ABŞ-ın Rusiyanın silah sənayesinə etdiyi sanksiyaların Azərbaycana mənfi təsirləri yoxdur

Samir Soltanov/AZADİNFORM. “ABŞ-ın Rusiyanın silah sənayesinə qarşı sanksiyaları bu ölkə ilə hərbi-texniki əməkdaşlıq edən ölkələrə də təsir etməkdədir. Bu təsirlər Azərbaycan və Ermənistandan da yan keçməyəcək. Ancaq Ermənistandan fərqli olaraq Azərbaycan üçün bu sanksiyaların müsbət tərəfləri də olmamış deyil”. 

Azadinform xəbər verir ki, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib. Partiya sədri qeyd edib ki, hal-hazırda Azərbaycan Rusiyanın əsas silah ticarəti tərəfdaşlarından biridir: “Ölkəmiz son illərdə Rusiyadan təxminən 5 milyard dollar civarında silah-sursat, zirehli texnika, raket və artilleriya sistemləri alıb. Ancaq Ermənistandan fərqli olaraq Azərbaycan silah ticarətində heç də tamamilə Rusiyadan asılı deyil. Biz Rusiya ilə bərabər, İsrail, Türkiyə, Pakistan, Ukrayna, Belarus və başqa ölkələrdən də müasir döyüş texnikaları alırıq. Üstəlik də, bu ölkələrin bəzilərindən aldığımız elə silahlar var ki, onlar silah sənayesində ən müasir silah nəsli sayılır və bu silahlar hal-hazırda hətta Rusiya kimi nəhəng silah istehsalçısının da ordusunda yoxdur. Bütün bu amilləri nəzərə alsaq, tam əminliklə deyə bilərik ki, ABŞ-ın Rusiyanın silah sənayesinə tətbiq etdiyi sanksiyaların Azərbaycana qətiyyən mənfi təsirləri yoxdur. Əksinə, bu sanksiyalar vasitəsilə Azərbaycan Rusiyadan böyük həcmdə silah alınması öhdəliklərindən birdəfəlik yaxa qurtara bilər. Bu isə yaxın perspektivdə Azərbaycanın təhlükəsizliyi üçün çox önəmli bir faktordur”. 

Ə Hüseynovun sözlərinə görə, Ermənistan barədə isə eyni sözləri demək mümkün deyil: “Ermənistan ordusu hal-hazırda tamamilə Rusiyanın hərbi-sənaye kompleksindən (HSK) asılı vəziyyətdədir. Odur ki, ABŞ-ın məlum sanksiyaları Ermənistanın da hərbi-siyasi durumuna birbaşa ciddi təsirini göstərir. Və bu təsirlərin fonunda regionda geosiyasi şərtlər Azərbaycanın xeyrinə dəyişməkdədir”.

11.01.2018 15:56 / Baxılıb: 410 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo