Şəmkirdə Cümhuriyyət tarixi ilə bağlı mühazirə keçirilib

Adəm Abbaslı/AZADİNFORM. Prezident yanında Bilik Fondu və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkir Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, millət vəkili Aydın Mirzəzadənin rayon ictimaiyyəti ilə görüşü olub.

Fonddan Azadinform-a verilən məlumata görə, Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq keçirilən tədbirdən öncə qonaqlar Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla görüşüb, rayonda həyata keçirilən quruculuq işləri, davamlı islahatlarla bağlı fikir mübadiləsi aparıblar.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə iştirakçılara öncə Tahir Tahiroviçin rejissorluğu və İntiqam Qasımzadənin ssenarisi əsasında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" studiyasında çəkilmiş "Parisdən məktublar" sənədli filmi nümayiş etdirilib.

Mərasimi giriş sözü ilə açan Mərkəzin direktoru və Bilik Evinin müdiri, millət vəkili Sona Əliyeva deputat həmkarını Şəmkirdə salamlamaqdan məmnun olduğunu bildirib, Bilik Fondunun dəstəyi ilə Bilik Evinin təşkil etdiyi müxtəlif məzmunlu maarifləndirici layihələrdən, onların yerli əhali üçün əhəmiyyətindən söz açıb.

S.Əliyeva ölkə başçısının imzaladığı fərman və sərəncamlardan irəli gələn məsələlərlə bağlı bu il planlaşdırılan tədbirlərin mahiyyətini diqqətə çatdırıb.

Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu təmsil etdiyi qurumun "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində elm-təhsil müəssisələrində, dövlət və özəl qurumlarda təşkil etdiyi və planlaşdırdığı mühazirə və görüşlər, film nümayişləri və kitab təqdimatları, elmi və mədəni-kütləvi tədbirlər barədə ətraflı məlumat verib.

C.Musaoğlu 2018-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi regional və beynəlxalq səviyyəli mötəbər tədbirlərin adlarını sadalayaraq, ölkəmizin dünyada etibarlı imic qazandığını diqqətə çatdırıb, dövlətin bu səviyyəyə yüksəlməsində daxili sabitliyin, iqtisadi inkişafın, əhalinin maddi və mənəvi rifahının hər ötən gün daha da yaxşılaşmasının rolu olduğunu bildirib.

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev hakim partiyanın xalqdan yekdilliklə dəstək alaraq, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə demokratik hüquqi prinsiplərə və milli-mənəvi dəyərlərə söykənərək, Azərbaycan Xalq Cümhuriyyətinin mənəvi varisliyi prizmasından ölkənin ikinci dəfə müstəqilliyinə nail olduğunu xatırladıb.

Sonra siyasi elmlər üzrə fəlsəfə doktoru, millət vəkili A.Mirzəzadə "Cümhuriyyət tariximiz və müasirlik" mövzusunda mühazirə ilə çıxış edib. Millət vəkili Azərbaycan xalqının zəngin dövlətçilik tarixindən söz açıb: "Genetik yaddaş hər nəslin azərbaycançılığı qoruyub saxlamağa və yeni dəyərlərlə genişləndirməyə imkan verir. 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının müstəqillik potensialının göstəricisi idi. Tarixi səbəblərdən süquta uğrayan respublika 1991-ci ildə yenidən tarix səhnəsinə qayıtdı, 1993-cü ildən isə əvvəl Ulu Öndər Heydər Əliyevin, sonra isə Prezident İlham Əliyevin möhtəşəm fəaliyyəti ilə müstəqilliyimiz əbədi oldu".

Sonda millət vəkili A.Mirzəzadə tədbir iştirakçılarının çoxsaylı suallarını ətraflı cavablandırıb.

20.02.2018 17:20 / Baxılıb: 143 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo