Səbaildə ərazi nümayəndəliyi hesabat verib

Eşqin Nuruşov/AZADİNFORM. 20-ci yaşayış sahəsindəki 162 -li orta məktəbdə Səbail rayonu Bayıl-20-ci yaşayış sahəsini əhatə edən Səbail RİH başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib. 

Azadinform xəbər verir ki, bu ərazidə yerləşən idarə və təşkilatların, təhsil, səhiyyə və digər müəssisələrin, təsərrüfat xidmətlərinin, yerli bələdiyyənin nümayəndələrinin və sakinlərin iştirakı ilə keçirilən toplantıda 2017-ci il ərzində bu ərazidə həyata keçirilən işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müzakirə olunaraq növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib. 

Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi  Rüfər Əhmədzadə  bildirib ki, 51.000 nəfər əhali yaşayan və 6510 nəfər məcburi köçkün məskunlaşmış ərazidə ötən il  SOCAR-ın Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışı olub, iyul ayında Yeni Salyan yolu küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün  yeni yaşayış binası istifadəyə verilib və ölkə başçısı İlham Əliyev tərəfindən burada 3-cü binanın təməli qoyulub.

Sentyabrın 11-də ölkə başçısının tapşırığına əsasən Səbail RİH tərəfindən 20-ci yaşayış sahəsindəki 162 nömrəli tam orta məktəbin binasında aparılan təmir-yenidənqurma işləri başa çatdırılıb və Prezident məktəbdə yaradılan şəraitlə tanış olub, oktyabrın 28-də isə ölkə başçısı Səbail rayonu 20-ci yaşayış sahəsində Səbail RİH tərəfindən istifadəyə verilmiş yeni idman və istirahət parkının açılışında iştirak edib. 

Hazırda ərazidə  Səbail Rayon Prokurorluğunun yeni inzibati binasının tikintisi davam edir.

Ötən il sakinlərin müraciətləri nəzərə alınaraq kəskin qəzalı vəziyyətdə olan I Buxta döngəsi 39 ünvanındakı yaşayış binası ilə bağlı RİH tərəfindən müvafiq dövlət qurumlarına müraciətlər olunub və həmin binada yaşayan 13 ailənin dövlət vəsaiti hesabına kompensasiya ödənilməsi yolu ilə köçürülməsi təmin olunub. 

Bayıl-20-ci yaşayış sahəsində tam yenidənqurmaya ehtiyacı olan binalarının sökülüb yerində müasir binaların tikintisi ilə bağlı 8 müasir layihə işlənib təsdiq olunub və artıq Neftçi Qurban və Xanlar küçələrində 3 ünvanda tikinti işləri sürətlə davam edir. 

Ötən il RİH tərəfindən  157 saylı uşaq bağçasının sökülərək müasir layihə əsasında yeni uşaq bağçasının inşasına başlanıb və burada işlər başa çatmaq üzrədir. 

Hesabat dövründə Əlibəyovlar  küçəsi 46-dan 66 ünvanına kimi əraziyə, Litvin Babayev küçəsi 120 ünvanında həyətə, Gülbala Əliyev və Arif İsmayılov küçələrinin bir hissəsinə  asfalt salınıb. 

Ərazidə qeyri-qanuni torpaq zəbti və qanunsuz tikintilərin aparılmasına son qoyulması, onlara rəvac verənlərin ifşa olunması məqsədi ilə RİH-nin hüquq-mühafizə orqanları ilə apardığı birgə qəti tədbirlər nəticəsində aparılan qanunsuz tikinti halları demək olar ki, tam şəkildə dayandırılıb, əraziyə nəzarət gücləndirilib, torpaq alveri və qanunsuz tikintilərə rəvac verənlərlə bağlı sənədlər RİH tərəfindən Bakı Şəhər Prokurorluğuna göndərilib.

Hesabat və çıxışlardan sonra sakinlərin müraciətləri, istək və təklifləri dinlənilmişdir. Ərazinin gələcək inkişafı, yolların asfaltlaşdırılması və küçələrin işıqlandırılması, qanunsuz tikintilərə qarşı mübarizə, su və kanalizasiya şəbəkəsinin yenidənqurulması, ərazinin sanitar təmizliyi və 20-ci sahənin qaz təchizatında yaranmış problemlər  barədə müraciətlər dinlənilib, sakinləri narahat edən suallar cavablandırılıb, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Yığıncaqdakı çıxış və müraciətlərdə ölkə başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənib.  

Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev 2017-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verərək qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən  Səbail rayonunda bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcək. Bidirilib ki, RİH tərəfindən rayonun  yaşayış məntəqələrində  məhəllələr  abadlaşdırılacaq, qəsəbədaxili yolların təmiri, su və kanalizasiya sistemləri yenidən qurulması, qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işıqlandırılması ilə bağlı tədbirlər görüləcək.

18.01.2018 14:42 / Baxılıb: 81 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.02.2018
    21.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo