Vaxtdır cənablar, getmək vaxtıdır... - ANALİZ

Müxalifətin heç bir seçkidə ortaya güc qoya bilməməsinin səbəbləri hamıya aydındır. Belə hallarda onların köməyinə son çarə olaraq boykot taktikası gəlir. Hansı ki, bu “taktikadan” son 25 ildə çox istifadə etsələr də heç bir nəticə əldə olunmayıb. Buna baxmayaraq, radikal müxalifətin liderləri “çevir tatı, vur tatı” taktikasından əl çəkə bilmirlər.

Həmin bu “liderlər”in siyasi keçmişi xalqa, dövlətə, bir-birilərinə xəyanətlərlə doludur. Bunlar 90-cı illərdə çox oyunlardan çıxdılar, ölkəni xarabaya döndərdilər, xaos, anarxiya mühiti yaratdılar. Nəticə də məlumdur - müharibəni uduzduq, bir çox güclü dövlətlərlə münasibətlərimiz korlandı, iqtisadi və sosial fəlakət baş verdi.  

Yalnız ümummilli lider Heydər Əliyev xalqın dəstəyi ilə hakimiyyətə gələndən sonra vəziyyət düzəlməyə başladı. Xalq onları boykot etdi. Partiyaların sıraları seyrəldi, liderlərin nüfuzu azaldı. Lakin hələ də bəzi aldanmışlar bunların yanında qalmaqda davam edirdi. Getdikcə onlar da gördü ki, bunların dərdi-səri xalq, Vətən deyil, Qərbdəki ağaların planlarına xidmət etmək və əvəzində fayda götürməkdir. Ona görə də, adamlar tədricən müxalifət partiyalarını və ictimai təşkilatları tərk etməyə başladı. 

Müxalifət axırıncı dayaqlarını da 2003-cü il seçkilərində itirdi. Xalq növbəti dəfə Heydər Əliyev siyasətini dəstəklədi və onun siyasi kursunun varisi İlham Əliyevə səs verdi. Bundan sonra müxalifət xalq arasında olan qalan nüfuzunu da birdəfəlik itirildi və siyasi meydanda ciddi bir qüvvə qalmadı.

Bundan sonra radikal müxalifət başqa taktikaya keçdi, aşkar zəif olduğunu və heç minimum səs də yığa bilməyəcəyini görüb bir çox hallarda seçkilərdə iştirakdan imtina etməyə başladı. Bununla gözləyirdilər ki, xarici dövlətlər bunlara dəstəyi artıracaq, beynəlxalq təşkilatlar ölkəmizə təzyiq edəcək. Lakin bunun boş xəyal olduğunu az keçməmiş anladılar.

Hətta blok şəklində belə minimum səs yığa bilməyən bir qüvvəni necə ciddi müxalifət saymaq olar? Ümumi qələbə naminə belə bu adamlar sözü bir yerə qoya bilmədilər, başçı kim olacaq məsələsini həll edə bilmədilər. Çünki yalnız marginal maraqlarını güdən adamlar müxalifət düşərgədə rəhbərlik monopoliyası yaradıblar. 

Başqa vaxt deyirlər ki, bəs hakimiyyətə gəlmənin demokratik yolu seçkilərdir, absurddur - bəs onda  seçkilərdə niyə iştirak etmirlər? Bəli, boykot “mən zəifəm, ona görə də cığallıq edirəm” deməkdir. Faktdır ki, müxalifətin güc yığa bilməməsində əsas səbəb xarici dairələr, hətta ermənipərəst mərkəzlərlə əməkdaşlıqlarının ifşa olması, ancaq şəxsi maraqlarını güdmələri, heç bir aydın siyasi və sosial-iqtisadi proqramlarının olmaması kimi səbəblərdən konkret olaraq xalqın inamını tam itirmələri ilə bağlıdır.

Hakimiyyəti itirdiklərindən bəri ölkədə keçirilən bütün seçkilərdə məğlubiyyətə uğrayan müxalifət liderləri artıq nəinki prezident, hətta deputat seçilmək üçün belə yetərincə potensiallarının qalmadığını başa düşüblər. Olsa-olsa bu adamlar bələdiyyə seçkilərində bir neçə yer əldə edə bilərlər ki, buna da güclərinin zorla yetəcəyi vəziyyət yaranıb.  Boykot qərarının yeganə səbəbi budur.

Dəfələrlə bildirmişik ki, müxalifət uğursuzluğunun kökünü başqa yerdə axtarmasın, son vaxtlar dəb halını almış "xalq günahkardır", "mübarizəyə hazır deyil" kimi cəfəng fikirlərlə baş qatmasın. Radikal müxalifətin uğursuzluğunun əsas günahı siyasi arenanı tərk etmək istəməyən ənənəvi müxalifət liderlərinin özündədir. 

Neçə ildir ki, ayrı-ayrı siyasətçilər, ictimai xadimlər, ziyalılar bu fikri səsləndirir, işi-gücü qrant silmək və xarici dairələrin tapşırığını yerinə yetirmək olan müxalifət liderlərindən can qurtarmağın zəruriliyini bildirirdilər. Amma bu veteran partiya sədrlərinin əlindəki mətbuat bu cür çıxışları beşiyindəcə boğur, həmin fikir sahibini "satqın" çıxarırdılar. 

İndi bu liderlər seçkidə xalqdan dəstək ala bilməyəcəklərini və uduzacaqlarını bildiklərindən müxtəlif bəhanələrlə seçkidən yayınırlar. Halbuki, istənilən seçkidə cəmiyyətin bütün siyasi qütblərinin namizədləri iştirak etməlidir ki, xalq öz rəyini seçkidə dəqiq göstərsin. Ona görə də, radikal müxalifətdə yeniləşmə getməlidir, əvvəla normal müxalifətçiliyi öyrənməli, daha sonra gənclərə yol açmalıdırlar. Siyasi həyata yeni qüvvələr gəlməlidir. 90-cı illərin təfəkkürü ilə yaşayan liderlərin müxalifəti nə hala gətirdiyi məlumdur.

Amma hələ hər şey itirilməyib. Əsl həqiqəti söyləyib, real vəziyyəti anladıb, özünəvurğun “liderləri” ayıltmaq, onları kənara itələyib meydana çıxmaq heç də gec deyil. Bu partiyalardakı gənclər özünə süngü ilə yol açmağa məcburdur. 

Əks halda, hələ də orada qalmış azsaylı üzvlər də aralanacaq və bu siyasi partiyalar yalnız sədrlərindən ibarət olacaq. Onda boykot nağılı ilə heç kimi aldadıb öz mənafeləri üçün işlətmək mümkün olmayacaq. Hələ ki, beş on gənc var ki, onlardan sosial şəbəkələrdə hakimiyyəti və xalqı söydürmək, təhqir etdirmək üçün istifadə edirlər. Lakin artıq bu oyun da nəticə vermir. 

Vaxtdır cənablar, getmək vaxtıdır...


Elçin Bayramlı

14.02.2018 13:20 / Baxılıb: 425 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo