VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Prezidentə müraciət edib Fotolar

Samir Soltanov/AZADİNFORM. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayaraq unudulmaz təəssüratlarını ifadə ediblər. 

Azadinform xəbər verir ki, müraciətdə deyilir:  “Zati-aliləri, cənab Prezident!

Biz, Azərbaycanda keçirilən VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin dünyanın 17 ölkəsindən olan iştirakçıları 12-18 fevral 2018-ci il tarixlərində bir araya gəldik. 
Sizin sərəncamlarınız əsasında Azərbaycanda 2016-cı il “Multikulturalizm ili” və 2017-ci ilin “İslam həmrəyliyi ili” olaraq  və eləcə də mədəniyyətlərarası dialoqun əsas platforması olan Bakı Prosesinin 10 illiyinin bəyan edilməsi aydın şəkildə göstərir ki, Azərbaycan Respublikası multikultural və tolerant dövlətdir.  
Qış məktəbi ərzində iştirak etdiyiniz tədbirlər, görüşdüyümüz adamlar və səfər etdiyimiz müxtəlif yerlər bütün millətlərin və dini etiqadların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqları bir ölkə kimi Azərbaycan haqqında nəzəri biliklərimizi dərinləşdirdi və möhkəmləndirdi. 
Biz, Azərbaycandan və 16 ölkədən olan nümayəndələr, Azərbaycanın Gənc Dostları Klubunun üzvləri olaraq multikulturalizmin Azərbaycan modeli, bu ölkədəki tolerantlıq mühiti və bu istiqamətdə aparılan dövlət siyasəti haqqında öz fikirlərimizi və təəssüratlarımızı paylaşmaq məqsədilə bu məktəbə gəldik. 
Dünyada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 7 filialı fəaliyyət göstərir. Bu yaxında daha bir filial da ABŞ-da açıldı. 
Hörmətli cənab Prezident! 
Sizə bildirmək istərdik ki, Azərbaycan, o cümlədən onun multikultural dəyərləri, zəngin tarixi və mədəniyyəti haqqında doğru məlumatları dünyaya yaymaqla bağlı fəaliyyətimizi davam etdirmək həvəsi və qətiyyəti ilə Azərbaycanı tərk edirik.

Fürsətdən istifadə edərək Sizə ən dərin ehtiramlarımızı bildiririk”.  
Xatırladaq ki, VI Beynəlxalq Multikulturalizm Qış Məktəbində 17 ölkənin - Azərbaycan, Avstriya, Əfqanıstan, Bolqarıstan, Estoniya, Moldova, Gürcüstan, Almaniya, İndoneziya, Yaponiya, Monteneqro, Norveç, Polşa, Portuqaliya, Rusiya, Böyük Britaniya və Ukraynanın aparıcı universitetlərindən 30-a yaxın tələbə iştirak edib. 
Artıq ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.

20.02.2018 17:48 / Baxılıb: 173 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
11.12.2018
10.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo