Zərərin yarısından qayıtmaq da kardır

Prezident seçkilərinə az qalır. Məntiqlə indi bütün siyasi partiyalarda seçkiyə qızğın hazırlıq prosesi getməli idi. Lakin müxalif düşərgənin radikal hissəsində nisbi sakitlikdir. Digər konstruktiv hissəsində isə hazırlıqlar gedir.

Radikal müxalifət liderləri məntiqsiz boykot bəyanatı verməklə, partiyaların funksionerləri və fəalları isə sosial şəbəkələrdə hakimiyyətin ünvanına təhqiramiz yazı və şəkillər paylaşmaqla məşğuldurlar.


Bu yazını hazırlamaq üçün sosial şəbəkələrdə yüngülvari monitorinq apardım. Bir sıra radikal müxalifət səhifələrini və saytlarını izlədim. Qənaətim odur ki, müxalifətin radikal qanadı (siyasi terminologiyada onlar “5-ci kolon” adlandırılır) xalqdan heç bir dəstək ala bilməyəcəyini başa düşüb gücü verib sosial şəbəkələrdə təhqir və böhtan kampaniyası aparmağa...


Paylaşılanları izləyəndə görürsən ki, çoxunun faktoloji əsası yoxdur, statistik rəqəmlər və sair məlumatlar səhvdir, iddia olunan məsələ haqda heç bir ciddi mənbə göstərilməyib. 


Tənbəllik etmədən bu statuslara yazılan şərhləri izlədim. Ən azı hər 10 şərhdən 9-da istifadəçilər statusda yazılanların səhv və ya yalan olduğunu deyir, bunu paylaşanları tənqid edir, əsil faktları yazırlar. Tək-tək dəstək şərhləri var, amma onların da heç bir faktoloji, statistik mahiyyəti yoxdur, boş və mənasız iddialardan ibarətdir.


Çoxu saxta ad familiya ilə üzv olan, öz fotosu əvəzinə hansısa şərti şəkil qoyan bu virtual qəhrəmanların daha bir mübarizə metodu isə, dövlət rəhbərlərinin və onu dəstəkləyən xalqın çox kobud surətdə karikatura və kollajlarını düzəldib yaymaqdır ki, bunlara da reaksiya verənlərin ən azı 90 faizi müəllifi sərt şəkildə tənqid edir, belə rəzil metodların sivil mübarizəyə heç bir aidiyyatı olmadığını yazırlar. 


Bu “qəhrəmanlar”ın “əsər”lərindən ən çox yararlanan isə, təbii ki, ermənilərdir. O ermənilər ki, həmişə bunları dəstəkləyir, həvəsləndirir və qızışdırırlar. Bu aldadılmış yeniyetmələr isə qəhrəmanlıq etdiklərini düşünərək özlərini siyasi meydanda ciddi iş görən adam kimi qəbul edirlər. Prosesdən faydalanan isə yalnız ermənilərdir.


Ən biabırçı hallardan biri də sosial-iqtisadi məsələlərlə bağlı yazılan məlumatların tamam yanlış olmasıdır. Maraq üçün 2 gün ərzində bir neçə səhifədə qeyd olunan statuslara mədəni şəkildə əks arqumentlərimi yazdım və deyilənlərlə razılaşmadığımı göstərdim. Monitorinqin 2-ci günü 5 səhifədən eyni zamanda mənə blok qoyuldu. Buradan hasil olan qənaət budur ki, əvvəla özlərini demokratiya, söz azadlığı, plüralizm tərəfdarı kimi qələmə verib, guya bunların davasını döydüyünü deyənlərin ən yüngül əks fikrə belə dözümləri yox imiş və fikirlərini əsaslandırmaqdansa, yeganə çıxış yolu kimi həqiqəti yazan şəxsləri blok etməyi görürlər. 


İkincisi, belə məlum olur ki, bütün bu səhifələri idarə edən demək olar ki, eyni adam(lar)dır. Əks halda, fərqli günlərdə, fərqli səhifələrdə, fərqli mövzulara yazılmış əks arqumentlərin müəllifini eyni vaxtda blok etməzdilər. Yəni, şərhlər müxtəlif günlərdə və saatlarda fərqli səhifələrdə yazılmışdı, bloklama əməliyyatı da eyni vaxtda baş verdi. Demək bu səhifələri idarə edən 1 ya 2 nəfərdir. Özü də yazdığından hiss olunur ki, çox gəncdir, siyasi təcrübəsi aşağı, savad və məlumat bazası son dərəcə zəifdir.


Ümumiyyətlə, radikal müxalifətin sosial şəbəkədə apardığı bu kampaniyanın ən yüngül monitorinqi onu dəqiq surətdə göstərdi ki, bu ağılda adamların nəinki hakimiyyətdə, heç müxalifətdə belə yerləri yoxdur. Sadəcə bunlar ölkə daxilində qarşıdurma yaradıb bundan dövlətimizə təzyiq elementi kimi istifadə etməyə çalışan qərb dairələrindən müəyyən qədər vəsait alan və almağa ümid edən şəxslərdir ki, onları həqiqət maraqlandırmır. Əlbəttə, qaraya qara deməklə razılaşa bilərik, amma ağa da qara demək artıq psixi xəstəlik simptomudur.


Bu gənclər bir neçə müxalifət “lideri”nin zibilinə düşüb aldanıblar və aldandıqlarının da heç fərqində deyillər. “Liderlər”i öz kefindədir, arada qiymətli vaxtlarını və enerjilərini boşboğazlığa sərf edənlər isə ümid edirlər ki, o “liderlər” xaricdən aldıqlarının necə deyərlər, “qəndindən-quyruğundan” bunlara da verəcəklər. Halbuki, o vaxtı və enerjini düzgün yerə sərf etsəydilər, yaxşı təhsil ala, kiçik də olsa iş qura, həyatda özlərinə layiqli yer tuta bilərdilər. 

Hələ də gec deyil, zərərin yarısından qayıtmaq da kardır.


Elçin Bayramlı

21.02.2018 10:24 / Baxılıb: 683 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo