Metro stansiyalarda əlilliyi olan şəxslərin hərəkəti üçün tam şərait yaradılacaqmı?

Ləman Hüseynzadə / AZADİNFORM. Son günlərdə əlilliyi olan şəxslərin rahat gediş-gəlişini təmin etmək üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilən sosial layihə təqdirəlayiqdir. Yol kənarlarında əlilliyi olan şəxslər üçün xüsusi pandusların quraşdırılmasını sosial şəbəkə istifadəçiləri də dəstəkləyir.

Bununla yanaşı, izləyicilər eyni şəraitin metrolarda da yaradılmasını təklif edirlər. Bəzi stansiyalarda bu şəraitin olduğu hər kəsə bəllidir. Amma burada da maraqlı bir məqam var ki, şərait yaradılan stansiyaya əlil bir şəxs daxil olandan sonra gedəcəyi nöqtədən çıxış onun üçün əlverişsiz olacaq. Bu səbəbdən metro stansiyalarda da onlar üçün xüsusi işlərin görülməyi vacibdir.

Bəs, görəsən, bu il, yaxud gələcək illərdə bu sahədə hər hansı işlər görüləcəkmi? Xüsusən də metronun giriş-çıxışında olan pilləkənlərdə, eskalatorlarda əlilliyi olan şəxslər üçün hər hansı bir şərait yaradılacaqmı?

 

Mövzu ilə bağlı olaraq Azadinform-un suallarına cavab verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, əslində bu sosial layihədən daha çox fiziki imkanları məhdud insanlar üçün yaradılan şəraitdir: “Metroda təəssüf ki, əvvəllər belə işlər görülməyib. Amma bir neçə ildir ki, biz bu sahədə tətbiqə başlamışıq. Təmir olunan stansiyalarda (“Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar”, “Xətai” və digər stansiyalarda) gözdən əlillər üçün sarı zolaq salınıb. Eyni zamanda, yeni salınan Bənövşəyi xətdə bu tip insanlar üçün xüsusi liftlər quraşdırılıb. “Avtovağzal” stansiyasında 1, Bənövşəyi xəttin “Memar Əcəmi” stansiyasında isə 4 belə lift var. Bundan sonra bu xətt üzrə açılacaq bütün stansiyalarda da bu cür liftlər və zolaqlar, həmçinin təmir işləri aparılan bütün stansiyalarda bu cür zolaqların salınması nəzərdə tutulub. Bütün stansiyalarımızda quraşdırılan monitorlar, istiqamətverici lövhələr də həmçinin, qulaqdan əlil şəxslərin rahat hərəkət etmələri üçün nəzərdə tutulub”.

Qeyd edək ki, bu sahədə stansiyalarda görülən işlərin nümunəsi olan fotolar “Bakı Metropoliteni” QSC-yə məxsusdur.

13.02.2018 10:00 / Baxılıb: 266 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
20.08.2018
19.08.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo