Aİ internetdən terror xarakterli materialların dərhal çıxarılmasını tələb edir

Terrorizmi təbliğ edən materiallar internetdən mümkün qədər tez çıxarılmalıdır.

Avropa İttifaqının (Aİ) daxili işlər və miqrasiya məsələləri üzrə komissarı Dimitris Avramopulos dünən Brüsseldə internet şirkətlərinin nümayəndələri ilə görüşündə bu cür tələblə çıxış edib. Onun fikrincə, bu cür materiallar şəbəkədən “1-2 saat ərzində silinməlidir”.

D.Avramopulos, eyni zamanda, terror hücumlarının qarşısının alınması üçün internet şirkətlərinin məsuliyyətini vurğulayıb. Onda olan məlumata görə, 2017-ci ildə Aİ ölkələrində törədilmiş hücumların əksəriyyəti internet vasitəsilə planlaşdırılıb, ya da həmin hücumların iştirakçıları şəbəkə vasitəsilə cəlb ediliblər.

2015-ci ilin oktyabr ayında Aİ ölkələrinin ədliyyə nazirləri internetdə qeyri-qanuni materialların yerləşdirilməsinə qarşı daha fəal mübarizə aparmaq barədə razılığa gəliblər. Həmin vaxtdan etibarən Avropa Komissiyası və internet konsernləri nümayəndələrinin müntəzəm görüşləri keçirilir. Lakin indiyədək söhbət yalnız könüllü əsasda əməkdaşlıqdan gedib.

Dimitris Avramopulosun sözlərinə görə, "zəruri halda" bu yanaşma dəyişə, müvafiq qaydalara isə qanunverici status verilə bilər.

AFP agentliyi Avropa İttifaqı komissarının sözlərindən sitat gətirərək yazır ki, yanvarın sonuna qədər sahibkarlar “bu cür addımların müəyyən edilməsi üçün həlledici olacaq" yeni məlumatlar təqdim etməlidirlər. (azərtac)

14.01.2018 16:34 / Baxılıb: 177 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo