyev beynəlxalq təşkilatın rəhbər strukturlarının təmsilçilərini həmin konfransda görməkdən məmnun olacağını qeyd edib. 
İkigünlük sessiyada ATƏT PA-nın demokratiya, insan hüquqları və humanitar məsələlər, iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, siyasi məsələlər və təhlükəsizlik komitələrinin iclasları keçiriləcək. Toplantıda iqlim dəyişikliyi və onun qlobal fəsadlarının uzunmüddətli mübarizə strategiyasının hazırlanması, ATƏT məkanında silahlara nəzarətlə bağlı yaranan problemlər və silah yayılmasının qarşısının alınması, yanlış informasiyaların demokratiyaya təsirləri mövzusunda müzakirələr aparılacaq. 
Sessiya çərçivəsində fevralın 23-də ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 2-ci iclası keçiriləcək. Burada qurumun əsasnaməsinə əlavə və dəyişikliklər ediləcək, Yunanıstan və Moldovanın təşkilat üzvlüyünə qəbuluna, İpək Yolunun bərpası təşəbbüsünü dəstəkləyən qətnamə layihəsinə, bu il martın 13-14-də Milli Məclislə qurumun birgə təşkilatçılığı ilə keçiriləcək ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Beynəlxalq Bakı Konfransına dair məsələlər müzakirə olunacaq.

22.02.2018 13:30 / Baxılıb: 150 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.06.2018
18.06.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo