Antimilli ünsürlərin qohum-əqrəba dərdi

Müxtəlif bəhanələrlə xaricə sığınanlar indi də ailə üzvlərini yanlarına aparmaq üçün müxtəlif vasitələrə əl atırlar

 

Qərbin demokratiya ixracı adı altında Şərq ölkələrinə hərbi müdaxiləsindən sonra dünya, xüsusən də inkişaf etmiş Avropa ölkələri qaçqın problemləri ilə üzləşdi. Çünki, evləri viran qalmış, vətəni böyük güclərin savaş meydanına çevrilmiş insanlar həyatlarını qorumaq, daha yaxşı gün görmək, sabit bir məkanda yaşamaq üçün kütləvi surətdə Qərbə üz tutdular. Bu isə həmin ölkələrdə böhranla yanaşı, təhlükəli vəziyyət yaratdı. Çünki bir çox hallarda terrorçular da qaçqın adı altında Avropa ölkələrinə keçməyə, orada fəaliyyətlərini davam etdirməyə, silsilə terror aktları törətməyə başladılar. Bundan qorunmaq üçün avropalılar qaçqın kimi özünü təqdim edənlərin keçmişini araşdırmağı, təhlükəsizlik tədbirləri görməyi əsas vəzifə kimi qarşıya qoydular. Belə vəziyyət Avropaya sığınan digər miqrantlardan da yan keçmədi. Siyasi məhbus, müxalifətçi və digər adlar altında öz Vətənini tərk edərək Avropa ölkələrinə sığınanların "ələk-vələk” edilməsi, onların sənədlərinin təkrar yoxlanılması prosesinə start verildi. Bu yoxlanışdan "üzüağ” çıxmayanların öz ölkəsinə deportasiya olunacağı hər kəsə gün kimi aydın oldu. Məhz bu andan etibarən saxta sənədlərlə xarici ölkələrə sığınanların kürkünə birə düşdü.



Təbii ki, bu kürkü birəli miqrantlar arasında azərbaycanlılar da yox deyildi. Doğulub boya-başa çatdığı cəmiyyətdə öz yerini tapa bilməyən, özünü təsdiqləməyi, zəhmətə qatlaşıb alnının təri ilə yaşamağı, halal yolla ruzi qazanmağı bacarmayan və buna görə də Azərbaycanı ən müxtəlif bəhanələrlə tərk edən, xaricdə yaşayan belə şəxslər öz "müxalifətçiliyini”, "siyasi mühacirliyini”, dini, irqi "ayrı-seçkiliyin” "qurbanı” olduğunu ən iyrənc üsullarla bu gün də sübut etməyə cəhdlər göstərirlər. Çünki saxta yollarla, müəyyən ödənişlər müqabilində Milli Şuradan, AXCP-dən, Müsavat Partiyasından aldıqları arayışlar, üzvlük vəsiqələri, icazəli etiraz aksiyalarında çəkdirdikləri fotoşəkillər artıq Avropa üçün ciddi sənəd sayılmır. Belə olan halda onlar məhz özlərini başqa vasitələrlə sübut etmək yolunu, yəni Azərbaycan dövlətini, xalqını, siyasi hakimiyyətini, həmçinin ölkəmizin reallıqlarını dilinə gətirən ziyalıları hədəfə almaqla, onların ünvanına təhqiramiz ifadələr səsləndirməklə "müxalifətçiliklərini” gözə soxmağa çalışırlar.



Son zamanlar Orduxan Teymurxan, Məhəmməd Mirzəli, Emin Milli, Fikrət Hüseynli, Qənimət Zahid, Səid Nuri, Tural Sadıqlı və digərlərinin sosial şəbəkələr üzərindən aktivləşməsinin, Azərbaycan dövlətini, xalqın iradəsini ifadə edən dövlət başçısını, iqtidar mənsublarını, ziyalılarımızı hədəf almasının əsas səbəblərindən biri də məhz budur. Hazırda yaşadıqları ölkələrdən deportasiya edilmək təhlükəsi ilə üzləşəcəklərini indidən duyan bu antimilli ünsürlər "vətənpərvərlik” nümayiş etdirir, özlərini xalq, millət "fədaisi” kimi qələmə verir, aldıqları tərbiyəyə uyğun olaraq küçə söyüşləri ilə fikirlər bildirirlər. Əlbəttə ki, onların bu "fəaliyyətinə” Azərbaycanın uğurlarını həzm etməyən bəlli dairələr, dünyadakı erməni diasporu, həmçinin ermənilər tərəfindən satın alınmış xarici təşkilatlar da ciddi dəstək verirlər.



Bununla yanaşı, antimilli şəbəkə üzvlərinin son dövrlər daha da aktivləşməsində digər məqamlar da rol oynamaqdadır. Belə ki, ölkəmizdə keçiriləcək prezident seçkiləri öncəsi Azərbaycana təzyiq və təsir göstərmək istəyən beynəlxalq güclər maşa rolunu oynayan belə şəxslərdən gen-bol istifadə edirlər. Digər tərəfdən, antimilli ünsürlərin seçkiöncəsi vəziyyətdən yararlanaraq öz tayfa-toluqlarını dartıb yanlarına aparmaq cəhdləri də gün kimi hamıya məlumdur. Onlar guya ki, hakimiyyət orqanları tərəfindən qohum-əqrəbalarına siyasi, fiziki təzyiqlər göstərildiyini, polis təqiblərinə məruz qaldıqlarını ictimailəşdirirlər. Bu yolla antimilli ünsürlər öz ailə üzvlərinə "siyasi mühacir” adı qazandırmaq, ardınca da onları Avropa ölkələrinə aparmaq istəyirlər. Bu həqiqəti artıq bəzi radikal müxalifət üzvləri də dilə gətirir, belə iyrənc metodla mübarizə üsulunu qınayırlar. Misal üçün, AXCP sədri Əli Kərimlinin video qalmaqalı ilə hədəfə aldığı, ölkədən didərgin saldığı Kəmalə Bənənyarlı öz "Facebook” profilində qeyd etdiyimiz məqamla bağlı status yazaraq, baş verənlərə ironik münasibət bildirib: "Vəssalam. Allah Orduxanın ömrünü uzun eləsin. Bundan sonra Almaniyada qohum-əqrəba fəaliyyətləri daha da çox olacaq. Nərimanov Məhkəməsi, Əlidən (yəqin ki, Ə.Kərimlini nəzərdə tutur) bir dənə məhkəmə kağızı, polisdən xəbərdarlıq, yaxud çağırış kağızı, Sabunçu, ya da 7 saylı poliklinikadan döyülmə kağızı, mümkün olsa müxalifətçilərdən dəstək məktubu da olsa yaxşıdır. Sayt və qəzetlərdə ən uzağı 500 manat, 300 məhkəmə + 300 polis + 300 həkim + 300 qəzet + müxalifətin dəstəyi. Toplam 1500 manat. Vəssalam, şüttamam. P.S. Hamı elə bil birdən ayıldı. Ən azı 50 faiz fürsəti əldə rəhbər tutmağın vacibliyini anladı. Burdakı bacı və qardaşlar artıq ölkədən gələn xəbərlərdən ruhlanaraq Orduxana eşq olsun yazırdılar, Orduxanın ailəsindən yazırdılar və Orduxanın rəsmlərini təcili böyütdürürdülər. Və elə bu statusu oxuya-oxuya mənə lənət edirdilər, bir-birlərinə kopyalayıb yollayırdılar”.

Bu statusdan da göründüyü kimi, saxta vətənpərvərlik nümayiş etdirərək Azərbaycan dövlətinə, iqtidarına, ziyalılarımıza, siyasi hakimiyyətə uzaqdan-uzağa od püskürən antimilli ünsürlərin bütün davranışları şəxsi maraqlarına hesablanıb. Belələri özlərinin, qohum-əqrəbasının rahatlıqlarını təmin etmək üçün xalq və millət adından sui-istifadə edirlər. Təbii ki, kiminsə hansısa ölkəyə getməsi, yaşaması onun öz seçim hüququdur və buna kimsə qarışa bilməz. Lakin gedərkən öz Vətəninə xor baxmaq, öz ölkəni aşağılamaq, öz xalqının iradəsini ifadə edənləri, iqtidar mənsublarını, ziyalılarını aşağılamaq heç kimə baş ucalığı gətirmir. Şair də belə yerdə yaxşı deyib ki, "getmək istəyirsən bəhanəsiz get”.


Alpər TURAN

21.02.2018 14:35 / Baxılıb: 822 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo