SOCAR-KBR Birgə Müəssisəsi Mərkəzi-Şərqi Azəri platforması üzrə 2 müqavilə imzalayıb

Samir Soltanov/AZADİNFORM. “SOCAR-KBR” Birgə Müəssisəsi Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokundakı “Mərkəzi-Şərqi Azəri” hasilat, qazma və yaşayış platforması üzrə 2 fərqli ilkin detallı layihələndirmə (FEED) müqaviləsi imzalayıb. 

Azadinform xəbər verir ki, müqavilələr yeni platforma üçün FEED xidmətlərinin təmin edilməsini, AÇG blokundakı digər mövcud platformalarla əlaqəni və sualtı xidmətləri əhatə edir. 

“SOCAR-ın neft-qaz sahəsindəki, eləcə də “KBR”in öz təcrübəsi sayəsində iki şirkət “SOCAR-KBR” vasitəsilə Azərbaycan, Türkiyə və Gürcüstan regionunda uğurla əməkdaşlıq edir. “KBR” 1993-cü ildən Azərbaycan, Gürcüstan və Türkiyə regionunda fəaliyyət göstərir. Bu müddət ərzində “KBR” ümumilikdə 25 milyondan çox nəfər/saat iş görüb. Hazırda “SOCAR-KBR”in komandasının 75 faizdən çoxu Azərbaycan mühəndisləridir”, - deyə “KBR”in Avropa, Orta Şərq və Afrika üzrə prezidenti Jay Ibrahim deyib. 
Qeyd edək ki, baş ofisi ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən “KBR” şirkəti mühəndislik, təchizat, tikinti və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı qurumlarından biridir. Şirkət 1993-cü ildən Azərbaycanda mühəndislik xidmətləri üzrə ilk beynəlxalq podratçı kimi fəaliyyətə başlayıb və həmin vaxtdan etibarən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi irimiqyaslı layihələrdə xidmət göstərib. SOCAR və “KBR” şirkətləri tərəfindən yaradılmış “SOCAR-KBR” birgə müəssisəsi geoloji kəşfiyyat və hasilat, neftin emalı, saxlanılması və nəqli, neft və neft məhsullarının təkrar emalı və satışı üzrə layihələrin icrasında mühəndislik (texniki-layihələndirmə), tikinti və idarəetmə xidmətləri üzrə ixtisaslaşıb.

16.01.2018 18:00 / Baxılıb: 295 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo