Diplomatik fəaliyyəti başa çatan səfir nazirin qəbulunda olub

Adəm Abbaslı/AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov Misirin Azərbaycandakı səfiri Suzan Gəmil Nouhu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, görüşdə tarixi və ənənəvi dostluq əlaqələrinə malik Azərbaycan və Misir arasında əməkdaşlığın hərtərəfli inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Suzan Gəmil Nouh diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycan və Misir arasında mövcud olan dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğulayıb.

Tərəflər Hökumətlərarası Birgə Komissiyanın tezliklə iclasının keçiriləcəyini müsbət addım kimi qeyd edərək Komissiyanın fəaliyyətinin iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcəyinə ümidvarlıqlarını ifadə ediblər.

Misirin Qoşulmama Hərəkatının təsisçi dövlətlərindən biri olduğu qeyd olunaraq, 5-6 aprel tarixlərində ölkəmizdə keçiriləcək Qoşulmama Hərəkatının nazirlər konfransı və 2019-2022-ci illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi barəsində fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov səfir Suzan Gəmil Nouha gələcək fəaliyyətində uğurlar arzu edib.

20.02.2018 15:40 / Baxılıb: 160 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo