Azərbaycanla Tacikistan arasında müzakirələr aparıb

AZADİNFORM. Fevralın 13-də Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfiri Həsən Məmmədzadə ilə Tacikistan Respublikasının nəqliyyat naziri Xudoyorzadə Xudoyor arasında görüş keçirilib.

Səfirlikdən Azadinform-a verilən məlumata görə, görüşdə əsasən Azərbaycan ərazisindən keçməklə Tacikistan üçün yükdaşımaların dəmir yolu ilə daşınması tarifləri, eləcə də Bakı və Düşənbə arasında birbaşa aviarabitənin bərpası məsələlərini və nəqliyyat sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Aviarabitə sahəsində əməkdaşlıq kontekstində Bakının tranzit şəhəri qismində istifadə olunma imkanları nəzərdən keçirilib.

Görüş zamanı 2017-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Qars dəmiryolun  Tacikistanın gələcəkdə faydalanmasının perspektivlərinə toxunulub. Bu layihənin gerçəkləşməsi nəticəsində yaranacaq Asiya-Qafqaz-Avropa nəqliyyat dəhlizinin əhəmiyyəti vurğulanıb. Danışıqlarda Azərbaycanla Tacikistan arasında imzalanan 40-dan çox sənədin ölkələrimiz arasında əsaslı hüquqi baza yaratdığı qeyd edilib. Söhbətdə ölkələrimiz arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün birbaşa hava reysinin bərpasının vacibliyi bir daha bildirilib.

Fevralın 14-də Tacikistan İnvestisiya və Dövlət Əmlakının İdarə Olunması  Məsələləri üzrə Dövlət Komitəsinin sədri Xamralizoda Farrux ilə ölkəmizin Tacikistandakı səfiri Həsən Məmmədzadə arasında görüş keçirilib. X.Farrux komitənin fəaliyyət sahələri, əməkdaşlıq əlaqələri, Tacikistanda həyata keçirilən yerli və regional layihələr barədə  məlumat verib. Komitə sədri Tacikistanda xarici investisiya üçün əlverişli şərait yaradıldığını, qanunvericilik bazasının formalaşdırıldığını (İnvestisiya haqqında və Beynəlxalq müqavilələr haqqında qanunlar, Vergi və Gömrük məcəllələri və s.) və işçi qüvvəsinin mövcud olduğunu qeyd edib.

Səfir H.Məmmədzadə "ASAN Xidmət" haqqında qarşı tərəfə ətraflı məlumat verərək,  “ASAN Xidmət”in son illərdə Azərbaycanın brendi kimi dünyada tanıdıldığını və Azərbaycanda özünü doğrultmuş olduğunu bildirib. Səfir bu il Tacikistanda "Turizm və əl işləri sənəti ili" elan olunmasını nəzərə alaraq “ASAN-ABAD” layihəsi barədə qarşı tərəfə məlumat verib  və bu sahədə Azərbaycan tərəfinin Tacikistana yardım göstərməyə hazır olduğunu bildirib. Qeyd olunmalıdır ki, Tacikistan tərəfi “ASAN Xidmət” sahəsinə maraq göstərir və gələcəkdə analoji qurumun yaradılması ilə məhz Tacikistanın İnvestisiya və Dövlət Əmlakının İdarə Olunması Məsələləri üzrə Dövlət Komitəsinin məşğul olunduğu guman edilir.

14.02.2018 21:46 / Baxılıb: 145 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo