Həsən Ağa: Xalq olaraq eşq-məhəbbətdən çox gülməyə üstünlük veririk

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş “Yoxdur belə söhbət” romantik-komediya janrında tammetrajlı filmin qala gecəsi keçirilib. 

Rejissoru Rüfət Həsənovun olduğu filmdəki rolları Günəş Mehdizadə, Həsən Ağa, Emil Məcnunov və Tünzalə Qəhrəman ifa ediblər. Ssenari müəllifləri Kamal Həsənov, Rüfət Həsənov, Asif Rüstəmov olan filmin musiqiləri isə “Dihaj”a aiddir. Filmin baş aktyorlarından olan Həsən Ağa Azadinform-a müsahibə verib.


- Böyük marağa səbəb olan belə keyfiyyətli komediya filmi necə ərsəyə gəlib, yəni ideya necə yaranıb?


- Bu ssenari əslində əvvəldən var idi. Sadəcə daha sonra üzərində bəzi dəyişikliklər olundu. Filmin rəhbər heyəti isə əvvəldən mənim bu filmdə iştirak etməyimi istəmişdi. Çox maraqlı çəkilişlərimiz oldu.


- Filmdə diqqət çəkilmək istənilən xüsusi nöqtələr varmı və bunlar hansılardır?


- Filmdə təsadüf  və möcüzə mövzularına toxunulub. Yəni daha çox izləyicilərə çatdırılmaq istənilən nöqtələr bunlardır.


- Bu filmi Azərbaycanın digər yeni nəsil filmlərindən fərqləndirən xüsusiyyətlər nələrdir?


- Həm ideya baxımından, həm də bütövlüklə filmin özü digər yeni çəkilən komediya filmlərindən fərqlənməsi aydın görünür. Filmə baxan izləyicilər görəcək ki, real həyatdakı insanlardan sorğular alınıb, filmdə onların da fikirləri var. Bu isə ssenariyə aid olmayıb, sonradan düşünülüb.


- Film çəkilişləri zamanı siz və ya film komandanız hər hansı çətinliklə üzləşib?


- Yox. Çəkilişlər zamanı  demək olar ki, heç bir çətinliklə üzləşmədik. Çəkilişlərin daha çox gecə saatlarında olması - tək çətinlik bu ola bilər.


- Ekran əsərinin Azərbaycanda müasir, həm də keyfiyyətli filmlərin çəkilməsində böyük rolunun olacağına inanırsınız?


- İnanıram. Çünki mənə görə bu yeni bir dalğadır. Belə filmlər daha çox olmalıdır. Müxtəliflik lazımdır. İnkişafın, rəqabətin və ümumiyyətlə keyfiyyətli filmim olmasını istəyiriksə, daha çox zənginlik və müxtəliflik olmalıdır. Bizdə belə filmlər olsa da çox azdır. Ancaq standart və çeynənilmiş mövzulara sahib komediyalar olmamalıdır.


- Hazırda Azərbaycan filmlərində komediyadan başqa digər janrlara niyə üstünlük verilmir?


- Çünki tələbat yoxdur. Məncə xalqımız bir az depressiv xalq olduğu üçün filmlərdə gülüşü axtarır. Yəni demək istədiyim odur ki, biz eşq-məhəbbətdən çox gülməyə üstünlük veririk. Amma güləndə də baxmaq lazımdır ki, nəyə gülürük. (?!) Düzdü heç kimin zövqünə qarışa bilmərik... Məncə burda iş daha çox film prodakşnlarının üzərinə düşür. Tamaşaçının alışması üçün daha çox keyfiyyətli filmlər çəkilməlidir ki, tamaşaçı daha da yaxşılarını tələb etsin.


- Son sualım yenə Azərbaycanın indiki dövrdə çəkilən filmləri ilə bağlı olacaq. Sizcə gənc nəslin Andrey Zvyaginsev və ya Xavier Dolan kimi filmlər ərsəyə gətirə bilməməsinin səbəb nədir?


- Bunun üçün o qədər səbəb var ki... (Düşünür) Bu bir və ya iki səbəb göstərməklə bitən mövzu deyil. Xavier Dolanın işini isə bir az təbliğat xarakterli olduğunu düşünürəm. Düzdür, cavandır və məncə haradasa mənimlə eyni yaşdadır. Amma nə edək, uğur olsun Xavier Dolana da, mənə də, ümumiyyətlə bütün çəkiliş heyətinə. 


Söhbətləşdi: 

Arzu Ağayeva

12.01.2018 17:22 / Baxılıb: 835 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
21.06.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo