Həkim: Tramp əla səhhətə malikdir

Samir Soltanov/AZADİNFORM. “Prezident Donald Tramp “əla səhhətə” malikdir”. 

Azadinform TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bunu Ağ evin əsas həkimi Ronni Cekson Trampın ABŞ administrasiyasının 45-ci rəhbəri qismində dünən keçirilən ilk müayinəsindən sonra bildirib. Həkimin sözlərinə görə, prezidentin müayinəsi ABŞ Hərbi Dəniz Qüvvələrinin Uolter Rid adına Milli Tibb Mərkəzində keçirilib: “Prezident əla səhhətə malikdir. Mən yanvarın 16-da brifinqdə tibbi müayinə ilə bağlı bəzi təfərrüatları bildirəcəyəm”.
Qeyd edək ki, iyunun 14-də 72 yaşı tamam olacaq Donald Tramp dövlət başçısı və silahlı qüvvələrin ali baş komandanı qismində ilk dəfə olaraq tibbi müayinədən keçib. Əslində ABŞ prezidentləri tibbi müayinə keçməyə məcbur deyillər, lakin 37-ci administrasiya başçısı Riçard Niksonun (1913-1994) dövründən bu, adi praktika halını alıb. 2017-ci il yanvarın 20-də Trampın Ağ evdə əvəz etdiyi Barak Obama hakimiyyətdə olduğu 8 il ərzində 4 dəfə müayinə olunub. 
Əlavə edək ki, Donald Tramp spirtli içki içmir və siqaret çəkmir, qolf oynamağı xoşlayır. Sonuncu dəfə o, səhhəti barədə prezident postuna namizəd olduğu vaxt – 2016-cı ilin sentyabrında danışmışdı. Tramp həmin vaxt “Dr.Oz Show” televiziya proqramında demişdi ki, bütün tibbi müayinələrdən keçib və xolesterol səviyyəsi çox yaxşıdır. Milyarder təxminən 107 kiloqram çəkisi olduğunu və 7 kiloqram arıqlamaq istədiyini də bildirmişdi.

13.01.2018 13:45 / Baxılıb: 83 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo