Politoloq: Türkmənistan TƏPH-in tikintisinə Azərbaycanı cəlb edə bilər

Adəm Abbaslı/AZADİNFORM. “Aşqabad Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TƏPH) qaz kəmərinin Əfqanıstan hissəsini tikməyə hazırlaşır. TƏPH kəmərinin tikintisinin yubadılması Türkmənistanın siyasi davranışının nəticəsidir”.

Azadinform xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib.

Politoloq deyib ki, bütün layihələrlə bağlı vəd verməyi xoşlayan Aşqabad reallaşma prosesini hədsiz çox yubadır: “İndiki halda yubanma iki ciddi təhlükə ilə rastlaşıb. Birincisi, Əfqanıstan-Türkmənistan sərhədində təkcə talibançılar deyil, İŞİD də xeyli aktivləşib. Türkmənistanın Əfqanıstanda reallaşdırdığı layihələrə Talibanın münasibəti müsbət olsa da, İŞİD-in Türkmənistanla həmsərhəd regionlarına gəlməsinin qarşısını ala bilmir və ya almaq istəmir. Bu təhlükəni neytrallaşdırmaq məqsədilə prezident Q.Berdıməhəmmədov RF prezidenti V.Putinə zəng edərək RF-i TƏPH layihəsində iştiraka dəvət etdi. Məhz İŞİD-çilərin aktivliyinə görə RF bu layihədə iştiraka maraq göstərmədi”.

İkinci təhlükə kimi isə M. Əhmədoğlu İranın Hindistana qaz kəməri çəkmək planlarını göstərib: “Türkmənistan üçün işi riskli edən odur ki, RF İranın Hindistana çəkdiyi qaz kəməri layihəsində ən əsas tərəfdaşdır. Hindistanın qaz bazarı böyükdür. Əgər Rusiya və İran Hindistan bazarına İran qazını daha tez çıxaracaqlarsa, bu bazarda onların daha üstün mövqeyini təmin edəcəkdir. Türkmənistan ya Hindistanın içərilərinə doğru daha bir neçə yüz kilometr qaz kəməri çəkməlidir, ya da qiymətdə güzəştə getməlidir”.

Məsələ ilə bağlı fikrini davam etdirən politoloq vurğulayıb ki, amma Türkmənistanın xarici siyasəti normal düşünülmüş siyasət olacaqsa, o bu vəziyyətdən çıxa bilər: “Qazaxıstanın TƏPH-də marağı var. Digər variant Azərbaycanla əlaqəlidir. Azərbaycanın həm Əfqanıstan, həm də Pakistanla çox gözəl siyasi münasibətləri var. Hər iki ölkə Azərbaycanla iqtisadi əlaqələrə böyük ümidlə yanaşırlar. Azərbaycanla iqtisadi və kommunikasiya əlaqələri qurmaq üçün xeyli resurs cəlb ediblər. Türkmənistan TƏPH-in tikintisinə Azərbaycanı cəlb etmək məqsədilə danışıqlara başlasa, faydasını görər. Təbii ki, Türkmənistan Azərbaycana qarşı səmimi siyasət aparmalıdır. Xəzər dənizində ərazi iddiasını kəskinləşdirməkdən əl çəkməli, özünü Azərbaycanın və Türkiyənin düşməni elan etmiş Ermənistanla münasibətlərini emosionallıqdan çıxarıb real praqmatik məcraya yönəltməlidir”.

16.01.2018 10:20 / Baxılıb: 592 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.02.2018
    21.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo