Vərəm sağalan xəstəlikdir, sağalmaq istəyirsənsə...

Vərəmli xəstələri sağalmağa qoymayan kimdir?

 

“Xəstəliklə 6 il əvvəl tanış oldum. Sinəmdə və kürəyimdə sancılar olurdu, sürətlə çəki itirməyə, arıqlamağa başladım. Həyat keyfiyyətim aşağı düşürdü, iştahım olmurdu, halsızlıq və öskürək məni əldən salırdı. Sahə həkimi müayinə etdikdən sonra vərəm dispanserinə getməyi və əsaslı müayinə olunmağı tövsiyə etdi. Yoxlandıqdan sonra məlum oldu ki, vərəmin ağır - 3-cü dərəcəsinə yoluxmuşam. Yoluxmanın yaxın ailə dostumuzdan olduğunu ehtimal etdim, evimizə çox gəlib-gedir, yeməyimiz-içməyimiz çox vaxt bir yerdə olurdu. O vaxt xəstə olduğunu deməmişdi. Evdə körpə övladım vardı və mən onu özümdən, xəstəliyimdən qorumalı idim. Ruhdan düşmədim, həkimimin köməyi ilə bu xəstəlikdən tamamilə sağaldım. Tuberkulyoz haqqında çox oxumuşam, məlumatım çoxdur və bilirəm ki o sağalan xəstəlikdir – sadəcə doğru müalicə və ruh yüksəkliyi lazımdır. Bəzən deyirlər ki, bu xəstəliyin müalicəsi üçün çox pul lazımdır, ona görə kasıblar vərəmə yoluxanda sağalmırlar. Məncə doğru deyil, çünki mənim də maddi vəziyyətim yaxşı deyildi, amma sağalmağı bacardım. Dövlət bir çox dərmanla təmin edir, əlavə bir neçəsini də özüm alırdım. Vərəmdən vəfat edən olanda anlayıram ki, ya müalicəsinə düzgün əməl etməyib, ya da sadəcə sağalmaq istəməyib”. Bu sözləri bizimlə söhbətində 31 yaşlı Sima Səmədova dedi. O 6 il əvvəl xəstələnib və 2 il davamlı müalicə alıb. İndi tam sağlamdır və dediyinə görə hər il müayinədən keçir ki, xəstəliyi yenidən baş qaldırsa tez tədbir görülsün. 

 

Vərəmin Azərbaycan payı


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 22 mart 2017-ci il tarixində, rəsmi internet səhifəsində nəşr etdiyi məlumata əsasən vərəm xəstəliyi dünyanın ən təhlükəli infeksiyası sayılır. Hər gün dünyada 5000 insan vərəm xəstəliyindən ölür. Azərbaycan dünyanın ən çox vərəm yükü olan, xüsusən də, ən çox dərmana davamlı vərəm formasının olduqca çox olduğu ölkələr sırasındadır. 2012-ci ildə Azərbaycanda keçirilən Dərmana Davamlı Vərəmlə bağlı araşdırmanın nəticəsi göstərdi ki  vərəmin ağır forması sayılan, müalicəsi üçün uzun zaman (20-24 ay) tələb olunan çoxsaylı dərmanlara davamlı vərəmin (MDR - Vərəm) səviyyəsi yeni xəstələr arasında 13%, təkrar müalicə alan xəstələr arasında isə 27.5% təşkil edir. Bu bizim ölkə üçün olduqca yüksək səviyyə sayılır. ÜST-nin hesablamalarına görə, Azərbaycan dünyanın ən çox MDR vərəm yükü olan 27 ölkəsi sırasındadır.


Stiqma xəstəliyin gizli yayılmasına səbəb olur


Mütəxəssislərin fikrincə, normal qidalanmamaq, havası təmiz olmayan, gün düşməyən evlərdə yaşamaq, qapalı ofislərdə işləmək insanda bu xəstəliyin yaranmasına səbəb olur. Vərəmin insana yoluxması isə hava-damcı yolu ilə baş verir. Vərəmə yoluxanlar başqaları tərəfindən stiqmaya məruz qalır, ətrafdan təcrid edilir. Qəribədir ki, ölkəmizdə vərəmli xəstələr digər xəstələrə - hətta AİDS viruslu xəstələrə nisbətən daha təhlükəli qəbul edilir. Elə bu səbəbdən də vərəm stiqması digər yoluxucu xəstəliklərə  nisbətən daha geniş yayılıb. 

Qeyd edək ki, stiqma hər hansı bir xəstəliyə görə cəmiyyətin sərt qınağı, fərdi xəstəliyinə görə damğalaması deməkdir. Hesablamalara görə müalicə olunmayan bir vərəm xəstəsi 1 ildə 10-15 insanı yoluxdurur. Stiqmanın bu xəstəliyin gizlədilməsindəki rolu olduqca böyüdür, dolayısı ilə vərəmin yayılmasında cəmiyyət özü günahkardır, insanlar vərəmli xəstəyə qarşı inanılmaz dərəcədə aqressiv davranırlar. Bu cür xəstələrlə əl verib görüşmək, söhbətləşmək xəstəliyin yayıla biləcəyi ehtimalını artırdığı üçün cəmiyyət vərəmli xəstə ilə münasibət yaratmaq istəmir. 


Rəsmi prosedur da xəstələri yorur


Vərəmli xəstələr təyinatlı dispanserdə qeydiyyata da düşmək istəmirlər, çünki qanunlara görə qeydiyyata düşən xəstənin iş yerinə bildiriş göndərilir və bu da xəstəyə qarşı stiqmanın iş yerində yayılmasına səbəb olur. Ekspertlər deyir ki, vərəmin tolerant formasına görə Azərbaycanın dünyada lider olmasının bir səbəbi də məhz stiqmadır. Qınaqdan, tənədən, cəmiyyətin ləkəsindən qorxan vərəmli xəstə həkimə getmir, müalicə almır və xəstəlik irəliləyərək daha təhlükəli hal almağa, tolerant vərəmə çevrilməyə başlayır. Qeyd edək ki, tolerant vərəm bu xəstəliyin dərmanlara tabe olmayan növüdür.

Azərbaycan Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan bildirdilər ki, vərəmli xəstələrə qarşı münasibətdə çox böyük stiqma olduğundan ölkəmizdə vərəm xəstələri öz xəstəliklərini aşkarlamağa, müalicə olunmağa qorxur. İnstitut rəsmisinin sözlərinə görə, vərəmə yoluxmuş insanlar daha çox öz xəstəliklərini qapalı saxlamağa üstünlük verirlər. Bu hal cavanlar, xüsusilə də qızlar arasında geniş yayılıb.

 

 

Azərbaycan vərəmlə necə mübarizə aparır?


Ölkəmizdə vərəm xəstəliyi ilə mübarizə məqsədi ilə bir sıra normativ sənədlər hazırlanıb və ÜST tərəfindən tövsiyə edilən strategiyalar qəbul edilib. Bundan əlavə, Nazirlər Kabineti “2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nı təsdiq edib. O cümlədən “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanunda qeyd olunur ki, vərəm xəstəliyinə tutulmuş şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara malikdirlər. Amma təəssüflər olsun ki, onların azadlığını, hüququnu stiqmanı genişləndirən şəxslər əlindən alır. Qeyd etmək vacibdir ki, vərəmli xəstələr dispanserdə qeydiyyata düşdüyü təqdirdə dövlət tərəfindən lazımlı dərman preparatları ilə təmin edilirlər.

Ümumiyyətlə, vərəm də daxil olmaqla bütün yoluxucu xəstəliklərdən qorunmağın ən vacib şərti immun sistemini yüksək saxlamaqdır. Qidalanmada təbii qidalara, bol vitaminli meyvələrə üstünlük verməklə immuniteti qaydasında saxlamaq mümkündür. Bundan əlavə, vərəmli xəstələri sağalacağına inandırmaq, ruhdan düşməsini əngəlləmək və stiqmadan sığortalamaq şərtdir.


Lalə Mehralı


Yazı Sağlamlığa Xidmət İB-in və Vərəm Əleyhinə QHT Koalisiyasının elan etdiyi  “Vərəm haqqında ən yaxşı məqalə”  müsabiqəsinə təqdim olunur.

22.02.2018 12:10 / Baxılıb: 4138 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo