Vergilər naziri Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

AZADİNFORM. Vergilər naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə Azadinform-a Nazirliyin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Görüşdə Dünya Bankının Azərbaycanın vergi islahatları prosesinə dəstəyi və bu sahədə texniki yardımın göstərilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Qeyd edilib ki, Bankın texniki dəstək göstərə biləcəyi sahələrin müəyyənləşdirilməsi məqsədilə Vergilər Nazirliyi ilə müzakirələr və dəyərləndirilmələr aparılıb. Belə sahələr sırasında vergi güzəştləri və azadolmaların monitorinqinə dəstək, onların səmərəliliyinin qiymətləndirilməsi, transfer qiymətləri və BEPS (vergitutma bazasının azaldılması və mənfəətin başqa ərazilərə köçürülməsi ilə mübarizə üzrə tədbirlər planı) tədbirlərinin icrası sahəsində Vergilər Nazirliyinin əməkdaşlarının bacarıqlarının artırılması və potensialının gücləndirilməsi, habelə vergi siyasətinin təhlilinə dəstəyin göstərilməsi kimi istiqamətlərə xüsusi diqqət yetiriləcəyi vurğulanıb.

Dünya Bankı tərəfindən Vergilər Nazirliyinin hazırladığı və hökumətin iqtisadi islahatlarla bağlı Strateji Yol Xəritəsinin dəstəklənməsi məqsədi daşıyan Fəaliyyət Planının ətraflı təhlil edildiyi və qarşıdakı 2 il ərzində əməkdaşlıq sahələrinin müəyyən edildiyi də diqqətə çatdırılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

20.02.2018 20:11 / Baxılıb: 203 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo