İnvestisiya fəaliyyəti haqqında yeni qanun layihəsi hazırlanacaq

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev investisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. 

Azadinform xəbər verir ki, Nazirlər Kabineti, “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikası qanunlarının əsasında, beynəlxalq təcrübəni nəzərə almaqla, yeni “İnvestisiya fəaliyyəti haqqında” qanunun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir. 

Habelə qanun layihəsində beynəlxalq təcrübə nəzərə alınmaqla yanaşı, xüsusilə aşağıdakı məsələlər tənzimlənməlidir: 
investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri; 
investisiya fəaliyyətinə təşviq edən tədbirlərin məcmusu; 
investorların hüquqlarının qorunması mexanizmləri, onlara dövlət zəmanəti verilməsi qaydası; 
mübahisələrin danışıqlar, məhkəmə, həmçinin arbitraj yolu ilə həlli üsulları (beynəlxalq arbitraj qaydalarının müddəaları nəzərə alınmaqla); 
investorlara vurulmuş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsi qaydası. 
Qanun layihəsi Azərbaycan prezidentinə təqdim olunarkən, ona əlavə olunacaq normativ hüquqi aktın zərurətinin əsaslandırılmasında və məcburi hüquqi ekspertiza rəyində “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 48.3.4-cü maddəsinə və həmin Konstitusiya qanununa əlavə edilmiş məcburi hüquqi ekspertiza rəyinin strukturuna uyğun olaraq ləğv edilməli, dəyişikliklər edilməli, habelə layihəsi hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı verilməlidir.

18.01.2018 18:50 / Baxılıb: 168 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo