20 mindən artıq nümayişçi etiraz mitinqinə çıxıb

Avstriyada təşkil olunmuş yeni hökumətin fəaliyyətinə etiraz olaraq Vyananın mərkəzində 20 mindən artıq nümayişçinin iştirakı ilə dinc etiraz aksiyası keçirilib. Şəhərin əsas küçələri ilə hərəkət edən nümayiş Prezident Aparatı və Federal Kansler Aparatının yerləşdiyi Heldenplatz meydanında etiraz mitinqi ilə yekunlaşıb.

Bir neçə siyasi qurumun - Avstriya Xalq Partiyası (ÖVP) və sağçı-radikal Avstriya Azadlıq Partiyasının (FPÖ) birgə təşkil etdiyi etiraz yürüşündə hökumət rasizm və sağçı ekstremist tendensiyalara meylli olmaqda tənqid edilib. “Humanist sığınacaq siyasəti”, “Sağçılara qarşı hücum”, “Radikal solçular” platformalarının təşkil etdiyi aksiyaya yaşlı nəslin nümayəndələrindən ibarət “Nənələr sağçılara qarşı” kimi sosial şəbəkələr vasitəsilə formalaşmış qruplar da qatılıblar.

Nümayişçilərin əsas hədəfi isə yeni hökumətdə daxili işlər naziri vəzifəsini tutan Herbert Kikl (FPÖ) olub. Qaçqın və miqrantlarla bağlı sərtləşdirilmiş qaydaların tətbiqinə tərəfdar olan H.Kiklin gələcəkdə ölkəyə gələn qaçqınları mərkəzləşdirilmiş (almanca: konzentriert) şəkildə kamplarda saxlamaq təklifi böyük səs-küyə səbəb olub. Daxili işlər nazirini tənqid edənlər onu bilərəkdən nasist əsir düşərgələri (Konzentrationslager) ilə assosiasiya yaradan anlayışlardan istifadə etməkdə və siyasətini də bu istiqamətdə təşkil etməkdə ittiham ediblər.

Nümayişdə həmçinin yeni hökumətin ali təhsil müəssisələrinə qəbul şərtlərinin çətinləşdirmək niyyəti, əmək bazarının aşağı seqmentindəki işçilərin vergi yükünü azaltmaq üçün heç bir tutarlı proqram həyata keçirməməsi və əsasən də qaçqın və miqrantlarla bağlı restriktiv qaydaların tətbiqinə çalışması əsas tənqid hədəfləri olub.

Mindən artıq polisin nəzarəti altında keçən etiraz aksiyası dinc şəraitdə başa çatıb. (azərtac)

14.01.2018 18:06 / Baxılıb: 147 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo