Elit Taksi - *6969 müştəriləri necə aldadır ? - Şikayət

AZADİNFORM. Son günlər paytaxtımızda fəaliyyət göstərən taksi xidmətlərinin sayı sürətlə çoxalmağa başlasa da, keyfiyyətdə də problemlər elə o sürətlə artmaqda davam edir. Bir az pulu, bir az da vicdanı olmayanlar müxtəlif yollarla lisenziya əldə edərək və yaxud da vergi qeydiyyatında duraraq taksi xidməti şirkəti təsis edirlər.

Nəticədə də problemlər artır, insanlar yollarda qalır, təyyarəyə, qatara gecikir və s. Bu şirkətlərin bir çoxunu araşdıranda onların böyük əksəriyyətinin balansında bir-iki maşını ola, ya da olmaya… Çoxları şəxsi avtomobil sürücülərini bu işə cəlb edərək vətəndaşla-sürücülər arasında makler rolunu oynayırlar. Yəni vətəndaş bu şirkətlərin qoyduğu telefon nömrəsinə zəng edərək taksi sifariş verir, şirkət də onlarla əməkdaşlıq edən sürücüləri sifariş olunan yerə göndərir. Sürücünün kefi istəsə şirkətin sifariş qəbul etdiyi yerə gedə də bilər, getməyə də…  Can onun, maşın onun. 


Niyə mətbuat bu mövzuya vaxtaşırı toxunur? Çünki problemlər bitmir. Növbəti belə problem isə “Elit Taksi” adlanan (*6969) taksi xidməti ilə bir müştəri arasında yaşanıb. Belə ki, vətəndaş fevralın 10-da saat 20.50-də *6969-a zəng edərək fevralın 11-i saat 05.30-a - 20-ci sahədən, Jurnalistlərin binasından - 20 yanvara, DobroMed klinikasının yanına getmək üçün taksi sifariş verir. Dərhal 055 300 69 69 telefon nömrəsindən müştəriyə zəng vurulur və sifariş olunan yerə deyildiyi vaxtda taksi göndəriləcəyi bildirilir. Fevralın 11-də müştəri 05.20-dən taksi gözləməyə başlayır. Saat olur 05.40 və taksi hələ də yoxdur. Saat 05.42-də müştəri “Elit Taksi” şirkətini təkrar yığır və cavab verirlər ki, ərazidə maşın yoxdur, 20 dəqiqə də gözləməli olacaqsınız. Saat olur 06.00 və taksidən xəbər yoxdur… Müştəri də onu Azərbaycan-Rusiya sərhədinə aparacaq başqa bir taksini qaçırmış olur.    


Baxın, adını “elit” qoyan bu taksi xidməti bizə görün hansı səviyyədə xidmət göstərir. Bizlər belə hallar təkrarlandıqca sosial platformalar və mediada “Elit Taksi” kimi şirkətlərin iç üzünü açsaq, onlar da bu sektordan rədd olub gedər, yerlərini daha layiqliləri tutarlar.   

 

Mövzu ilə bağlı Azadinform-un suallarını cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov qeyd edib ki, taksi kimi xidmət göstərən şirkətlərin sayı gündən-günə artır: “Məndə olan məlumata görə, bu kimi şirkətlərin sayı artıq 70-i keçir. Baxmayaraq ki, kifayət qədər çox sayda şirkət fəaliyyət göstərir, amma onların təşkil etdikləri xidmətlər elə də ürəkaçan deyil. Sadəcə olaraq onların arasında rəqabət gediş haqqı ilə bağlı olur. Bir-biri ilə rəqabətə girərək gah qiymətləri aşağı endirirlər, gah cürbəcür bonus kampaniyaları təşkil edirlər, yaxud istehlakçılara digər bu kimi vədlər verirlər. Lakin göstərilən xidmətin keyfiyyəti çox aşağı səviyyədə qalır. Bəzən sifariş verirsən, operator bildirir ki, sifarişiniz qeydə alındı və taksi  5-10 dəqiqəyə həmin ünvana çatır. Üstündən 10-15 dəqiqə ötür və həmin taksidən çatıb-çatmamağı ilə bağlı məlumat alırsan. Məlumat gəlir ki, bu taksi hazırda həmin ünvana çata bilmir, bəlkə sifarişi dəyişək və ya bu kimi digər uzatmalar. Belə hallara tez-tez rast gəlirik”.

Ekspert bildirib ki, bu cür xidmət göstərən şirkətin əməkdaşları həm də hər hansı bir formada yol hərəkəti qaydalarını pozaraq nəqliyyat vasitəsini idarə edir: “Dəfələrlə şahid olmuşam ki, sifarişi qəbul edən sürücü sükan arxasında telefonla danışa-danışa yola davam edir. Hətta sərnişini götürüb təyin olunan nöqtəyə çatdırana qədər də telefon sürücünün əlindən düşmür. Beləliklə də həmin xidmətin əməkdaşı nəqliyyat vasitəsini idarə edərkən çox kobud şəkildə qaydaları pozmuş olur. Çünki sərnişinin təhlükəsizliyini təmin etmir və onun daşınmasını təhlükə altında qoyur. Bu da təbii ki, xoşagələn hal deyil”. 

A.Allahverənov vurğulayıb ki, bu cür xidmət paketlərindən istifadə edən sərnişinlər həm öz vaxtına qənaət edəcək, həm maddi cəhətdən sərfəli olacaq, eyni zamanda, təhlükəsiz daşınma prinsiplərinə əməl olunacaq taksi xidmətini seçməli və müraciət etməlidir: “Təəssüflər olsun ki, bu  heç də belə deyil. Sadaladığım elementlərdən ya ikisi bir şirkətdə var, biri başqa şirkətdə, ya da biri var ikisi yox. Çox az şirkət var ki, bu üç elementi özündə birləşdirir və layiqli şəkildə xidmət göstərir”.

Bəs taksi xidmətləri ilə sərnişinlər arasında bu cür problemlər yaşandığı halda vətəndaşlar nə etməlidir? Bu barədə Azadinform-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, belə hallar istehlakçının hüquqlarının pozulmasıdır: “Əgər şirkət təyin olunan saata avtomobil göndərə bilmirsə, bu, taksi xidmətinin keyfiyyətinin aşağı olması deməkdir. Belə olan təqdirdə istehlakçı hər hansı bir zərərlə üzləşərsə, yaxud problem yaşanarsa bu barədə qarşı tərəfdən kompensasiya almaq hüququna malikdir. Məhkəmədə iddia qaldırarsa məhkəmə rüsumundan azaddır. Belə halların qarşısını almaq üçün 498-11-04 telefon nömrəsi ilə əlaqə saxlayıb İqtisadiyyat Nazirliyinə məlumat verə bilər ki, bununla da qarşı tərəfin cəzalandırılmağı üçün dövlət orqanını cəlb etmiş olar. Və yaxud Azad İstehlakçılar Birliyinə ərizə ilə müraciət etsə istehlakçının hüquqları təmənnasız olaraq qorunar”.


Məsələ ilə bağlı “Elit Taksi” xidmətinin *6969 nömrəsi ilə əlaqə saxlasaq da bildirildi ki, bu nömrə yalnız müştərilərin sifarişini qəbul edir və digər əlaqələndirici şəxslərin telefon nömrələri barədə məlumatları yoxdur. Bundan başqa, xidmətin rəsmi “Feysbuk” və “İnstagram” səhifələrinə də göndərdiyimiz sorğu cavabsız qaldı. 


Araşdırmalar zamanı bəlli oldu ki, şirkətlərin 1-2-si istisna olmaqla demək olar ki heç birinin müvafiq lisenziyası yoxdur. Vergilər Nazirliyindən hüquqi şəxs üçün VÖİN alıb fəaliyyətə başlayırlar. Şirkətlər sürücülərlə öz arasında notarial qaydada təsdiq olunmayan müqavilə bağlayırlar. Əvvəldən balansa pul qoyulur və gediş haqqından 10-15 faiz şirkət tutur və həmin pul balansdan çıxılır. Şirkətlərin maşını az olduğundan sifarişçiləri aldadaraq gözlədirlər ki, hansısa maşın tapıb ora yönəltsinlər. Şirkət sürücünü 3 km radiusda sifarişə göndərməlidir, məsafə uzaq olduqda sürücülər imtina edir, çünki müəyyən edilən gediş haqqı elə müştərinin yanınadək olan məsafədə yanacağa xərclənir. Yeni şirkətlər bazara girə bilmək üçün çox aşağı qiymət qoyur ki, nəticədə də sürücülər şirkətlə əməkdaşlıq etmir,  edən də hər sifarişi götürmür.


Redaksiyamız müraciət edən “Elit Taksi” müştərisi ona dəyən maddi və mənəvi zərərə görə şirkəti məhkəməyə verməyə hazırlaşır. Şikayətçi müştəri eyni zamanda  müvafiq dövlət orqanlarına da şikayət etmək niyyətindədir.  


Ləman Hüseynzadə

13.02.2018 14:12 / Baxılıb: 1428 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo