Ətraf mühitə ziyan vuranlar 117500 manat cərimələnib

Eşqin Nuruşov/AZADİNFORM. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

DİN-dən Azadinform-a verilən məlumata görə, 2017-ci il ərzində paytaxtın Səbail, Nizami, Yasamal, Binəqədi, Xətai, Sabunçu, Suraxanı, Xəzər, Qaradağ, eləcə də Abşeron rayonlarında və Sumqayıt şəhəri ərazilərində keçirilən belə tədbirlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 266-cı (İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) və 244-cü (Torpaqların (meşə fondu torpaqların) zibillənməsi və korlanması) maddələrinin tələblərini pozmuş 52 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib.  Onlara tətbiq olunan cərimələrin məbləği 81.500 manat təşkil edib.

Ümumilikdə ötən il ərzində şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilən belə tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozan 859 nəfər inzibati məsuliyyətə cəlb edilib, onlara ümumilikdə 117.500 manat cərimə tətbiq olunub.

Bu istiqamətlərdə tədbirlər davam etdirilir.

12.01.2018 16:17 / Baxılıb: 310 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo