Xocalı şahidləri danışır kitabının təqdimatı olub

Leyla Məhərrəmova / AZADİNFORM. Bu gün Azərbaycan Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ideya müəllifi olduğu "Xocalı şahidləri danışır" kitabının təqdimat mərasimi keçirilib.

Azadinform xəbər verir ki, tədbirə moderatorluq edən Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov deyib ki, Xocalı faciəsi XX əsrin soyqırımıdır. O vurğulayıb ki, faciəyə dünya ictimaiyyəti tərəfindən lazımi qiymət verilməyib. Sonra çıxış edən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov deyib ki, Ermənistan Azərbaycana qarşı 4 dəfə ərazi iddiasında olub. O qeyd edib ki, ermənilər "Böyük Ermənistan" yaratmaq xülyası ilə Azərbaycan torpaqlarına göz dikib: “Onlar zaman-zaman bu plan üzərində işləməyə başladılar. Yüzlərlə terror hadisəsi törətdilər, insanları qətlə yetirdilər".

G. Fərhadov əlavə edib ki, ermənilər Xocalı faciəsinin təsadüfən olduğunu deyir. Lakin bu planlaşdırılmış bir hadisə idi: “Burada məqsəd xocalıların hamısını yer üzündən silmək, məhv etmək idi. Bu vəhşilik tək bizim millətə yox, bəşəriyyətə qarşı yönəlib. Lakin bəşəriyyət susub. Hesab edirəm ki, bu faciə bəşəriyyət üçün utancdır”. G. Fərhadov deyib ki, ermənilərin işğalı nəticəsində 20 min insan şəhid olub, 50 min nəfər yaralanıb. 100 min insan isə müxtəlif bədən xəsarəti alıb. O qeyd edib ki, insanlara mənəvi psixoloji zərər vurulub: “İşğal nəticəsində bizə dəyən iqtisadi zərər öz yerini tutacaq, lakin psixoloji zərər 2 əsr belə aradan qalxmayacaq”.

Qeyd edək ki, daha sonra Milli Məclisin deputatı Bahar Muradova çıxış edib. O bildirib ki, bu gün insan cildində insanlıq əleyhinə qarşı törədilən bu faciə haqqında danışmaq çox çətindir. O vurğulayıb ki, bəlkə də, həmin cinayətkarlar törətdikləri faciədən fəxrlə danışır, lakin zaman gələcək onlar məhkum kimi cavab verəcəklər: “Bu kitabın ərsəyə gəlməsində iştirak edən hər kəsə təşəkkürümü bildirirəm. Şahidlərlə müsahibələrdə iştirak edənlərin nə qədər çətinlik çəkdiyini anlayıram. Bu kitabı oxuyanlar hadisənin heç zaman unudulmamalı olduğunu bir daha dərk edəcək. Hesab edirəm ki, bu kitabların yazılması son dərəcə vacibdir".

B. Muradovanın sözlərinə görə, bu fikirlər gələcəkdə ittiham aktının materialları ola bilər: “Şəhidlərimiz haqq dünyasındadır, şahidlərin dilindən bu fikirləri bir kitabda toplamaqla onları tarixin faktına çeviririk. Elə bir faktlar ki, onu heç kim dəyişə bilməz. Hesab edirəm ki, tarixi məhkəmənin qurulması üçün önəmli faktlar toplusudur. Xocalı faciəsi məqsədli şəkildə baş verdiyi üçün onu heç zaman unuda bilmərik. Bu istiqamətdə ölkə prezidenti, müxtəlif təşkilatlar, Azərbaycan parlamenti, ictimaiyyətimiz vacib işlər həyata keçirir. Bu gün bir sıra təşkilatlarda Xocalı faciəsi ilə bağlı qəbul edilmiş sənədlər ölkəmizin imkanlarını genişləndirir”.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Rəfael Hüseynov qeyd edib ki, əvvəllər informasiya blokadası var idi, buna görə də soyqırımı dünya ictimaiyyətinin diqqətinə çatdırmaq çətin idi: “Lakin hazırda soyqırımı tanıyan dövlətlərin sayı artırsa, deməli informasiya blokadası qırılıb”. 

Qeyd edək ki, tədbir mövzu ətrafında çıxışlarla davam etdirilib.

22.02.2018 12:00 / Baxılıb: 356 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.09.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo