Mümkün təxribat hallarının qarşısının vaxtında alınması üçün tədbirlər görülüb

Samir Soltanov/AZADİNFORM. Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən quruculuq işləri, uğurla davam etdirilən hüquq-mühafizə siyasəti, nazirlik tərəfindən bununla əlaqədar icraya yönəldilən əmr və göstərişlər hesabat dövründə paytaxt polisinin fəaliyyətinə də öz müsbət təsirini göstərib. Ötən il Bakı şəhəri və onun ayrı-ayrı rayonları üzrə əməliyyat şəraitinin kompleks təhlil edildiyi, cinayətkarlığın dinamikasında əsas təmayüllər, neqativ proseslər və dəyişikliklər öyrənilməklə qarşılıqlı əlaqələrin təkmilləşdirildiyi, əməliyyat-xidməti fəaliyyətin səmərəsinin artırılmasına dair təkliflərin hazırlanaraq icra edildiyi diqqətə çatdırılıb. 

Daxili işlər naziri çoxsaylı beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlər zamanı asayişin mühafizəsinin daha da gücləndirilərək mümkün təxribat hallarının qarşısının vaxtında alınması üçün bütün zəruri tədbirlərin görüldüyünü xüsusi vurğulayıb. 
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov hesabat dövründə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər istiqamətlərində həyata keçirilmiş tədbirlər, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr barədə məruzə edib. Məruzədə vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu işinin il ərzində ciddi nəzarətdə saxlanıldığı, 74 283 ərizə və müraciətin daxil olduğu, 1915 vətəndaşın qəbul edildiyi bildirilib. 
Baş İdarənin rəisi, eyni zamanda, xidməti fəaliyyətdə yol verilmiş nöqsanlara toxunaraq onların aradan qaldırılması üçün görülən işlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verib. 
Məruzə ətrafında çıxış edən aidiyyəti xidmət və rayon Polis idarələrinin rəisləri əldə olunmuş müsbət nəticələrdən, həmçinin nöqsan və çatışmazlıqlardan, onların aradan qaldırılması üçün həyata keçiriləcək tədbirlərdən danışıblar. 
Müşavirəyə yekun vuran nazir 2017-ci ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, konkret tapşırıq və tövsiyələrini verib. 
R.Usubov Baş İdarənin və onun struktur qurumlarının rəislərindən əməliyyat-profilaktik işin səmərəliyinin artırılmasını, inayətlərin qarşısının alınmasında, bağlı qalmış inayətlərin açılmasında ərazi polis orqanlarına əməli köməklik göstərilməsini, paytaxt üzrə qeydə alınmış cinayətlərin əksəriyyətinin mülkiyyət əleyhinə olması baxımından gələcəkdə bu sahədə daha effektli tədbirlərin görülməsini, narkotik vasitələrin, xüsusən onların güclü təsirə malik növlərinin qeyri-leqal dövriyyədən daha çox çıxarılması üçün əməliyyat tədbirlərinin gücləndirilməsini tələb edib. 
Nazir tələb edib ki, hər bir əməkdaş şərəfli polis adını, dövlətin və vətəndaşların mənafelərini, vəzifə borcunu daim uca tutmalı, etik davranış qaydalarına ciddi riayət etməli, öz fəaliyyətlərində başlıca məqsəd kimi vətəndaş məmnunluğunu təmin etməlidir. 
General-polkovnik R.Usubov əmin olduğunu bildirib ki, paytaxtın polis orqanlarının şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün tapşırıqları, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, ölkəmizin ictimai-siyasi, mədəni və idman həyatında mühüm hadisələrlə, beynəlxalq əhəmiyyətli yarışlarla, kütləvi tədbirlərlə, əlamətdar bayramlarla zəngin olacaq bu il də Bakı şəhərində təhlükəsizliyin, əmin-amanlığın yüksək səviyyədə qorunmasına öz töhfəsini verəcək.

18.01.2018 18:54 / Baxılıb: 162 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
18.10.2018
17.10.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo