Quterreşin açıqlamasını ikili standartların etirafı hesab etmək olarmı?

Politoloqların fikrincə, baş katib Qarabağ münaqişəsinin həllinin zəruriliyini bildirirsə, deməli öz üzərinə məsuliyyət payı düşdüyünü anlayır

 

Beynəlxalq Millətlər Təşkilatının ötən il keçirilən iclasında qurumun fəaliyyəti ciddi tənqid edildi. Hətta təşkilatda islahatların həyata keçirilməsinin zəruriliyi vurğulandı. BMT-nin baş katibi Antonio Quterreşin ötən gün təşkilatın 2018-ci il üçün fəaliyyət planı ilə bağlı açıqladığı istiqamətlərdə bu tənqidlər deyəsən öz əksini tapmağa başlayıb. Baş katib bu istiqamətlər arasında Yaxın Şərqdəki davam edən, Avropadakı "dondurulmuş" münaqişələrin nizamlanmasının, Myanma və Banqladeşdə qaçqınların problemlərinin yer aldığını deyib: "Mövcud problemləri həll etmək üçün təhlükəli millətçilik dalğasının qarşısını almaq, müvafiq vasitəçi təşəbbüsləri, o cümlədən Normand formatını və Şərqi Ukrayna üzrə Üçtərəfli Kontakt qrupunu, Dağlıq Qarabağ üzrə ATƏT-in Minsk qrupunu, Gürcüstan üzrə Cenevrə beynəlxalq müzakirələrini və "Dnestryanı üzrə 5+2" prosesini canlandırmaq lazımdır”.

Uzun illərdən bəri Azərbaycanın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hər tribunadan səsləndirdiyi haqlı tələbi artıq beynəlxalq təşkilatlar tərəfindən də dilə gətirilir. BMT baş katibinin bu açıqlamasını indiyədək mövcud olmuş ikili standartların etirafı hesab etmək olarmı? 



Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, millətçilik dalğasının məhdudlaşdırılması bütünlüklə beynəlxalq birliyin vəzifəsidir: "Bu məsələdə BMT ən bacarıqlı bir təşkilat kimi gərək bir proqram üzərində çalışsın. BMT-nin baş katibi Antonio Quterreş ilk növbədə Yaxın Şərq probleminin  həllinin tapılmasını dilə gətirib. Eləcə də Avropada və postsovet məkanında olan münaqişələri qeyd edən baş katib onların da bu il üçün çözülməsinin vacib olduğunu deyib. Əgər biz millətçilik dalğasının tüğyan etməsindən danışırıqsa, bu hansısa siyasi dairələrə lazımdır. Çünki millətçilik dalğası üzərində məhz separatizm yaranır və inkişaf etməyə başlayır. Ermənistanın separatçılıq hərəkatının timsalında bu, təsdiqini tapır. Bu proseslərin qarşısının alınmasına gəlincə, əlbəttə ki, bunun üçün mexanizmlər və təsir imkanları kəsərli olmalıdır. Bu baxımdan təsadüfi deyil ki, son vaxtlar BMT-nin özünü çox sərt tənqid edirlər. O cümlədən siyasi elitalar, dövlət rəhbərləri, qaynar nöqtələrdə olan ictimaiyyət nümayəndələri tənqid edənlər sırasındadırlar. Ona görə də bu proseslərlə barışmaq olmaz. Bir halda ki BMT-nin baş katibi bunu etiraf edir, deməli, bunun məsuliyyət payı onun üzərinə düşür. BMT elə bir təşkilat deyil ki, onun fəaliyyətini müvəqqəti dayandırsınlar, nə isə yenilik edib, fəaliyyətini bərpa etsinlər. Bu təşkilat gərək fəaliyyətini davam etdirərək, özü-özünü islah eləsin, müəyyən dəyişikliklər olsun. Misal üçün, ABŞ bu təşkilatın onun ərazisində yerləşməsindən istifadə edir. Əslində belə özbaşınalığa da göz yummaq olmaz. Çünki beynəlxalq təşkilat olaraq, gərək BMT öz nüfuzunu qorusun”. 



T.Abbasov əlavə etdi ki, bu il Dağlıq Qarabağ problemi ilə bağlı müəyyən irəliləyişlər gözləməyə dəyər: "Çünki ötən il Cenevrə görüşündə dəyişiklik baş verdi. Yəni, Ermənistan prezidentlərin Cenevrə görüşünə qədər mahiyyəti bəlli olmayan siyasətini davam etdirirdi və çalışırdı ki, atəşkəs rejimi ilə bağlı yeni bir sənəd imzalansın. Ancaq Prezident İlham Əliyev onların bu istəyinin üzərindən xətt çəkərək qeyd etdi ki, heç bir sənədə ehtiyac yoxdur və 1994-cü ildə atəşkəs rejimi ilə bağlı imzalanan razılaşma öz qüvvəsini saxlayır. Biz əvvəldən bəyan etmişik ki, sərhədlərin toxunulmazlığı prinsipi əsas götürülməlidir. Onu da qeyd edim ki, mart ayında Ermənistanda hakimiyyət transferi başa çatacaq və parlament üsul-idarəsinə keçəcəklər. Hələ ki bu ölkədə hərc-mərclik şəraiti yaşanır. Çünki yuxarı eşalonda kimin baş nazir olması ilə bağlı daxili didişmələr gedir və qruplaşmalar var. Düşünürəm ki, aprel ayından sonra Ermənistan öz mövqeyini açıqlamalı və güzəştlərə hazır olmasını təsdiqləməlidir. Təbii ki, Azərbaycan bu məsələlərin hamısını diqqət mərkəzində saxlayır və təmkinlə gözləyir ki, Ermənistandakı qeyri-sabit vəziyyət bir qədər durulsun. Eləcə də qarşıdakı danışıqlarda ölkəni təmsil edəcək birinci şəxsin Qarabağ məsələsinin həllinə hansı proqramla yanaşacağı da bəlli olmalıdır. Xarici işlər nazirləri görüşüb texniki məsələləri həll edirlər. Çünki prezidentlərin görüşü üçün əsaslı şəkildə tutarlı və inandırıcı plan hazırlanmalıdır”.



Politoloq Qabil Hüseynli isə açıqlamasında BMT baş katibinin təxəyyül tərzinə, intellektual səviyyəsinə məəttəl qaldığını deyib: "İndiyədək aqressiv separatizmin baş qaldırmasına, sonradan Azərbaycan torpaqlarının işğalına səbəb olmasına, sadəcə millətçlilik təkan veribmi? Bu gün münaqişənin həlli yolunda əsas maneə millətçilikdirmi? Hər zaman bu məsələ haqqında danışanda demişəm ki, indiyədək baş vermiş hadisələrin ümumi anatomiyası yaradılmalı və buna siyasi qiymət verilməlidir. Necə oldu ki, Dağlıq Qarabağda "miatsum” hərəkatı başladı, gəlmə ermənilər yaşadıqları ərazinin birləşdirilməsi iddiasını ortaya qoydu, sonradan isə bu, Azərbaycan xalqına qarşı silahlı mübarizəyə çevrildi? BMT baş katibindən bu məsələləri ətraflı bilməsi tələb olunmur. Sadəcə olaraq, hadisələr barədə ona məlumat verə biləcək insanlar olmalıdır. Yenidən münaqişələrlə bağlı araşdırma aparmaq, kimlərinsə millətçi olub-olmaması barədə məlumat toplamağa ehtiyac varmı? Keçmişdə qalan hadisələr isə Azərbaycan torpaqlarının 20 faizinin işğalına, xalqa vurulan 150 milyardlıq ziyana, minlərlə insanın şəhid olması, əsir və girov götürülməsinə gətirib çıxarıb. Düşünürəm ki, buna qədər hadisələr necə həll edilibsə və BMT necə davranıbsa, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da o cür davranmalıdır. Avropa İttifaqı öz ərazisindəki ekstremizm hadisələrini qısa bir müddətdə yatırdı. Yalnız bundan sonra separatizmə qarşı ərazi bütövlüyü məsələsini kəskin şəkildə irəli sürdülər”.

Q.Hüseynli bildirdi ki, Dağlıq Qarabağ və digər münaqişələrin həlli üçün obyektivlik və cəsarət tələb olunur: "Biz də neçə illərdir bunu beynəlxalq təşkilatlardan tələb edirik. Bu il də problemə ədalətli yanaşma olacaqsa, onda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı status-kvo dəyişəcək. Yox, əgər yenə də xalqların öz müqəddəratını təyinetmə hüququ və buna bənzər digər qondarma beynəlxalq hüquq normaları işə salınacaqsa, problemin həlli çətin olacaq”.

 

Bəxtiyar MƏMMƏDLİ

18.01.2018 10:53 / Baxılıb: 131 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo