O, mən bəxtəvərəm

Bəzi söhbətlər adamı böyüdür. Dərs alırsan kəlmələrdən, örnək götürürsən. Bu da qələminin qədrini bilən jurnalistin xoşbəxtliyidir. İxtisasına görə tanıdıqların söhbətdə şaxələnir, qadın olur, sevgili olur, ana olur, çünki… ya da əksinə. Sənəti desən, o bu söhbətə vəsilə olandı.

Müsahibim Azərbaycan jurnalistikasında öz sözünü deyənlərdəndi, Zərifə xanım Bəşirqızı. Yenicə ad gününü qeyd edib və ürəyini bizə boşaldıb. Mən bir müsahibə boyu xeyli yol aldım, sizə nə çatacaq, buyurun, özünüz qərar verin:


- Zərifə Bəşiqızının günü xeyir olsun. Kimdir Zərifə xanım? Ömrü haradan başlayıb harada davam edir? 


- Hər vaxtın xeyir olsun. Adi, ziyalı bir Azərbaycan xanımı. Sinəsi Vətənin bütövlüyü və azadlığı üçün döyünən bir vətəndaş. Dörd övladını içinin odu, yanğısı və sevgisi ilə süsləyib, insan kimi yetişdirən ANA və nəhayət ailə başçısı. Üstəgəl, peşəsinin vurğunu - sözün başına ip salıb belədən - belə, elədən-elə sürütləyən, sözü sözlə oynadıb, sözlə dilləndirən və dinləndirən, çörəyi sözdən çıxan, amma ona çörək ağacı kimi baxmayan bir jurnalist. Bir də üstəgəl, yanımcıl insan-dərdlərinə sarılıb qovrulan anda belə, darda olana ilk köməyə tələsən, qarşısındakının kədərini fikir yox, ürək süzgəcindən keçirən qonşu-qohum-tanış-həmkar. Tərifdən xoşum gəlmir, amma deyəsən özümü mədhə keçdim. 

Ömrüm Tovuzdan başlayır... Hamı kimi biz də qayğısız uşaq olmuşuq. Həyatımın çox hissəsi üstündən xətt çəkməyin mümkün olmadığı sosializm deyilən quruluşa düşüb. Orta məktəbi əla qiymətlərlə oxumuşam. Elə universitetin jurnalistika fakültəsində də bir-iki semestri çıxmaqla əlaçı təqaüdü almışam. Ədəbi məfkurəmizin formalaşmasında misilsiz töhfələr verən “Yazıçı” Nəşriyyatının ilk işçiləri 1977-ci ildə jurnalist ixtisası ilə təyinat alıb gələn biz olmuşuq, gözləmişik. 1978-ci il, martın 6-da işə başlamışıq. İş həyatım kiçik redaktor, redaktor və böyük redaktorluqdan keçib. Əsl ziyalı mühiti... Klassiklər,... müasirlər,... gənclər. Ömrünü bədii yaradıcılığa həsr edən hər kəslə orda görüşmüş, fikir mübadiləsi aparmış, nəşr üçün təqdim edilən əlyazmalarla bağlı müzakirələr aparmış, gələcək kitabların taleyinə imza atmışıq. 1996-cı ilin may ayına qədər. Məlum hadisələr... Taleyimdən keçən qara xətt... “Yazıçı”nın süqutu və qəzet işi... Keçdiyim ömür yolunda “Yazıçı”dakı kimi xoşbəxt, qayğısız, eyni zamanda ağrılı-acılı, bədbəxt hiss etdiyim, intihara qalxdığım anlarım olmayıb. Qəzet mənim ömür yolumun davamıdır. Harada sonlanacaq - deyəmmərəm... 1978-ci ildən ədəbi mühitin içində, 1996-cı ilin mayından “Xalq qəzeti”ndəyəm. 


-  Yazmaq sizə nə hiss etdirir? Heç özünüzü yazdığınız olubmu? 


- Yazanlar bilir ki, hər yazıya başlamaq çətin olduğu kimi bitirmək də asan olmur. Nə hiss etdiyin isə yazdığın mövzudan asılıdır. Yazılarımda yaşayıb, əməliyyat stolunda uzandığım da olub, əlimə skalper alıb əməliyyat da etmişəm, “sap” deyib əzələ qatını da tikmişəm, yazıçı ürəyi ilə məhəbbət ovuna da çıxmışam, əzizimi də dəfn etmişəm, dəfn olunan da olmuşam, şəhid də, qələbəsindən ürəyi dağa dönən idmançı da, heysiyyəti tapdanmış gəlin də... Mən əvvəlki iş yerimdə ancaq şair, nasir, publisistlərlə görüşürdümsə, redaksiyada iş başqadır. Bura hər zümrədən insan dərdinə çarə aramağa gəlir. Şikayət, məktublar, ictimai rəy və sosial həyat şöbəsi bu funksiyalara cavab verən bir şöbədir. Hər simada insanla üzləşirsən: biri oğlundan, biri qaynatadan, o biri qonşudan, digəri zəmanədən şikayət edir. Bunları dinləmək insanın ömrünü bitirir - ya deyilənləri qulaqardına vurmalısan, ya da qovrulub dinləməlisən. Şükür Allaha, o illər arxada qalıb. İndi şikayət edən də yoxdur, məktublar da azalıb... Özümü yazmamışam. Amma başqasının dərdini özümünküləşdirib yazmışam. Özümü yaza bilmərəm. Son nöqtə mənim də həyatımın sonu olar. Nə zaman ehtiyac duyaramsa, onda mən dururam, klaviatura durur (gülür).


- Azərbaycan mətbuatı. Böyük kişilərin əmanəti zərif xanımlara ağırlıq eləmir ki?


- Böyük kişilərin əmanəti elə etibarlı əllərdədir. Bir-iki jurnalist adına, tutumuna, olğunluğuna naxələf olanları çıxmaq şərtilə demək istəyərdim ki, mətbuat güclüdür, sözü kəsərlidir, müdaxiləsi təsirlidir. Hörmət edilən, sayılan, tanınan yüzlərlə jurnalist saymaq olar. Burda kiminsə adını çəkmək istəmirəm, digərlərinə toxunar, insan xislətidir. Amma, ümumilikdə götürəndə jurnalist müdaxiləsi ilə nə qədər neqativ hallara son qoyulub, nə qədər insanın problemi məmur süründürməçiliyindən xilas olub. Bilirsən, qızım, bir var işini sevirsən, məqsədin, amalın insan rifahının gözəlləşməsinə yönəlib, bir də var, nəyinsə, kiminsə xatirinə tanınmaq istəyirsən. O bədbəxt anlamır ki, pis adla tanınmaqdansa, sakit başını aşağı salıb işiylə məşğul olsa yaxşıdır. Xəbis, dar düşünüb özünün iddiası ilə yerə - göyə sığmayanlardan fərqli olaraq, peşəsini sevən, qəpiyini də halallıqla qazanan jurnalistlərə böyük anlamda o əmanət ağırlıq eləmir, əksinə böyük və müdrik kişilərin möhtəşəm əmanətini daşımaqdan qürur duyurlar. Bir də ki, qadınlar evdə xanımdır. Bütün məişət ağırlığını fiziki və mənəvi anlamda özləri daşıyır. Eyni zamanda, jurnalist xanımlar - məslək daşıyıcıları həmcinsləri ilə bərabər, bəzən onlardan da ötə ağırlığa çiyin verirlər.


- Sizdə bir ağrı var, bu günə qədər ifadə eləmədiyiniz. Nədir o ağrı? 


- Bir ağrı dedin. Bir deyil, gözəlim, içim ağrıdan ibarətdir. Harada bir ağrıyan görsən, məni tanıt-təpədən dırnağa ağrı ilə yaşayıb nəfəs alan, onu yumaq halında bir tərəfdə istidən-soyuqdan qorumağa məhkum olan məni! Bir beyti xatırladım: 


Gecənin gecə dərdi, gündüz günü yaşayır, 

o hansı bəxtəvərdir, öz ömrünü yaşayır...


O, mən bəxtəvərəm. Ağrını səs çıxarmaqla, qışqırmaqla ifadə edərlər. Fiziki və mənəvi ağrılarım mənim çıxara biləcəyim səsimi alıb. O ağrılar məni dörd dəfə əməliyyat masasına çıxarıb. Gecələr sübhə qədər sulayıb ərsəyə gətirmişəm onu, qoruya-qoruya. Onun gözlə görünməsi mümkün olmadığından, sözlə ifadəsi də mümkünsüzdür. 


- Bu həyatda ən çox kimi sevdiniz?


- Kimi sevmədim ki… Valideynlərimi, bacı qardaşlarımı, onların övladlarını, övladlarımı, həyatımı təzələyən nəvələrimi... Hər kəsdən çox Allahımı sevdim. Mənə ən böyük bəndə sevgisini də, ən ağır dərdə dözümü də yaşatdığına görə. Çoxumuz bilmirik, ya da etiraf etmirik ki, bəndəyə olan sevgi elə Allahın onun simasındakı təcəllasıdır. Sevginin azı-çoxu olmur. Deyiləni, deyilməyəni olur. Mən ifadə edilməyən sevgini yaşamışam, bu gün də yaşayıram, sabah da yaşayacam. O sevgi mənimlə dəfn olunacaq və həmin gün Rəbbimin bir bəndəsinə verdiyi, az qala İlahi eşqlə müqayisə oluna bilən bir sevgi bitəcək. Sevgi, sevdiyinlə addımlamaq, onunla hər saniyə danışmaq, bir nəfəsi bölərək almaqdı, sevdiyinlə bütövləşməkdir, tən olmaqdır, arasından işıq selinin keçə biləcəyini düşünmək belə mənasızdır. Sevgi başqa şeydir... O deyilmir, duyulur, yaşanır. Yanında yoxdur, amma səninlədir, əl çatan deyil, əlin ovcundadır, ün yetən deyil, səsi səni ovudur. Yanındadır, çünki ürəyindədir...


- Söz. Hər şeyi demək üçün yetərlidirmi? 


- SÖZ nə deyil ki? O, böyük təsir gücünə malikdir. Arzularımızı, istəklərimizi, xəyallarımızı möhtəşəm SÖZlə ifadə edirik. SÖZün quluyuq, illərdir SÖZə xidmət edirik, SÖZdən çörək yeyirik, SÖZlə üz qızardırıq, utandırırıq, sevindiririk, göylərə qaldırırıq. Buna baxmayaraq SÖZ hər şeyə yetərli deyil. İçinin ağrısını SÖZlə ifadə et. SÖZ hisslərin ifadə vasitəsidir, o da hər zaman yox - mən dopdolu içdən danışıram. Sevginin dərəcəsini SÖZlə ifadə edə bilərsənmi? Mümkünsüzdü, qızım...


- Ailə nədir?! 


- Ailə... Yaralı yerimdi, qızım. Ailə QALAdır - möhtəşəm qala – qorunacaq ən vacib qala. O qala ki, onun bir divarı hansı müxənnətin əliylə cızılsa, onu bərpa eləmək mümkün olmaz. O qalanı seldən qorumalısan, kiçik corabı belə bulanıq sulara qarışıb axmasın, yağışdan daldalamalısan ki, nəm çəkib laxlamasın, bəd gözdən qorumalısan ki, kiməsə zərər toxunmasın. Ailə çox mühüm ocaqdır. Közündən bir damla kənara düşdümü, səni yandıracaq. Ailə bütövlüyü, namusu, qeyrəti heç nə ilə dəyişilməz, əvəz olunmaz. Mən o barədə, ailə prinsiplərində, xüsusilə qızlara münasibətdə bir az “köhnə fikirli”yəm. Namus-əxlaq məsələsinə Avropasayağı yanaşmıram. Ailə bütöv olmayanda bunları qorumaq ölümdü, zülümdü. Mən qrup yoldaşımı sevdim. El adəti ilə ailə qurduq. İki qızımız olanda Ələkbəri “Azərbaycan gəncləri” qəzetindən MK-ya işə dəvət etdilər. Oradan Ali Komsomol Məktəbinə. İndiki gənclər bunu o qədər bilməz. Köhnə nəsil bilir ki, bu nə deməkdir, hansı yüksəlişdir. Sonra Saatlı rayon komsomol komitəsinə birinci katib. 5 il orada yaşadıq. Bir qızımız, bir oğlumuz da dünyaya gəldi. 5 il sonra onu MK-yə işə gətirdilər. Heç bir gün də işə getmədi. Şəhidlər dəfn olunan gün 33 yaşlı Ələkbərimin 40 mərasimini verdik. Sözün bitdiyi yerdə qaldım. Böyüyü 9, kiçiyi 2 yaşlı 4 uşaq! Bakıda tək… Maddi cəhətdən qardaş bacılarım, anam dayaq dursa da beynimdə intihar vardı, özü də acığa - “Sən ki, məni qoyub getdin...” İnana bilmirdim. Elə bilirsən indi inanıram? Bir problemim olan kimi, yuxularıma gəlir, əvvəlki kimi “Nə fikir edirsən? Qorxma” - deyib məni ürəkləndirir. Biz bir yerdəyik, qızım, anlamaq zor olsa da. Mən o günləri içimdə tez-tez yaşayıram. O barədə danışammıram... Bax o dediyin SÖZ bunları ifadə eləməkdə sıfırdır. Allah kimsəyə mən çəkdiklərimi yaşatmasın. Bütün psixologiyam pozulmuş, dəli kimi olmuşdum, həkimlər, təcili yardımlar... Qonşular sonralar deyirdilər ki, həyətdə “skoru” dayananda bilirdik ki, sənə gəlib. Genetik cəhətdən sağlam olan mən bütün sağlamlığımı itirdim. Əməliyyatlar... gözü alacalanan uşaqlar... bu mənim taleyimdi...

- Ən sevgili…


- Ən sevgili Allahdır deyərdim... Yaş ötdükcə dəyişir. Ondan sönra övladlardır, ötəsi nəvələrdir. Allah sənə övlad sevgisi daddırsın. Afrində şəhid düşən balamız “Aşkı vatan üçün canını sevenlerden öyrendik” deyir e. Necə düz deyir. Biz də canımızı övladımız üçün sevirik. Onların yanında olmaq üçün. Həyata tutunmaq üçün. 


- Əmək fəaliyyətinizdə unuda bilmədiyiniz hansısa xatirə…


- Xatirələr çox olub, qızım. Hansı birini deyim? Bir vaxtlar “Adın şərəflidir” adlı rubrikam vardı. Dahi insanların qadın övladları, həyat yoldaşları, incəsənət xadimlərindən müsahibələr verirdim. Maral Rəhmanzadə, Əzizə Cəfərzadə, Xavər Vəkilova, Şəfiqə Axundova, kimlər, kimlər... Bir dəfə Şəkidən bir məktub gəldi. İçində belə bir cümlə vardı: “Dərdinizi hopdurduğunuz yazı məni ağlatdı”. Müəllif kişi idi. B.Vahabzadənin Ev Muzeyində çalışırdı. Əməkdar artist Rəhilə Həsənova vardı. Sazı sinəsinə basıb, “Gecələr”i elə yanıqlı oxuyurdu ki... Onunla müsahibənin sonunda təxmini belə bir yer vardı. “Nəsə demək istədim, səsimi tanımadım, boğunuq səslə “Sizin səsiniz yerindəmi?” soruşa bildim”. Bu cümlə o ədəbiyyat adamını necə tutmuşdusa...


- Zərifə xanım, bizim dildən nə istəyirlər? Hər gün bir qanun, hər gün bir qərarla dəyişdirilməyə çalışan, ruscaya yenilən Azəbaycan dili öz möhtəşəmliyini harada itirdi? 


- Qoy belə deyim: dərd istəyirlər. Dillə məşgul olan selfi sözünü bilmirsə, ona nə deyəsən? Biçarə gündədi, dilimiz. Zaman-zaman klassiklərimiz ana dilimizi pis günə qoyanları tənqid ediblər. Amma indi? Biri durub demir ki, bu dilin başına niyə ip salmısınız? Deyənlər də, sənsən, mənəm, səlahiyyət sahibi olmayanlardır. Avropalaşmaq iddiasında olanların əməlləridir, başımızda çatlayır. Yeni sözlər yaradıb, dilimizin incəliyini, lətafətini, zərifliyini məhv edirlər. Mən inanıram ki, bu məsələyə obyektiv əncam çəkiləcək. Orfoqrafiya lüğətinə baxırsan, dəhşətdir. Bilmirsən, korrektor səhvidir, yoxsa redaktor, tərtibçi, rəyçi...? Kitab tarixdir. Orada neçə adamın yaradıcı əməyi olur. Ona başdansovdu yanaşmaq olmaz, bu, az qala cinayətdir.


- Qarabağ dərddimi? Qisasmı?! 


- Qarabağ dərd deyil ağrıdı, acıdı... Qisasdır, intiqamdır... Savaşa haraydır... Mübarizəyə çağırışdı!


- Yazmadığınız nə qalıb? 


- Yazmadığımmı? Özüm. Uşaqlar da deyir, ana, sənin həyatın bir kitabdır. Yaz. Sözün düzü, deyəsən içimdəkiləri kağıza qısqanıram. Nə bilim. Bəlkə də fikrimi dəyişərəm nə vaxtsa, deyə bilmərəm. 


- Yeni yaş… Qocalmaqdımı, ucalmaqmı? 


- Şərəfli qocalıq başqa şeydi. O ucalıqdı. Sən də qocalasan, qızım. Hər yeni yaş əvvəlkinin hesabatıdır deyərdim, sabaha yeni baxışdı, yeni planlardı, arzulardı... Həyata sımsıx bağlanmaqdı, Allaha yaxınlıqdı... Savab işlər görməyə fürsətdir ki, Rəbbim onu bəxş edir, ona imkan yaradır.


- Nəyi soruşmadım? 


- Uşaqlarımı! Mən əzazil ana oldum. İçimdə sevgi, çöldə sərt baxışlarla böyütdüm, onları. Qızlarım böyüyəndən sonra deyirdilər, biz atasız yox, anasız böyüdük: qadağalar, “olmaz”larla yaşa dolduq. Peşman deyiləm. Tərbiyəmin nəticəsindən məmnunam. Üç qız böyüdüb, yuva eləyən ananın yeri cənnətdir, deyirlər. Bu mənada mənim imtiyazım var. Qızlarım da təhsil aldı, oğlum da. Dördünə də layiqincə toy elədim. Azdan-çoxdan, hərəsinin işi var - mən şükran bəndəyəm. Onlara verə bildiyimi verdim, gerisini Allah versin. Qızların hərəsinin bir oğlu, bir qızı var. Oğlumun hələlik bir qızı var. İnan, onlar məni həyata başqa yöndən baxmağa istiqamətləndirirlər. Üç nəvəm məktəblidir, ikisi bağçaya gedir. Kiçiyimiz 5 aylıqdır. Hərəsi ilə başqa adam oluram. Amma ki... içimdəki içimdədir. Yeri gəlmişkən, bu günə qədər bir kimsənin qapısını döyüb, xahiş-minnət etməmişəm. O mənada hamının yanında alnım açıq, üzüm ağdır.


Söhbətləşdi:

Nigar İsfəndiyar

14.02.2018 15:40 / Baxılıb: 976 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo