Novruz müjdəçisi Yalançı çərşənbədir - Bu gün

Adəm Abbaslı/AZADİNFORM. Novruz bayramının təmtərağı bir və ya bir neçə günlə məhdudlaşmır. Doğruçu çərşənbə hesab olunan 4 çərşənbədən əvvəl ölkəmizin bir sıra regionlarında Yalançı çərşənbə də qeyd olunur. Bu il yalançı çərşənbə fevralın 20-nə, yəni bu günə təsadüf edir.

Qədimdə böyük səbirsizliklə yazın gəlişini gözləyən insanlar 40 gün davam edən böyük çilləni yola saldıqdan sonra Novruza qədər olan 1 ay 20 günü, yəni həftənin hər çərşənbəsini müəyyən mərasimlərlə qeyd ediblər. Həmin çərşənbələrin ilk üçünə "Oğru üsgü", ikinci üçünə "Doğru üsgü", sonuncusuna isə "İlaxır çərşənbə" deyilib.

Azadinform xəbər verir ki, inanclara görə, yalançı çərşənbə doğruçu çərşənbənin gəlişinə zəmin hazırlayır, onun gələcəyinə xəbərdaredici siqnal verir. Bu, həm də elə bir zaman aralığıdır ki, artıq donuq qış fəslinin təbiətə qədəm basmasından da təxminən qırx günlük (ondan bir az artıq) müddət ötür. Xalqımız isə "yaman günün ömrü az olar" deyib. Məhz bu yaman gün - təxminən qırx gün artıq geridə qalmışdır.

Yalançı çərşənbə alatoran vaxtı, gün batar-batmaz vədəsində ayrı-ayrı həyətlərdə odu-ocağı gur olmayan tonqalların yandırılması ilə müşayiət olunur. Bu zaman adamlar səssiz-küysüz bir şəkildə öz qapılarında azacıq saman, küləş yandırırlar. Bundan başqa, dörd ilaxır çərşənbələrdə (doğruçu çərşənbələrdə) olduğu kimi, evlərdə xüsusi olaraq biş-düş hazırlanmır, yəni ayrıca bayram qazanı asılmaz, bayram yeməyi də bişirilməz. Bu da bir daha Yalançı çərşənbənin aldadıcı alovu kimi evdə, məişətdə də xüsusi bir əks-səda vermədiyini - bununla da Yalançı çərşənbənin adına uyğun tərzdə yalançı bir görüntü olduğunu göstərir. Bundan əlavə, Yalançı çərşənbədə doğruçu çərşənbələrdə olduğu kimi səhər yerindən durub su üstünə gedilməz, digər bu kimi ayinlər də icra edilməz. Bütün bu və bu kimi fərqlər bir daha Yalançı çərşənbə mərasiminin adından ifadə olunan mənanı özündə daşıdığını göstərir.

20.02.2018 11:05 / Baxılıb: 1144 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo