Səbaildə ötən ilin yekunları müzakirə olunub

Adəm Abbaslı/AZADİNFORM. Səbail rayonunda 2017-ci ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulub və 2018-ci il üçün qarşıda duran vəzifələr müzakirə olunub.

Səbail RİH-dən Azadinform-a verilən məlumata görə, hesabat yığıncağında çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov ötən il Prezident İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş nailiyyətlər barədə məlumat verib, il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışıb. Qeyd olunub ki, Azərbaycan iqtisadiyyatı ötən ildə öz inkişaf tempini qoruyub saxlayıb və bu inkişafın təməlində əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən yeni tarixi şəraitə uyğun olaraq  müvəffəqiyyətlə davam və inkişaf etdirilən uzaqgörən iqtisadi siyasət və ölkə başçısının apardığı islahatlar dayanır.

Ölkəmizin regionlarında, paytaxtın qəsəbə və kəndlərində həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri Səbail rayonunun simasında da aydın nəzərə çarpır. Rayon bu gün respublikanın ümumi inkişafına öz layiqli töhfəsini verir. Reallaşan irimiqyaslı layihələr Səbailin sosial-iqtisadi inkişafına müsbət təsir göstərməklə, əhalinin yaşayış səviyyəsinin yüksəlməsini təmin edir və bu işlər sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır. 

Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev 2017-ci il ərzində Səbail rayonunda görülən işlər barədə məlumat verib.

Qeyd olunub ki, 2017-ci ildə rayonun iri sənaye müəssisələri tərəfindən 24 milyard 421,87 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 % çox məhsul istehsal edilib, iri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 450,4 milyon manat və ya 5,5 faiz çox olub. Hesabat ilində rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin dəyəri 133,7 milyon manat, bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 7 milyard 823,8 milyon manat, tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 5.528,0 milyon manat olub. 2017-ci ildə Səbail rayonunda çalışan işçilərin sayı 114003 nəfər, orta aylıq əmək haqqının məbləği 1481,8 manat olub ki, bu da əvvəlki illə müqayisədə 8.0% çoxdur. Ötən il ərzində Səbail rayonda 4571-i daimi olmaqla 5502 yeni iş yeri açılıb, ümumilikdə isə 2003-cü ilin 01 oktyabr tarixindən 01.01.2018-ci il tarixinə kimi 58107 yeni iş yerləri açılıb ki, bunun da 53708-i daimi iş yerləridir.

Sentyabrın 11-də Prezident İlham Əliyev Badamdar qəsəbəsindəki 239 nömrəli tam orta məktəbin və 20-ci yaşayış sahəsindəki 162 nömrəli tam orta məktəbin binalarında aparılan təmir-yenidənqurma işlərindən  sonra yaradılan şəraitlə, həmçinin oktyabrın 28-də 20-ci yaşayış sahəsində Səbail RİH tərəfindən istifadəyə verilmiş yeni idman və istirahət parkında yaradılan şəraitlə tanış olub.  

Ötən il Badamdar qəsəbəsində Bakı Media Mərkəzinin İnzibati binası istifadəyə verilib, Bakı Şəhər Endokrinoloji dispanserin əsaslı təmiri başa çatıb. Badamdar qəsəbəsində 2 ədəd 10 min kub metrlik yeni su anbarlarının tikintisi başa çatıb, 20-ci sahədə ümumi tutumu 5 min kub metr olan 3 su anbarı istifadəyə verilib.

İl ərzində Xaqani, Üzeyir Hacıbəyov, Puşkin küçələrində yerləşən yaşayış binalarının fasadlarının üzlənməsi aparılıb, hazırda Bülbül prospekti, Üz.Hacıbəyov, Əhməd Cavad küçələrində bir sıra binaların fasadları, səkilər təmir olunur. 

Bu gün rayon ərazisində "Xəzər Waterfront" ticarət-əyləncə mərkəzinin, yeni «İnterkontinental» və «Dinamo» mehmanxanalarının, Səbail rayon Prokurorluğunun və DTX Səbail rayon İdarəsi üçün yeni inzibati binaların tikintisi, İncəsənət muzeyinin əsas binasının və Bülbül adına orta ixtisas musiqi məktəbinin  əsaslı təmiri davam edir. RİH tərəfindən Badamdar yolunun müasir standartlara uyğun yenidən qurulması işləri davam etdirilir, kəskin qəzalı vəziyyətdə olan I Buxta döngəsi 39 ünvanındakı yaşayış binasında yaşayan 13 ailənin dövlət vəsaiti hesabına kompensasiya ödənilməsi yolu ilə köçürülməsi təmin olunub.

RİH tərəfindən Bayıldakı 157 saylı uşaq bağçasının müasir standartlara tam cavab verən layihə sənədləri əsasında əsaslı təmir-yenidənqurulması işləri aparılıb, bağça binasının tam qəzalı olması səbəbindən bina sökülərək yeni bina tikilmişdir. Hazırda binanın daxilində tamamlama və dizayn işləri başa çatıb.

Rayonda mənzil tikintisi məsələlərinə diqqət artırılıb, tikinti məsələləri ilə məşğul olan sahibkarlar tərəfindən 14 müasir layihə işlənib təsdiq olunub. Badamdar qəsəbəsi, Tofiq Məmmədov və Bayıldakı Neftçi Qurban, Xanlar, Fuad Əbdülrəhmanov, Aqil Əliyev, Rastropoviçlər küçələrində çoxmənzilli yaşayış binalarının tikintisinə başlanıb.  

RİH tərəfindən Abbasqulu Abbaszadə küçəsində yerləşən həyətin əsaslı təmir olunması və burada növbəti “Abad məhəllə”nin yaradılması ilə bağlı İDEA təşkilatı ilə birgə yeni layihə hazırlanmış və burada işlər həyata keçirilməyə başlanılıb.  

Yaradılmış “Ekoloji park”da işlər davam edir, burada əkilən 200 mindən çox ağaca gündəlik qulluq göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. 

Zalda quraşdırılmış mikrofona yaxınlaşan rayon sakinləri müxtəlif istək və  təklifləri -  qəsəbədaxili yolların asfaltlaşdırılması və işıqlandırılması, ərazinin sanitar təmizliyi, bələdiyyə və kommunal xidmətlərin işindəki çatışmamazlıqlar, qanunsuz tikintilərin qarşısının alınması, Bayıl yamacındakı torpaq sürüşməsi hadisəsinin fəsadlarının aradan qaldırılması və sakinlərin problemlərinin həlli, 20-ci sahədə su və kanalizasiya şəbəkəsinin yenidən qurulması, köhnə binaların əsaslı təmir işlərində sahibkarların fəal olması və tikintidə yeni iş yerlərinin açılması, məktəblərdə hərbi-vətənpərvərlik işlərinə diqqətin daha da artırılması, dövlət qulluqçularının vətəndaşlarların müraciətlərinə həssas yanaşmaları ilə bağlı müraciətlər dinlənilib, sakinləri narahat edən suallar cavablandırılıb, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. 

Yığıncaqdakı çıxış və müraciətlərdə ölkə başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənib və rayon İcra Hakimiyyətinin ötən ildəki fəaliyyəti “qənaətbəxş” qiymətləndirib. 

Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı İlham Əliyevə müraciət qəbul olunub. 

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Tağı Tağıyev çıxış edib.

13.02.2018 16:11 / Baxılıb: 193 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
20.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo