VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Şamaxıya gəlib Fotolar

Samir Soltanov/AZADİNFORM. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə  bir gün əvvəl Bakıda start götürən “Sivilizasiyalararası dialoq: yeni çağırışlar” adlı VI Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsi bu gün Şamaxıda işini davam etdirib. 

Azadinform xəbər verir ki, VI Beynəlxalq Multikulturalizm  Qış Məktəbində Azərbaycan, Avstriya, Əfqanıstan, Bolqarıstan, Estoniya, Gürcüstan, Almaniya, İndoneziya, Yaponiya, Monteneqro, Norveç, Polşa, Portuqaliya, Rusiya, Böyük Britaniya, Ukrayna kimi ölkələrin aparıcı universitetlərindən 30 nəfərə qədər tələbə iştirak edir. 

Şamaxı şəhərindəki Şirvan otelinin konfrans zalında tələbələr qarşısında Azərbaycan Dillər Universiteti Azərbaycan multikulturalizmi elmi tədqiqat laboratoriyasının müdiri İrina Kuninanın  “Azərbaycanda etnik müxtəliflik“ və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Sərxanbəy Xuduyevin “Azərbaycan multikulturalizmi  fənninin xarici ölkələrdə tədrisi”   mövzularında mühazirələri dinlənilib.  
İrina Kunina mühazirəsində eyniadlı videosüjetin müşayiəti ilə tələbələrə Azərbaycanın multikultural durumu, etnik mənzərəsi haqqında məlumat verərək deyib: “Azərbaycan polietnik dövlətdir. Xalq titul etnosdan – Azərbaycan türklərindən və avtoxton milli azlıqlardan – udinlərdən, ingiloylardan, qrızlardan, xınalıqlardan, buduqlardan, tatlardan, talışlardan, ləzgilərdən və başqa azsaylı xalqlardan təşkil  olunub. Bu xalqlar Azərbaycan türkləri ilə birlikdə vahid polietnik Azərbaycan xalqını təşkil edir. Bu xalqlardan başqa ölkəmizdə ruslar, ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar da yaşayırlar. Bu milli azlıqların hər birinin muvafiq olaraq tarixi vətəni var və Azərbaycan ərazisində yaşayan alloxton milli azlıqlara aid edilirlər. Təkcə Bakıda iyirmidən yuxarı müxtəlif mədəni icma fəaliyyət göstərir. Bunların sırasında -  rusların, ukraynalıların, kürdlərin, ləzgilərin, slavyanların, tatların, tatarların, gürcülərin, ingiloyların, talışların, avarların, Axıska türklərinin, Avropa və dağ yəhudilərinin, gürcü yəhudilərinin, alman və yunanların cəmiyyətləri vardır. Ümumiyyətlə, etnik azlıqların kompakt şəkildə yaşadıqları bütün rayonlarda belə icmalar mövcuddur”. 
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Sərxanbəy Xuduyev isə mühazirəsində BBMM Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və dərs proqramının müəllifi olduğu “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkədaxili universitetlərdə tədrisi layihəsinin əhəmiyyətindən söz açıb və bu layihə vasitəsilə beynəlxalq ictimaiyyətin ölkəmizin multietnik və çoxkonfessiyalı durumu haqqında bilgi əldə etmək imkanı olduğunu vurğulayıb. S.Xuduyev deyib:“Bu fənn hazırda ölkəmizin 38, dünyanın 18 nüfuzlu universitetində tədris edilir. Fənnin tədrisində məqsəd Azərbaycanı dünyaya başqa rakursdan təqdim etmək, xalqımızın tolerantlıq ənənələrini, multikultural dəyərlərini beynəlxalq ictimaiyyətə tanıtmaqdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Prezident İlham Əliyevin Azərbaycan multikulturalizmini dünyada tanıtmaq istiqamətində müəyyənləşdirdiyi hədəflərin gerçəkləşməsinə öz layiqli töhfələrini verir. Bu layihə çərçivəsində Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu xarici ölkə universitetlərinin sayı ildən-ilə artmaqda davam edir”.

Mühazirələrdən sonra tələbələrin sualları cavablandırılıb. Xarici ölkələrdən olan tələbələr əsasən almanların, yəhudilərin, xınalıqlıların,  malakanların Azərbaycanda məskunlaşmaları ilə bağlı suallar verirdilər.

13.02.2018 19:00 / Baxılıb: 234 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.10.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo