Magistraturaya qəbul imtahanı neçə mərhələdən ibarət olacaq?

Eşqin Nuruşov/AZADİNFORM. “Magistratura təhsili  ali təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi nəticəsində daha keyfiyyətli insan kapitalı və intellektual potensial formalaşdırmaq, əmək məhsuldarlığı artacaq mühüm mərhələlərdən biridir”.

Azadinform xəbər verir ki, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə məxsus bu fikirlər “Magistr” jurnalının nəşr olunacaq 1-ci sayının “Ön sözü”ndə yer alıb. Sədr bildirib ki, hazırda Mərkəzin əməkdaşları magistratura səviyyəsinə qəbul imtahanına hazırlıqla əlaqədar ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq şöbələri, ixtisas kafedraları, professor-müəllim heyəti və aparıcı mütəxəssisləri ilə birgə imtahanın məzmununa aid zəruri materiallar hazırlayır, test bankını yeni test tapşırıqları ilə zənginləşdirirlər. M. Abbaszadənin sözlərinə görə, DİM-də ali təhsil müəssisələrinin və AMEA-nın mütəxəssislərinin iştirakı ilə cari tədris ili üçün magistratura səviyyəsinə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki təhlili aparılıb: “DİM qəbul imtahanlarının məzmunu ilə bərabər, qiymətləndirmə mexanizminin təkmilləşdirilməsini də diqqət mərkəzində saxlayır. Bu sahədə dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilir, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir, qəbul imtahanlarının nəticələrinin elmi-statistik təhlili aparılır, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər görülür”.

Mərkəz sədri qeyd edib ki, magistraturaya qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək: “Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatika üzrə bilik səviyyəsi test üsulu ilə yoxlanılacaq. İmtahanın birinci mərhələsində məntiqi təfəkkür, xarici dil və informatika üzrə test bloklarına həm qapalı (çoxseçimli), həm də açıq formalı test tapşırıqları daxil ediləcək”. 

M. Abbaszadə qəbul qaydalarından da söz açıb. “İmtahanın birinci mərhələsindəki nəticələri DİM tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ikinci mərhələdə iştirak etmək hüququ qazanacaqlar. Həmin mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri qapalı (çoxseçimli) və açıq formalı test tapşırıqlarının cavablandırılması, bəzi proqramlar üzrə isə yazı işlərinin yerinə yetirilməsi və ya qabiliyyət imtahanı vasitəsi ilə yoxlanılacaq. Müsabiqə və yerləşdirmə bakalavrların topladıqları ümumi ballar (imtahanın iki mərhələsində toplanılan balların cəmi) əsasında həyata keçiriləcək” – deyə o əlavə edib.

18.01.2018 11:50 / Baxılıb: 148 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo