Böyük dövlətlərin istəyi olmadan ATƏT sədri münaqişənin həllini sürətləndirə bilməz

Leyla Məhərrəmova / AZADİNFORM. “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın ortalarında baş tutacaq görüşü barədə optimist deyiləm”.

Bunu Azadinform-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, XİN rəhbərlərinin görüşündən ciddi bir nəticə gözləmir. Bunun səbəbini isə politoloq Ermənistanın siyasətində heç bir dəyişikliyin olmaması ilə əlaqələndirib.

İtaliyanın ATƏT-ə sədrliyinə gəlincə, E. Şahinoğlu deyib ki, 25 il ərzində ATƏT-ə çox dövlət sədrlik edib.

O vurğulayıb ki, hətta Azərbaycana çox yaxın dövlətlər, Qazaxıstan da bu təşkilata sədrlik edib: “Çox təəssüf ki, ATƏT-də sədrlik simvolik xarakter daşıyır və sədr istəsə belə münaqişənin həllində ortaya fəallıq qoya bilmir”.

Politoloqun fikrincə, əsas söz sahibi bölgədə marağı olan böyük dövlətlərdir və onların istəyi olmadan ATƏT sədri münaqişənin həllini sürətləndirə bilməz.

E. Şahinoğlu əlavə edib ki, bu il Ermənistan prezidenti Serj Sarkisyan partiyasına saxta yolla qələbə qazandırıb kürsüsünü dəyişəcək, yəni Sarkisyan baş nazir ola bilər: “Baş nazir kimi onun prezidentdən yüksək statusu olacaq. Sarkisyan bu yolla ölkəni idarə etməyə çalışacaq”. 

“Sarkisyanın prezidentlik müddəti başa çatana qədər  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prezidentlər səviyyəsində görüş baş tuta bilərmi?” sualına cavabda politoloq deyib: “Prezidentlər səviyyəsində görüşün olacağına inanmıram. Bu il seçki ilidir. Qarabağ danışıqlarında da irəliləyiş yoxdur”.

12.01.2018 13:12 / Baxılıb: 2871 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo