Hədəfimiz iqtisadiyyata 15 milyard dollar investisiyanın cəlb edilməsidir

Samir Soltanov/AZADİNFORM. “Hədəfimiz bu il Azərbaycan iqtisadiyyatına 15 milyard dollar investisiyanın cəlb edilməsidir”. 

Azadinform xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib. Nazir müavini qeyd edib ki, qlobal maliyyə çətinliyi dövründə investisiyalar hər zaman siyasi, təhlükəsizlik və iqtisadi baxımından stabil ölkələrə üz tutur: “Bu çərçivədə Azərbaycanın 2017-ci ildə 15 milyard dollaradək investisiya cəlb etməsi böyük göstəricidir. Bu, həm ölkəmizin iqtisadiyyatına, Azərbaycan dövlətinin sabitliyinə olan güvəndir. Bunun çərçivəsində həm neft, həm də qeyri-neft sahələrinə investisiyalar yatırılıb. Hədəfimiz bu il də bu dinamikanı qorumaq, Azərbaycan iqtisadiyyatına daha 15 milyard dollar investisiyanın cəlb edilməsidir. Bu sahədə kompleks işlər görülür. İnvestisiya mühiti yaradılır, biznes mühiti daha da təkmilləşdirilir. Ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində investisiya təşviqi mexanizminin tətbiqinə başlanılıb. Kənd təsərrüfatında geniş dəstək tədbirləri həyata keçirilib, sənaye məhəllələri, sənaye parkları yaradılıb. Bütün yaradılmış bu mexanizmlər imkan verir ki, Azərbaycanın investisiya mühitinə inam davam etsin və ölkəyə investisiyaların axını daha da genişlənsin. Azərbaycanın neft-sektorunda aktiv ölkələr var. Böyük Britaniya, Türkiyə, Fransa neft sektorunda kifayət qədər aktiv ölkələrdir. Artıq Körfəz ölkələri, Avropa ölkələri Azərbaycana investisiya yatırmağa başlayıb”. 

S. Babayev vurğulayıb ki, beynəlxalq reytinq agentlikləri, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın biznes mühitinə çox yüksək reytinqlər verilir: “Bu, əminlik yaradır ki, bu il də Azərbaycan həm xarici, həm daxili investisiyalar üçün əsas mərkəzlərdən biri olacaq”.

12.01.2018 15:37 / Baxılıb: 372 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo