2017-ci ildə rekord sayda ipoteka kreditləri verilib

Samir Soltanov/AZADİNFORM. “İpoteka kreditlərinin verilməsi sahəsində yeniliklərin tətbiqi, prosesin əhəmiyyətli dərəcədə sadələşdirilməsi və tam avtomatlaşdırılması bu kreditlərə əhali arasında yüksək tələbin formalaşmasına zəmin yaradıb. Nəticədə, əvvəlki illərlə müqayisədə 2017-ci ildə rekord sayda və ən yüksək həcmdə ipoteka kreditləri verilib”. 

Azadinform xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Bildirilir ki, 2017-ci il ərzində müvəkkil banklara ümumi məbləği  859,7 mln. manat təşkil edən 12702 sayda müraciət daxil olub, 203,1 mln. manat məbləğində isə 3109 ipoteka krediti verilib. 

Ötən il ərzində verilmiş kreditlərin 1076 ədədi (70,6 mln.manat) güzəştli ipoteka kreditlərinin payına düşüb. Qeyd etmək lazımdır ki, Cəmiyyətin vəsaiti hesabına güzəştli ipoteka kreditlərinin verilməsinə 2007-ci ildən başlanılıb. Güzəştli kreditlər dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına verilir və  dövlət büdcəsindən Cəmiyyətə ayrılmış vəsaitlər tam şəkildə bu kreditlərin maliyyələşdirilməsinə yönəldilir. 
2017-ci il ərzində verilmiş ipoteka kreditlərinin 2860 ədədi (184,2 mln.manat) Cəmiyyət tərəfindən maliyyələşdirilib. 
Ümumilikdə, 2006-2017-cı illərdə Cəmiyyətin vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 944,3 mln. manata, bu kreditlər hesabına öz yaşayış şəraitini yaxşılaşdırmış ailələrin sayı isə 21300-ə yaxın olub. Bu kreditlərin 278,7 mln. manatdan çox hissəsini (6238 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edib. 
İpoteka kreditlərindən faydalananların 70,3%-ni gənclər və gənc ailələr təşkil edib, kreditlərin 24,1%-i isə regionlarda verilib.

12.01.2018 15:00 / Baxılıb: 261 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo