Dövlət başçısı: Azərbaycanın enerji layihələri təkcə Şahdəniz-2 ilə məhdudlaşmır

Samir Soltanov/AZADİNFORM. “Azərbaycanın regionun nəqliyyat mərkəzinə çevrilib. Ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu ilə artıq yüklərin Asiyadan Avropaya və əks istiqamətdə daşınır”. 

Azadinform xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib. Azərbaycanın əlverişli coğrafi mövqeyinin, ölkəmizdə təhlükəsizliyin təmin olunmasının, insanlarımızın qonaqpərvərliyinin, ölkəmizdə hökm sürən dostluq və multikulturalizm mühitinin, yüksək standartlara cavab verən mehmanxanaların və istirahət mərkəzlərinin, müasir aeroportların Azərbaycanın gələcəkdə regionda önəmini daha da artırmaq üçün yaxşı imkanlar yaratdığını deyən dövlət başçısı bu il yenidən metro tikintisi sahəsində layihələrin həyata keçiriləcəyini bildirdi. Azərbaycanın neft-qaz sektorunun böyük perspektivlərə malik olduğunu və onun gələcək onilliklər üçün kifayət etdiyini deyən Prezident İlham Əliyev bu sahədə də xarici şirkətlərin fəaliyyəti üçün geniş imkanların olduğunu diqqətə çatdırdı. 
Dövlət başçısı ölkəmizdə turizmin inkişafının diqqət mərkəzində olduğunu deyərək bu sahənin təkcə Bakıda deyil, regionlarda da inkişaf etdiyini vurğuladı. Bildirdi ki, 2016-cı ildə Azərbaycana gələn turistlərin sayında 24 faiz, 2017-ci ildə 20 faiz və bu ilin yanvarında isə artıq 17 faiz artım olub. Bu baxımdan Azərbaycanın vaxtilə almanların məskunlaşdığı bölgəsi də alman turistlər üçün maraqlı marşrut ola bilər və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanlar var.
Prezident İlham Əliyev “Uniper Global Commodities” şirkətinin ölkəmizdəki fəaliyyətindən məmnunluğunu ifadə edərək bu şirkətin gələcəkdə də uğurlu əməkdaşlıq həyata keçirəcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycanda enerji sektorunun uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu sahədə ölkəmizin qlobal layihələr həyata keçirdiyini, bu baxımdan “Cənub Qaz Dəhlizi” layihəsinin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan bu layihənin təşəbbüskarı, həmçinin lideridir və bu yaxınlarda Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü olacaq. “Azərbaycanın enerji layihələri təkcə “Şahdəniz-2” ilə məhdudlaşmır”, - deyən Prezident İlham Əliyev yeni yataqlar üzrə dünyanın bir sıra aparıcı şirkətləri ilə danışıqların aktiv fazaya daxil olduğunu diqqətə çatdırdı. Bununla da Azərbaycanda neft və təbii qaz hasilatının sabit qalacağını və gələcəkdə daha da artacağını vurğuladı. “Azəri-Çıraq-Günəşli” yataqlarının istismarını nəzərdə tutan müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılmasının əhəmiyyətinə toxunan dövlətimizin başçısı bildirdi ki, bu, bundan sonra ən azı 30 il müddətində Azərbaycanın dünyanın aparıcı şirkətləri ilə bu nəhəng yataqların birgə işlənilməsini həyata keçirəcəyini göstərir. Bütün bunlar isə əhalinin rifah halının yaxşılaşdırılmasına, ölkə iqtisadiyyatının güclənməsinə və tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir. “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa Komissiyası tərəfindən güclü şəkildə dəstəklənməsinin önəmini qeyd edən Prezident İlham Əliyev “Uniper Global Commodities” şirkətinə ölkəmizdəki gələcək fəaliyyətində uğurlar arzuladı.

13.02.2018 18:33 / Baxılıb: 162 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
21.04.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo