Qubada modul tipli məktəb istifadəyə verilib

Eşqin Nuruşov/AZADİNFORM. Bu gün Quba rayonuna mediatur təşkil edilib. 

Təhsil Nazirliyindən Azadinform-a verilən məlumata görə, mediaturun məqsədi bu bölgədə inşa edilən modul tipli məktəb haqqında media nümayəndələrinə məlumat vermək və onları həmin məktəblə tanış etmək olub.

Media nümayəndələri rayonun Çağacıq kəndində yeni istifadəyə verilən modul tipli məktəbdə olublar. Bildirilib ki, 56 şagird yerlik məktəb 5 sinif otağı və 1 müəllimlər otağından ibarətdir. Hazırda 50 şagirdin təhsil aldığı məktəbdə 4 sinif komplekti və 1 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəb müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib.

Media nümayəndələrinə məlumat verilib ki, bu məktəbdə təhsil alan İsmət Ağayev 2015-ci ildə Riyaziyyat üzrə Respublika fənn olimpiadasında birinci yerin qalibi olub.

Bu günədək Qubada 3 belə məktəb istifadəyə verilib və bu iş hazırda davam etdirilir.

Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarında istifadə edilir.

Qeyd edək ki, yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ölkə başçısı sosial infrastrukturla bağlı çox ciddi addımlar atıldığını deyib. Bildirib ki, ötən il ölkədə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. 

2018-ci ildə də sosial infrastruktur layihələrinin icrası ilə bağlı dövlət investisiya proqramında kifayət qədər vəsait olduğunu söyləyən dövlət başçısı bəzi rəqəmləri diqqətə çatdırıb. Belə ki, bölgələrdə modul tipli 137 məktəb tikiləcək. Yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək.

17.01.2018 17:45 / Baxılıb: 147 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
20.08.2018
19.08.2018
18.08.2018
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo