Azərbaycan-Rusiya sərhədində ilk sərhəd nişanının quraşdırılmasına dair Protokolu imzalanıb Fotolar

Samir Soltanov/AZADİNFORM. Bu gün Qusar rayonunun Zuxul kəndi ərazisində Azərbaycanın Rusiya ilə dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılması münasibətilə təntənəli mərasim keçirilib. 

Azadinform xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsi tarixinin əlamətdar hadisələrindən olan təntənəli mərasimdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin və Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin nümayəndə heyətləri, Azərbaycan ilə Rusiya arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət komissiyalarının üzvləri iştirak ediblər. 
Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanı quraşdırıldıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, xarici işlər nazirinin müavini, Azərbaycanın Rusiya ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov, Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Vadim Postnov, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin nümayəndə heyətinin rəhbəri, general-leytenant Aleksey Buyerov çıxış ediblər. 
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasəti, ölkəmizin dövlət maraqlarının ardıcıl və məqsədyönlü müdafiəsi sayəsində Rusiya Federasiyası ilə dövlət sərhədlərimizin delimitasiyası və demarkasiyası üzrə fəaliyyətin artıq son mərhələyə qədəm qoyduğu xüsusi vurğulanıb. Bu hadisənin Azərbaycan ilə Rusiya arasında dövlətlərarası münasibətlərin mehriban qonşuluq və dostluq, strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq səviyyəsinin növbəti göstəricisi olduğu qeyd edilib. Həmçinin dövlət sərhədinin demarkasiyası işlərinin ən yaxın zamanda uğurla başa çatdıralacağına əminlik ifadə olunub. 
Sonra Xələf Xələfov və Vadim Postnov Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılmasına dair Protokolu imzalayıblar.

22.02.2018 12:25 / Baxılıb: 135 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
24.06.2018
23.06.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo