Məqsəd qeyri-neft sektoruna əsaslanan dayanıqlı inkişafımızı təmin etməkdir

Samir Soltanov/AZADİNFORM. “Peşə hazırlığı Azərbaycanda təhsilin mühüm istiqamətlərindən biridir. Ümumilikdə təhsil sistemi ölkədə ən mühüm prioritetlərdən birinə çevrilib”. 

Azadinform xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib. 
Azərbaycanda savadlılıq səviyyəsinin demək olar ki, 100 faiz olduğunu deyən dövlət başçısı bunun ölkənin inkişafı üçün bir təməl olduğunu bildirdi. Qeyd etdi ki, ölkəmizdə iqtisadi, sənaye və digər sahələrdə böyük nailiyyətlərin əldə edildiyi bir dövrdə peşə hazırlığı heç vaxt olmadığı qədər önəm kəsb edir. Bu baxımdan Azərbaycan peşə hazırlığı sahəsində əməkdaşlığın həyata keçirilməsini dəstəkləyir və bununla bağlı müvafiq qurumlar arasında əlaqələndirmənin həyata keçirilməsi vacibdir. Bu baxımdan Azərbaycanın bir sıra ölkələrlə beynəlxalq əməkdaşlıq həyata keçirdiyini deyən Prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə etdi. Ölkədə iqtisadi, o cümlədən enerji, infrastruktur, xidmət, turizm sahələrinin və digər sahələrin inkişafının ixtisaslı kadrların yetişdirilməsini və texniki heyətin hazırlanmasını zəruri etdiyini bildirdi. 
Azərbaycanın xarici ölkələrdən, o cümlədən Almaniyadan kənd təsərrüfatı texnikası aldığını deyən Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz bu texnikanın Azərbaycanda yığılmasında da maraqlıdır. Lakin bütün bunlar bazar tələbinin parametrləri nəzərə alınmaqla həyata keçirilməlidir. Ölkəmizin böyük həcmdə kənd təsərrüfatı texnikası ilə təmin edilməsinin son illərdə aqrar sahədə nailiyyətlərin qazanılmasına imkan verdiyini deyən dövlət başçısı kənd təsərrüfatı istehsalının ötən il 4 faiz artdığını, bu il də bu sahənin yeni texnika ilə təmin ediləcəyinin planlaşdırıldığını bildirdi. Qeyd etdi ki, bu baxımdan texniki xidmət və peşə hazırlığı mühüm rol oynayır və texniki xidmət sahəsində Almaniya ilə əməkdaşlıq bu işlərə öz köməyini göstərə bilər. 
Prezident İlham Əliyev ölkəmizin bu islahatları bundan sonra da davam etdirilməsinə möhkəm sadiqliyini ifadə etdi. Bildirdi ki, iqtisadi sahədə, o cümlədən institusional, struktur, fiskal və digər sahələrdə aparılan islahatlar artıq uğurlu nəticələr verib və bu islahatlar davam etdiriləcək. “Qarşımızda duran əsas məqsəd qeyri-neft sektoruna əsaslanan dayanıqlı inkişafımızı təmin etməkdən ibarətdir”, - deyən Prezident İlham Əliyev bildirdi ki, bu baxımdan Azərbaycan şəffaflıq və hesabatlılıq prinsiplərinə nail olmaq niyyətindədir və biz buna nail olacağıq. Biz Azərbaycanda investisiya mühitinə böyük diqqət yetiririk. Son 15 ildə ölkəmizə 230 milyard dollardan artıq sərmayənin cəlb olunduğunu deyən dövlətimizin başçısı qeyd etdi ki, bu sərmayənin ən böyük hissəsinin neft sektoruna qoyulmasına baxmayaraq, - bu da təbiidir, - eyni zamanda, qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılması bizə iqtisadiyyatımızın şaxələndirilməsinə və regional inkişafa nail olmağa imkan verib. 
Bundan sonra uzun müddət davam edəcək enerji layihələrinin ölkəmizə əlavə gəlir gətirəcəyini deyən dövlətimizin başçısı Azərbaycanda makroiqtisadi vəziyyətin çox müsbət olduğunu bildirdi, xarici valyuta ehtiyatlarının ümumi daxili məhsulun həcminə bərabər olduğunu, xarici borcumuzun çox aşağı səviyyədə - təxminən 20 faiz həcmində olduğunu bildirdi. İnflyasiyanın bu ilin ilk ayında 5,5 faiz təşkil etdiyini deyən Prezident İlham Əliyev əhalinin gəlirlərinin isə 11 faizdən çox artdığını bildirdi. Bütün bunlar inkişaf üçün fundamental əsas yaradır. İnfrastruktur və kənd təsərrüfatı sahələrinə qoyulan investisiyaların artıq öz nəticələrini verdiyini deyən dövlətimizin başçısı bu baxımdan bilik, texnologiya, yaxşı idarəetməyə və insan kapitalına əsaslanan çox güclü iqtisadiyyat yaratmaq məqsədilə islahatların bundan sonra da davam etdiriləcəyini bildirdi. Prezident İlham Əliyev dedi ki, neft-qaz sektoru bizə yalnız daha çox vəsait toplamaq və Neft Fondunun gəlirlərini artırmaq imkanı verəcək.

13.02.2018 18:42 / Baxılıb: 155 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo