Ermənistan parlament deyil, baş nazir üsul-idarəli dövlətə çevrilir

Hərbi xuntanın şousu siyasi dairələrdə, müxalifət cəbhəsində lağlağı mövzusuna çevrilib

 

Ermənistandakı hərbi xuntanın "parlament üsul-idarə” şousu artıq ölkənin siyasi dairələrində, müxalifət cəbhəsində lağlağı mövzusuna çevrilib. Müxalifət hesab edir ki, Serj Sarkisyan heç bir şəraitdə baş nazir postunu tutmalı deyil. Müxalif "Çıxış” blokundan olan deputat Mane Tandilyan hesab edir ki, baş nazir postunu tutmaqla de-fakto üçüncü müddətə prezidentliyə seçilmiş olur. "Bu da yolverilməzdir. Belə ki, onu yenidən seçilməsi ilə Ermənistan parlament deyil, baş nazir ölkəsinə çevrilmiş olur”, -deyə o bildirib. Əlavə edib ki, hakimiyyət hüququn aliliyinin qorunub saxlanılması ilə bağlı vədini kobud şəkildə pozmuş olur. Onun sözlərinə görə, baş nazirin səlahiyyətlərinin genişləndirilməsi parlament üsul-idarəsinə keçid demək deyil. Xanım-deputat qeyd edib ki, "xalq Serj Sarkisyanın hökumət başçısı vəzifəsinə seçilməməsi üçün öz iradəsini ortaya qoymalıdır. Lakin buna hansı vasitələrlə və yollarla buna nail olacaq – bu, sual açıq qalır”. 

Xatırladaq ki, ötən həftə Ermənistanın Böyük Britaniyadakı keçmiş səfiri Armen Sarkisyan Serj Sarkisyanla görüşdə hakim Respublika Partiyası tərəfindən prezidentliyə namizəd irəli sürülməsini qəbul edib. 

Yeri gəlmişkən, erməni mətbuatı Sarkisyanın Münxen təhlükəsizlik konfransında bəyan etdiyi fikirləri geniş müzakirəyə çıxarıb. Məsələn, "1in.am” saytı yazır ki, Sarkisyan çıxışında iddia edib ki, Ermənistan ictimaiyyəti arasında hökumətin inteqrasiya istiqamətlərinin xarici siyasətlə birləşdirilməsi məsələsində konsensus mövcuddur. Saytda dərc olunan materialda qeyd olunur ki, Sarkisyan bununla açıq şəkildə özünün ölkə daxilində apardığı siyasətin legitimliyini sübut etməyə çalışıb. Əslində isə ölkə daxilində belə bir konsensus mövcud deyil. Cəmiyyət daxilində ikitirəlik, narazılıq günbəgün dərinləşir. Klanlararası mübarizə, korrupsiya pik həddə çatıb. Elə Sarkisyanın "baş nazirlik” şousu da buna yönəlib. Yanvar ayına ölkənin xarici borcu artaraq 7 mlrd. dollara yüksəlib. Onun prezidentliyinin 10 illiyində xarici borc 2 mlrd. dollardan 7 milyarda yüksəlib. Ötən illər ərzində əhalinin borcları artıb, əvəzində rifah halı aşağı düşüb. 

Ermənistanda fiziki şəxslərin pul köçürmələri ölkənin əsas valyuta axını olub. Bu barədə "Nyus.am” saytında məqalə dərc edilib. Belə ki, 2013-cü ildən 2017-ci ilə qədər ermənilər öz ölkələrinə bank sistemi vasitəsilə 9,3 milyard dollar göndəriblər. Bu illər ərzində isə Ermənistanın ümumi ixracatı 8,5 milyard dollar təşkil edib. Beləliklə, pul köçürmələri ölkə ixracını 0,8 milyard dollar üstələyib: "Yerevana ən çox valyuta axını ənənəvi olaraq Rusiyadan gəlib. Buradan pulları daha çox əmək miqrantlarımız göndərirlər. Müstəqillik qazandıqdan sonra belə, vətəndaşlarımız üçün Rusiya vacib ölkə olaraq qalmaqdadır. Son 5 il ərzində bu ölkədən Ermənistana 6,3 milyard dollar pul göndərilib. Bu isə ümumi pul köçürmələrinin 67%-dir”. Sayt Rusiyadan sonrakı yerlərdə ABŞ (9%) və Almaniyanın (2%) yer aldığını bildirib. Ermənistan bankları vasitəsilə xaricə pul axını bu dövr ərzində 4,4 milyard dollar təşkil edib. Burada yenə də əsas istiqamət Rusiya olub. Bu ölkəyə ümumi pul axınının 34%-i göndərilib. Rusiyadan sonrakı yerlərdə ABŞ (664 milyon dollar) və Çin (348 milyon dollar) dayanıb. 

Erməni jurnalist Sərkis Artsruni də "1in.am” saytında dərc olunan məqaləsində Ermənistanda borcları sürətlə artmasından bəhs edib: "Bu ilin yanvarında Ermənistanın xarici borcu 123,5 milyon dollar artıb və 6,898 milyard dollara çatıb. Borcun bu qədər artması Karen Karapetyanın baş nazirliyi dönəmində daha böyük vüsət alıb. Keçən illər ərzində Ermənistan əhalisinin borcu artıb, əvəzində isə rifah səviyyəsi azalıb. Bunu müəyyənləşdirmək üçün bizim yardımımıza Dünya Bankının ekspert hesabatları çatır. 2008-ci ildə Ermənistanda ümumdaxili məhsulun adam başına düşən payı 4010 dollar idisə, 2016-cı ildə bu 3614 dollar olub. Mütəxəssislərin fikrincə, bu iqtisadi artım tempi ilə Ermənistan hətta 2019-cu ildə də 9 il əvvəlki səviyyəyə çata bilməyəcək. Mütəxəssislər hesablayıblar ki, indiki templərlə Ermənistan heç 2019-cu ildə belə, on il bundan əvvəlki templəri geri qaytara bilməyəcək. Bu hədlə davam edərsə, onda eks-prezident Levon Ter-Petrosyanın "Ermənistanı defolt gözləyir” bəyanatı reallaşa bilər. Hakimiyyət hər vəchlə əhalini birinci prezidentin bəyanatına əhəmiyyət verməməyə çağırır və əlavə edir ki, onun sözləri əsassızdır. Erməni mediası yazır ki, Sarkisyan və komandası hakimiyyətdə qaldığı müddətdə hansısa müsbət dəyişikliyi gözləmək əbəsdir. Bunu erməni hüquqşünas Ara Zohrabyan da təsdiqləyir. Onun sözlərinə görə, hətta hüquqşünasların belə, öz hüquqlarını müdafiə etməsi müşkülə çevrilib. Buna sübut kimi o, Ermənistan parlamentinin Məhkəmə Məcəlləsinə dəyişiklik etməsini göstərir. Bununla bağlı təklif olunan qanun layihəsi Yerevanda vahid məhkəmə sisteminin yaradılmasını nəzərdə tutur. Yeni qanun vəkillərin hüquqlarını da məhdudlaşdırır. Belə ki, hakimlər istədikləri vaxt vəkili cərimə edə bilərlər. Qanun layihəsinə qarşı çıxan hüquq müdafiəçiləri artıq tətilə başlayıblar. Bununla bağlı keçirilən toplantıda vəkillər deyiblər: "Biz o şəxslərik ki, insanların hüquqlarını, maraqlarını müdafiə edirik. Əgər biz özümüz də haqsızlığa məruz qalacaq və buna qarşı çıxa bilməyəcəyiksə, o zaman niyə fəaliyyət göstəririk?”  Vəkillər bu məsələ ilə bağlı beynəlxalq hüquq təşkilatlarını məlumatlandırıblar. Hüquqşünas Ara Zohrabyan deyib ki, onsuz da bu ölkədə insanların hüquqlarını müdafiə etmək çətindir: "Qanunun aliliyi çoxdan süquta uğrayıb. Vəkillərin fəaliyyətini məhdudlaşdırmaqla məhkəmə-hüquq sistemini tamamilə çökdürmək istəyirlər”. 


Azər

21.02.2018 14:55 / Baxılıb: 160 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo