Oqtay Əsədov TBMM-in komitə sədri ilə görüşüb

AZADİNFORM. Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici işlər komitəsinin sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, O.Əsədov bildirib ki, iki ölkə rəsmiləri arasındakı görüşlər, regional məsələlərə dair müzakirələr artıq müntəzəm xarakter alıb.

O qeyd edib ki, Azərbaycan və Türkiyə prezidentlərinin səyləri nəticəsində iki ölkənin əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəlib: "Azərbaycan-Türkiyə əməkdaşlığı parlamentlər səviyyəsində də müvəffəqiyyətlə davam etməkdədir. Bu gün Bakıda keçirilən hər iki ölkə parlamentlərinin beynəlxalq münasibətlərlə məşğul olan müvafiq qurumlarının birgə iclası bu fikrin əyani sübutudur".

Milli Məclisin sədri vurğulayıb ki, ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətləri digər dövlətlər üçün nümunədir: “Təqdirəlayiq haldır ki, 2014-cü ilin aprelində Azərbaycan-Türkiyə-Gürcüstan arasında üçtərəfli formatda baş tutmuş bu cür görüşlər bu gün iki qardaş ölkə arasında da uğurla davam etdirilir. Milli Məclis gələcəkdə bu cür çoxtərəfli tədbirlərin keçirilməsini dəstəkləyir. Belə zənn edirik ki, TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin müvafiq komitələri səviyyəsində belə müzakirələrin keçirilməsi informasiya və təcrübə mübadiləsi baxımından çox önəmlidir. Komitə və komissiyaların birgə iclasında müzakirə olunan məsələlər beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etmək baxımından böyük əhəmiyyət daşıyır”.

O.Əsədov Milli Məclislə TBMM arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq parlamentdə Türkiyə ilə dostluq qrupunun ən böyük qrup olduğunu deyib: “Bu, azərbaycanlı deputatların qardaş ölkəyə olan marağının və istəyinin göstəricisidir”.

Görüşdə spiker parlamentlərin müvafiq qurumları arasında birgə tədbirlərin keçirilməsinə hər cür dəstək verəcəklərini bir daha bəyan edib.

Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsinin sədri Volkan Bozkır bildirib ki, rəhbərlik etdiyi komitə üzvləri bu il ilk səfərlərini məhz Azərbaycana ediblər: “Bu səfərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Bakının işğaldan azad olunmasının bir əsrlik yubileyi ərəfəsində baş tutması özü bir rəmzi məna daşıyır".

V.Bozkır Şəhidlər xiyabanını ziyarət edərkən buradakı azyaşlı uşaqların müstəqillik uğrunda öz canlarını qurban vermiş Azərbaycan övladlarını ziyarət etməsinin və müstəqil Azərbaycan barədə şeirlər söyləməsinin onda qürur hissi oyatdığını deyib.

Bildirilib ki, qardaş Türkiyə xalqı Azərbaycanın əldə etdiyi nailiyyətlərə sevinir və hər zaman Azərbaycan xalqı ilə birlikdədir. 

17.01.2018 19:32 / Baxılıb: 164 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
    15.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo