Mərkəzi Bank uçot dərəcəsini 15 faizdən 13 faizə endirib

Samir Soltanov/AZADİNFORM. Mərkəzi Bankın İdarə Heyəti fevralın 12-də uçot dərəcəsinin 15 faizdən 13 faizə, faiz dəhlizinin yuxarı həddinin 18 faizdən 16 faizə, aşağı həddinin isə 10 faizdən 8 faizə endirilməsi barədə qərar qəbul edib. 

Mərkəzi Bankdan Azadinform-a verilən məlumata görə, faiz dəhlizinin parametrləri haqda qərar faktiki orta illik inflyasiyanın birrəqəmli trayektoriyaya daxil olması, inflyasiyanın azalmasına dair proqnozlar və xarici balansın yaxşılaşması nəzərə alınmaqla qəbul edilib. Bu müsbət meyillərinin davam etməsindən asılı olaraq Mərkəzi Bank faiz dərəcələrinin real səviyyəsini pozitiv zonada saxlamaqla bundan sonra da azaldılmasını mümkün hesab edir. Qiymətləndirmələrə əsasən yeni iqtisadi tsiklə adekvat olaraq neytral pul siyasətinə tədrici keçid iqtisadi aktivliyə müsbət təsir edəcək. 

Faiz dəhlizinin parametrlərinın dəyişdirilməsi haqqında qərarı qəbul edərkən Mərkəzi Bankın İdarə Heyəti xarici və daxili mühitdə baş verən aşağıdakı prosesləri nəzərə alıb. 
2014-cü ilin sonundan bəri həyata keçirilən dərin makroiqtisadi manevr və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlar, eləcə də dünya bazarında neftin qiymətinin yüksəlməsi Azərbaycanın tədiyə balansının yaxşılaşmasını təmin edib. 2017-ci ilin yekunu üzrə tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 5 faizi qədər profisit gözlənilir. Xarici ticarət balansının profisiti 5 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən illə müqayisədə (0,5 milyard ABŞ dolları) 10 dəfə çoxdur. İxrac 52 faiz, o cümlədən qeyri-neft ixracı 23 faiz artıb. Ticarət balansı ilə yanaşı xidmətlər, eləcə də ilkin və təkrar gəlirlər balansında da yaxşılaşma müşahidə olunub. Xidmətlər balansının kəsiri əhəmiyyətli azalıb, turizm xidmətləri üzrə müsbət saldo əldə olunub. Kapital və maliyyənin hərəkəti hesabında da müsbət saldo olub. 
Ölkənin tədiyə balansının yaxşılaşması şəraitində 2017-ci ildə strateji valyuta ehtiyatları 11 faizdən çox artıb. Proqnozlara görə, xarici mühitdə pozitiv meyillərin 2018-ci ildə də davam edəcəyi gözlənilir.

12.02.2018 11:38 / Baxılıb: 144 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2018
    23.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo