Nasizmin dirçəlişi - Baltikdən Ermənistana qədər

Faşist ideologiyası bir sıra postsovet ölkələrində dövlət siyasətinə çevrilir

 

Son illər bir sıra ölkələrdə qəribə bir tendensiya hiss olunmaqdadır. Daha çox Qərbdən daxil olan ideoloji xətdə faşizm ideologiyasına rəğbət açıq hiss olunur, nasist əlaltıları olan şəxslər qəhrəmanlaşdırılır. Bu sırada faşistlərin əlaltısı olmuş daşnak Qaregin Njde ilə də bağlı qalmaqal güclənir. Məsələ ondadır ki, rəsmi Yerevan nəinki bu şəxsi qəhrəmanlaşdırır, hətta onun abidəsini də ucaltmaqdan çəkinmir. Bu yaxınlarda Rusiya Dövlət Dumasında keçirilən müzakirələrdə postsovet məkanına daxil olan ölkələrdə, o cümlədən Ermənistanda faşist ideologiyasının gücləndiyi barədə fikirlər səslənib, müzakirələr aparılıb. Rusiya Federasiya Şurasının sosial siyasət üzrə komitəsinin sədr müavini, professor Lyudmila Kozlovanın "Nezavisimaya qazeta”da çıxan məqaləsində də bu məsələ xüsusi qabardılıb.

Onun sözlərinə görə, son vaxtlar tarixin yenidən yazılması və İkinci dünya müharibəsinin nəticələrinə təkrarən baxılması cəhdləri ilə üzləşirik: "Məqsəd isə bəllidir. Sovet ordusunun və xalqının Hitler Almaniyası üzərində qələbəsini nəyin bahasına olursa-olsun kiçiltmək. Faşizm və nasizm birdəfəlik olaraq keçmişdə qalmalıdır. Lakin biz bu gün görürük ki, faşizmlə mübarizə aparmış qəhrəmanlar, veteranlar təhqir olunur, qəbirləri, abidələri dağıdılır. Eyni zamanda nasizmlə mübarizədə canlarını fəda etmiş insanların ruhi təhqir edilir. Ən pis olanı odur ki, nasizmin qəhrəmanlaşdırılması baş verir, nasizm simvolikası yayılır, hitlerçilərlə əməkdaşlıq edənlər milli qəhrəmanlar səviyyəsinə qaldırılır”.  Onun qənaətincə, bir sıra Avropa ölkələrində artıq nasizmin qəhrəmanlaşdırılması kursu götürülüb. Məsələn, İtaliya hökuməti Mussolininin vətənində faşizm muzeyinin bərpası barədə bəyanat səsləndirib, Çernoqoriyada keçmiş həbs düşərgəsinin gecə klubuna çevrilməsi, restoran və SPA mərkəzlərinin açılması nəzərdə tutulub. Polşada müharibə iştirakçılarının abidələri dağıdılır. Maraqlısı odur ki, postsovet məkanında da analoji hallar baş qaldırır. Ukraynada faşist əlaltıları Stepan Bandera və Roman Şuxeviç milli qəhrəmanlar elan ediliblər. Bu ilin yanvarında Banderanın doğum günü ilə bağlı tədbirlər keçirilib. Halbuki, bu şəxs faşistlərlə sıx əməkdaşlıq edib. Ötən il isə faşist cəza dəstələrində xidmət etmiş şəxslərin yaxınlarına mükafatlar təqdim edilib. Həmin şəxslər isə Kiyev yaxınlığında on minlərlə yəhudinin qətlə yetirilməsi əməliyyatlarında iştirak ediblər. Kiyev operasının arxasında isə yəhudilərin Babi Yara göndərilməsi əmrini verən şəxsin heykəli qoyulub. Rusiyalı senator hesab edir ki, bu qərarı verənlərə qarşı "nasizmin təmizə çıxarılması cəhdi” üzrə cinayət işinin açılmalıdır. 

Nasizmin qəhrəmanlaşdırılması cəhdləri Baltik ölkələrində də güclüdür. Estoniyada faşistlərə xidmət etmiş 20-ci eston diviziyasının veteranlarının yürüşü artıq ənənə şəklini alıb. O cümlədən Latviyada da bu ənənə güclüdür. Faşizm caniləri və onların ideologiyası qəhrəmanlaşdırılır. Buskda Hitler ordusunun əsgərlərinin xatirəsinə abidə qoyulub. Latviyada faşizmin qəhrəmanlaşdırılması qanunverici səviyyəyə kimi qaldırılıb. Burada müharibə iştirakçıları, faşizm əlaltıları ilə eyni səviyyədə tutulub. Qanun bu ilin fevralın 1-dən qüvvəyə minib. Rusiyalı professor xanımı özündən çıxaran hal özünü Kremlin strateji müttəfiqi elan edən Ermənistanın atdığı addımlardır. Belə ki, bu ölkənin rəhbərliyi Rusiyanın narazılığına baxmayaraq, Yerevanın mərkəzində faşist əlaltısı, üçüncü Reyxlə sıx əməkdaşlıq etmiş Qaregin Njdeyə abidə ucaldıb. Rusiya Federasiya Şurası səlahiyyətlisini daha çox narahat edən odur ki, Yerevanda Njdeyə abidə qoyulmasının təşəbbüskarları Bolqarıstanın Pliske şəhərində də abidə qoyulmasını planlaşdırırlar. "Halbuki, bu şəxs İkinci dünya müharibəsi başlayanda faşistlərlə əməkdaşlığa başlamış və dəfələrlə erməni əsirlər qarşısında çıxış edərək onları SSRİ-yə qarşı döyüşməyə çağırıb. Hətta deyirdi ki, Almaniya uğrunda canını qurban verən, Ermənistan uğrunda həlak olmuş olur. Cəza əməliyyatlarında iştirak etmiş bu şəxsin dəstələri dinc sakinlərdən ibarət 20 min insanın ölümünə səbəb olub. Onun əli bizim minlərlə baba və nənələrimizin qanına bulaşıb”, - deyə məqalədə vurğulanır. Müəllif bildirib ki, bu yaxınlarda Dumada gedən müzakirələrdə də bu məsələni qabardıb. Onun qənaətincə, abidələrin qurulması və dağıdılması hər bir dövlətin suveren hüququdur: "Lakin hakimiyyət orqanları tək ictimaiyyətin fikrinin deyil, həm də dünya ictimaiyyətinin mövqeyinin nəzərə almalıdır. Dünya ictimaiyyəti isə faşizmi bəşəriyyət üçün ən böyük fəlakəti adlandırıb”. Maraqlı odur ki, Rusiya tərəfi bu məsələyə loyal yanaşır. Axı necə olur ki, eyni hal Ukraynada və Baltikyanı ölkələrdə daha sərt formada tənqid edilir, Ermənistanda isə sadəcə, Kozlova səviyyəsində bəyanatlarla kifayətlənirlər. 


Azər NURİYEV

7.02.2018 13:50 / Baxılıb: 154 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo