Komitə ötən ilin hesabatını verdi

Samir Soltanov/AZADİNFORM. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2017-ci ildə görülən işlərə dair hesabatı açıqlayıb. 

Komitədən Azadinform-a verilən məlumata görə, Azərbaycanda 2017-ci il ərzində həyata keçirilən iqtisadi islahatlar sahibkarlığın inkişafının sürətləndirilməsi, sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınması, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun rolunun gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və ixrac potensialının artırılması ilə bağlı olub. Bu baxımdan məhsulların xarici bazarlara çıxarılması üçün milli keyfiyyət infrastrukturunun beynəlxalq tələblərə uyğunlaşdırılması və bu sahədə islahatların dərinləşdirilməsi mexanizmləri formalaşıb. 

Texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fondunda 20 mindən çox dövlətlərarası və 966 milli standart mövcuddur. Onlardan 94 standart neft-kimya, 322 standart uyğunluğun qiymətləndirilməsi, 148 standart sənaye, 22 standart xidmət, 249 standart aqrar və qida, 107 standart tikinti materialları sahələrinə aiddir. Milli standartların 45%-i beynəlxalq və Avropa standartlarına harmonizə edilib.

Hesabat ili ərzində 145 ədəd ölçmə vasitəsinin tipi təsdiq edilərək, tipin təsdiq edilməsi haqqında sertifikat verilmiş və ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilib.

2017-ci il ərzində maddə və materialların tərkib və xassələrinin dövlətlərarası standart nümunələr səviyyəsində tanınması məqsədilə 23 ədəd standart nümunənin sənədlərinin metroloji ekspertizası aparılaraq, Komitə tərəfindən müsbət rəy verilmiş və standart nümunələrin reyestrinə daxil edilib.

Sahibkarların müraciəti əsasında lisenziyalı fəaliyyətlə məşğul olmaq üçün 286 təsdiqedici sənəd verilib.

Hesabat ilində Patent və Əmtəə Nişanları Mərkəzi tərəfindən 1374 əmtəə nişanı, 6 coğrafi göstərici, 64 ixtira, 8  faydalı model və 7 sənaye nümunəsi qeydiyyata alınıb. Milli iddiaçılar tərəfindən Patent Kooperasiyasi haqqında Saziş şərçivəsində 5 beynəlxalq iddia sənədi, Avrasiya Konvensiyası çərçivəsində 34 Avrasiya iddia sənədi verilib.  
Bildirilir ki,          qeyri-neft ixracının stimullaşdırılması ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrası xarici ölkələrlə ticarət əlaqələrində texniki maneələrin aradan qaldırılmasını, təhlükəsiz və keyfiyyətli, yüksək texnologiyalı və innovativ məhsulların istehsalını, istehsalat və xidmət göstərən müəssisələrdə müasir keyfiyyəti idarəetmə sistemlərinin tətbiq edilməsini tələb edir. Ticarətdə texniki maneələrin aradan qaldırılmasında əsas şərtlərdən biri kimi müvafiq sistem və prosedurların beynəlxalq aləmdə tanınmasını təmin etmək istiqamətində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə) tərəfindən 2017-ci il ərzində beynəlxalq təşkilatlar, xarici dövlətlərin müvafiq qurumları ilə  sıx əməkdaşlıq edilib. 
Azərbaycanda qeyri-neft ixrac potensialının genişləndirilməsi, ticarətdə texniki maneələrin aradan qaldırılması və keyfiyyət infrastrukturunun beynəlxalq tanınması istiqamətində bir sıra tədbirlər görülüb. Mayın 15-də Pekin şəhərində Azərbaycan və Çin arasında “Texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində Anlaşma Memorandumu” imzalanıb. Sənədi Komitə sədri Ramiz Həsənov və Çin Xalq Respublikasının Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının (Nazirliyi) nazir müavini U. Çinxay imzalanıb. İmzalanmış sənəd iki ölkə arasında ticarətdə texniki maneələri aradan qaldırmaq və iqtisadi əlaqələri gücləndirmək, həmçinin Azərbaycanın qeyri-neft ixrac potensialının gücləndirilməsi məqsədini daşıyır. Sənədə əsasən Komitə Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyası ilə texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində əməkdaşlığı inkişaf etdirəcək, Azərbaycan məhsullarının Çin bazarına maneəsiz ixrac edilməsi məqsədilə müvafiq işlər görüləcək. Belə ki, razılaşmaya əsasən Azərbaycanla Çin arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi də daxil olmaqla, Milli Keyfiyyət İnfrastrukturu sahələrində texniki əməkdaşlığın təmin edilməsi, uyğunluğun qiymətləndirilməsi və metrologiya üzrə regional və beynəlxalq orqanlar tərəfindən keçirilən layihələrdə və tədbirlərdə qarşılıqlı əməkdaşlıq, keyfiyyət infrastrukturu sahələrində biliklərin artırılması məqsədi ilə birgə təlim proqramları, nümayəndə heyətləri və mütəxəssislərin mübadiləsi, normativ sənədlərin, milli standartların kataloqlarının, normaların və reqlamentlərin, sertifikatlaşdırma orqanları barədə ümumi məlumatın və nəşrlərin, məcburi sertifikatlaşdırılan məhsulların kataloqlarının, təlim proqramları və mütəxəssislərin ixtisaslarının artırılması ilə bağlı materialların və məlumatların  mübadiləsi, sertifikatların qarşılıqlı tanınması üzrə əməkdaşlıq ediləcək.

Komitə sədri Ramiz Həsənovla Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının nazir müavini U Çinxay arasında keçirilən görüşdə Azərbaycanda qeyri-neft ixrac potensialının gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan işlər, yerli məhsulların satışının xarici bazarlarda  genişləndirilməsi istiqamətində görülən tədbirlər barədə Çin tərəfinə məlumat verilmiş və bu sahədə Çinlə əməkdaşlığın vacib əhəmiyyət daşıdığı qeyd edilərək bu niyyətin reallaşması üçün Çin tərəfinin marağı yüksək qiymətləndirilmişdir.

Görüşdə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının Çinə ixracı və bu istiqamətdə keyfiyyət infrastrukturu sahələrinin qarşılıqlı tanınmasına nail olmaqla bağlı razılıq əldə olunub. Belə ki, qarşılıqlı anlaşmaya əsasən Çin tərəfi Azərbaycanda istehsal olunan məhsullara verilmiş sertifikatları tanıyacaq, akkreditasiya olunmuş sertifikatlaşdırma orqanları ilə əməkdaşlığı gücləndirəcək. Bundan başqa Çin akkreditasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara üzv olmaqla bağlı Azərbaycana öz dəstəyini göstərəcək.

2017-ci ilin may ayında komitənin nümayəndə heyəti Sloveniyanın Bled şəhərində Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasında iştirak edib. Tədbir çərçivəsində Azərbaycanın nümayəndə heyəti ilə Latviya, Belarus, Türkiyə və Moldova nümayəndə heyətləri arasında görüşlər keçirilmiş, akkreditasiya sahəsində əməkdaşlığın genişləndirilməsi və Azərbaycan Akkreditasiya Mərkəzinin təşkilata üzvlüyünün dəstəklənməsi ilə bağlı razılıq əldə olunub. EA-nın vitse-prezidenti İqnasio Pina və aparatının rəhbəri Martine Blum ilə görüşdə təşkilata üzvlüklə bağlı ilin əvvəlində Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən təqdim olunmuş müraciət müzakirə edilib. Müraciət EA katibliyi tərəfindən yüksək qiymətləndirilib.

2017-ci ilin 21-25 noyabr tarixlərində Komitənin nümayəndə heyəti Almaniyanın Berlin şəhərində Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasının iclasında iştirak edib. Səfər çərçivəsində Komitə sədri Ramiz Həsənov Avropa Akkreditasiya Təşkilatının yeni seçilmiş rəhbəri Peter Strombak ilə keçirilmiş görüşdə sahibkarlığın inkişaf etdirilməsi, qeyri-neft ixrac potensialının artırılması və ticarətin liberallaşdırılması istiqamətində ölkəmizdə aparılan islahatlar barədə məlumat verib. Beynəlxalq təşkilatın rəhbəri Azərbaycanda həyata keçirilən islahatlar çərçivəsində keyfiyyət infrastrukturu sahələrinin inkişafı ilə bağlı atılmış addımları yüksək qiymətləndirib. Komitə sədri Baş Assambleyanın iclasında çıxış edərək ticarətdə texniki maneələrin aradan qaldırılması məqsədilə keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması prosesinin uğurla davam etdiyi, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi və bu sahədə xarici təcrübənin tətbiqi üçün Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Fərmanına əsasən “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin təsis edildiyi və ona milli orqan statusunun verildiyi barədə məlumat verib.

Baş Assambleyanın iclasında Azərbaycan Akkreditasiya Mərkəzinin Avropa Akkreditasiya Təşkilatına assosiativ üzvlüyü ilə bağlı müraciətinə baxılıb. Azərbaycan Akkreditasiya Mərkəzi yekdilliklə beynəlxalq təşkilatın assosiativ üzvlüyünə qəbul edilib.

Assambleya çərçivəsində Azərbaycan Akkreditasiya Mərkəzi ilə Latviya Milli Akkreditasiya Bürosu və Macarıstan Milli Akkreditasiya Təşkilatı arasında Anlaşma Memorandumları imzalanmışdır. Həmçinin “Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının (Aİ) Tvinniq layihəsinin icraçıları olan Almaniya, İtaliya və Latviya akkreditasiya qurumlarının rəhbərləri ilə görüşlər keçirilmiş, layihənin icra vəziyyəti müzakirə edilmişdir.

2017-ci ilin 30 may – 1 iyun tarixlərində Bakıda MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının yubiley iclası keçirilib. Tədbirdə 14 ölkə, 10 beynəlxalq və regional təşkilatdan 100-dək qonaq iştirak edib. 3 gün ərzində keçirilən tədbirdə MDB ölkələri arasında ticari əlaqələrin genişləndirilməsi, ticarətdə texniki maneələrin aradan qaldırılması, texniki tənzimləmə, standartlaşdırma, akkreditasiya sahələrində qarşılıqlı tanınmanın təminatının gücləndirilməsi və digər mövzularda müzakirələr aparılıb.

Tədbir çərçivəsində həmçinin Azərbaycan Akkreditasiya Mərkəzi ilə Qazaxıstanın Milli Akkreditasiya Mərkəzi, Moldovanın Akkreditasiya üzrə Milli Mərkəzi və Belarusun Akkreditasiya Dövlət Mərkəzi arasında akkreditasiya sahəsində qarşılıqlı əməkdaşlıqla bağlı ikitərəfli Anlaşma Memorandumları imzalanıb. 
Komitə sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 20-22-də Almaniyanın Berlin şəhərində Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) Baş Assambleyasının 40-cı iclasında iştirak etmişdir. Səfər çərçivəsində İSO-nun Baş katibi Serjio Muxika ilə görüşdə Azərbaycanda standartlaşdırma sahəsində aparılan islahatlar, keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq tanınmasına nail olmaq üçün görülmüş tədbirlər haqqında məlumat verilib.

Almaniya Standartlar İnstitutunun (DİN) Baş katibi Kristof Vinterxalterlə keçirilmiş görüşdə standartlaşdırma sahəsində iki ölkə arasında mövcud münasibətlərin daha da inkişaf etdirilməsi qərara alınıb. 
Səfər çərçivəsində Türkiyə, Rusiya, Belarus, Qazaxıstan və digər ölkələrin standartlaşdırma üzrə milli orqanlarının rəhbərləri ilə keçirilmiş görüşlərdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə edilmişdir. Sınaq və Materiallar üzrə Amerika Cəmiyyətinin (ASTM) prezidenti Katrin Morqanla keçirilmiş görüşdə dünyada tanınmış standartların ölkəmizdə tətbiqi, Azərbaycan Standartlaşdırma İnstitutu ilə birgə tədbirlərin təşkili və mütəxəssislərin hazırlığı məsələləri müzakirə edilib.

Sentyabrın 7-də Komitənin təşkilatçılığı ilə “Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının Tvinninq layihəsinin açılış mərasimi keçirilib

2017-ci ilin sentyabr ayında Azərbaycan Respublikası "Patent və Əmtəə Nişanları Mərkəzi" publik hüquqi şəxs  və Moldova Respublikası Əqli Mülkiyyət üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq Memorandumu imzalanıb. 
Mərkəzin əməkdaşları Moldovaya səfər çərçivəsində Əqli Mülkiyyət üzrə Dövlət Agentliyinin  yaranmasının 25 illik yubileyi ilə əlaqədar təşkil olunmuş beynəlxalq konfransda da iştirak ediblər. Tədbirdə ölkələr arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və əməkdaşlığın gələcək inkişaf istiqamətləri barədə müzakirələr aparılıb.

Komitə sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti 2-4 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Üzv Dövlətləri Assambleyasının 57-ci iclasında iştirak edib. 
Səfər çərçivəsində Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzi ilə Azərbaycan Patent və Əmtəə Nişanları Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Oktyabrın 11-də Komitə sədri Ramiz Həsənovla Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas arasında görüş olub. 
Oktyabrın 23-də Azərbaycan-Körfəz Ərəb Dövlətləri Əməkşdalıq Şurası üzv ölkələrinin biznes forumu çərçivəsində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxslə (ASİ) Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının (KƏŞ) Standartlaşdırma Təşkilatı arasında texniki əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.    
Azərbaycan Respublikası ərazisində qüvvədə olan standartların elektron bazası yaradılıb, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzinin serverində yerləşdirilib, hazırda ictimaiyyətə açıq şəkildə təqdim edilməsi üçün komitənin saytına inteqrasiya olunmaqdadır. Elektron bazada milli standartlarla yanaşı, beynəlxalq və dövlətlərarası, o cümlədən xarici ölkələrin standartları və digər texniki normativ sənədlər, onların əldə edilməsi şərtləri barədə məlumatlar, yerli müəssisələrə onlayn çatdırılması imkanları yaradılıb.

Elektron xidmətlərin tətbiqi ilə əlaqədar dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin edilməsi məqsədi ilə komitə tərəfindən göstərilən e-xidmətlərin aidiyyəti dövlət orqanlarının informasiya ehtiyatlarına inteqrasiyası başa çatdırılıb.

Komitənin göstərdiyi e-xidmətlərin və informasiya sistemlərinin sayının artırılması istiqamətində də bir sıra işlər həyata keçirilmişdir. E-xidmətlərin sayının 12-dən 18-ə, informasiya ehtiyatlarının sayının 6-dan 7-yə çatdırılması məqsədi ilə “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli və “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarlarında dəyişikliklər edilməsi üçün layihələr hazırlanaraq razılaşdırılmaq üçün müvafiq qurumlara təqdim edilib.  
Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” 11 sentyabr 2014-cü il tarxili Fərmanına uyğun olaraq Komitə tərəfindən Dövlət Xidmətlərinin Elektron Reyestrinə 14 xidmət daxil edilmişdir. “Dövlət xidmətlərinin ASAN xidmət indeksi üzrə qiymətləndirilməsi Qaydaları”na əsasən Elektron Reyestrə zəruri məlumatlar daxil edilib.

Ölkədə “e-hökumət” quruculuğu sahəsində aparılan işlər çərçivəsində “açıq hökumət” məlumatlarından fiziki və hüquqi şəxslərin səmələri şəkildə istifadə etməsi, onların innovativ ideyalarının dəstəklənməsi, eləcə də dövlət idarəçiliyində əlavə dəyərin yaradılması yönündə ictimaiyyətin iştirakını təşviq etmək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılmış “Açıq Hökumət məlumatları” portalına (www.data.gov.az) məlumatların daxil edilməsi üzrə işlər davam etdirilib. 
2017-ci il  ərzində sənaye müəssisələrinə informasiya dəstəyinin göstərilməsi məqsədi ilə komitənin internet səhifəsində gündəlik olaraq tədbirlər, elan və xəbərlər, təsdiq edilmiş və ya dəyişiklik edilmiş standartlar, akkreditasiya olunmuş uyğunluğun qiymətləndirilməsi orqanlarının və uyğunluq sertifikatlarının dövlət reyestrində onlayn yenilənən məlumatlar yayımlanıb.

Çevik məlumat mübadiləsini təmin etmək üçün komitənin 963 nömrəli Çağrı Mərkəzinin imkanlarından da istifadə olunub. Hesabat ili ərzində Komitənin “963”nömrəli Çağrı Mərkəzinin funksional imkanları artırılmış, daxil olan müraciətlərin operativ icraya yönləndirilməsi təmin edilib. 2017-ci il ərzində Çağrı Mərkəzinə vətəndaşlardan 190 müraciət daxil olub.   
Eyni zamanda Komitəyə 254 vətəndaş müraciəti daxil olub ki, bunlardan 176-sı ərizə, 78-i şikayət xarakterli məktublar olub.

12.01.2018 10:42 / Baxılıb: 411 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo