Bayılda yaranan vəziyyətə görə buradakı sakinlər də məsuliyyət daşıyır

Adəm Abbaslı/AZADİNFORM. Son 2 gündə Səbail rayonu, Bayıl yaşayış massivindəki Cənub Dərə adlanan ərazidə yağan intensiv yağıntılar buradakı duruma da təsir göstərib, yağış suları ərazidə yaranmış çatlara dolaraq torpağın alt qatlarına da hopub. Bunun da nəticəsində sürüşməyə meylliyin mərkəzində vətəndaşlara məxsus 4 fərdi ev tam, 1-i isə  qismən dağılıb.

Bu haqda Azadinform-a Səbail RİH-dən məlumat verilib. Bildirilir ki, başlıcası əhalinin bu ərazidən vaxtında köçürülməsi ilə əlaqədar xəsarət alan olmayıb. Səbail Rayon İcra Hakimiyyəti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində uçan və həmin evlərin yaxınlığındakı tikililərdə vətəndaşların əmlakı çıxarılaraq nəqliyyat vasitələri ilə başqa yerlərə daşınıb. 

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib: “İlk növbədə qeyd olunmalıdır ki, bu ərazidə sürüşmə hadisələri indi deyil hələ çox-çox əvvəllər də olub. Arxiv məlumatlarına əsasən bizə məlum olan ilk belə hadisə 1842, 1847, 1874-cü illərdə də qeydə alınıb. Sonradan da ərazidə bu hallar baş verib, sonuncu böyük sürüşmə hadisəsi isə 2000-ci ildə olub. Bundan sonrakı vaxtlarda da ara-sıra bu ərazidə kiçik sürüşmələr olur. 

Bir tarixçi kimi qeyd etmək istəyirəm ki, hələ 19-cu əsrin əvvəllərində Bakı şəhəri əhalisinin sayı 5 minə yaxın olub, həmin əsrin sonlarında isə Bakıda yaşanan neft bumu nəticəsində əhalinin sayı 100 minə qalxıb. 19-cu əsrdə Bayılın bu hissəsində ümumiyyətlə yaşayış olmayıb. Lakin həmin dövrdə də bu ərazidə sürüşmə prosesləri baş verib. Apardığımız araşdırmalar nəticəsində Bayıl yamacındakı tikililərin faiz baxımından təqribən 20-25 %-i ötən əsrin 60-70-ci illərində, qalanlarının da 1990-2000-ci illərdə qeyri-qanuni 1 gecəyə tikildiyi evlər olduğu müəyyən edilib. Sakinlər bu evləri qeyri-rəsmi münasibətlərə girərək qanunsuz olaraq tikib. Lakin bütün bunlara baxmayaraq bu gün dövlətimiz ayrı-seçkilik etmədən orada yaşayan insanların hər birinin qayğısına qalır.

Bayılda baş verən sürüşmənin səbəbləri barədə tam dəqiq söz demək, münasibət bildirmək hələ tezdir. Lakin mütəxəssislərin ilkin verdikləri rəyə görə sürüşmə aktivliyi torpağın daxilində baş verən proseslərlə əlaqədardır. Sürüşmə təbii prosesdir. İnsanlar öz fəaliyyətləri ilə bu prosesin sürətlənməsinə sadəcə olaraq az da olsa təsir edə bilərlər. Təhlükəli sahə hesab olunan ərazidə yerləşən tikililər 1 mərtəbəli, plansız, bünövrəsiz 1 gecəyə tikilən zəif evlərdir. Bayılda tikilən yeni çoxmənzilli yaşayış binaları ilə əlaqədar isə qeyd edim ki, bu binalar təhlükəli sahədən 5 km aralıda yerləşir və bütün layihə işləri tikinti norma və qaydalarına uyğun olaraq aparılır. Bu binaların layihələndirilməsi və tikintisi işləri Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi və rəyi əsasında, birbaşa olaraq bu qurumların mütəxəssislərin nəzarəti altında aparılır. Sürüşmə prosesi ətrafında aparılan siyasiləşdirilmiş spekulyasiya hesab edirəm ki, spekulyasiyadan başqa bir şey deyil və bunun təbii prosesin elmi cəhətdən araşdırılmasına heç bir aidiyyət yoxdur. 

Ən başlıcası isə odur ki, hadisələrin cərəyan etdiyi ilk gündən rayon rəhbərliyi, rayonun bütün xidmətləri, bələdiyyə və ictimaiyyət nümayəndələri sakinlərin yanındadır. Son 2 gündə burada sakinlərlə 10-dan çox görüş keçirilib, mövcud vəziyyət, onun aradan qaldırılması ilə bağlı görülən və görülməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilib, vətəndaşların sualları cavablandırılıb. Ərazidən köçürülən sakinlərin əmlakının qorunması, təhlükəli zonaya insanların buraxılmaması üçün postlar yaradılıb. RİH tərəfindən 163 nömrəli məktəbdə yaradılan sığınacaqda vətəndaşlar üçün hər cür şərait yaradılıb.  

Hazırda da RİH nümayəndələri həmin ərazidədirlər və Nazirlər Kabineti tərəfindən burada yaranan vəziyyətlə bağlı çıxaracağı qərara uyğun tərəfimizdən müvafiq tədbirlər həyata keçiriləcək.

12.02.2018 12:15 / Baxılıb: 162 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo