Prezident İlham Əliyev: "Ənənəvi kənd təsərrüfatı sahələrində çox böyük inkişaf var"

Keçən il bölgələrdə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirələr keçirilib, bir neçə dövlət proqramı qəbul edilib. Biz görürük ki, bu sahələrdə çox böyük inkişaf var. Bu sahələrə göstərilən diqqət həm iş yerlərinin yaradılmasına gətirib çıxarır, həm də ixrac potensialımızı artırır.

Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.


İki ildə pambıq istehsalı səkkiz dəfə artıb


Dövlətimizin başçısı qeyd edib ki, keçən il 207 min ton, 2016-cı ildə 89 min ton, 2015-ci ildə isə 35 min ton pambıq yığılıb. Yəni, iki il ərzində pambıq istehsalı demək olar ki, səkkiz dəfə artıb və 200 minə yaxın insan pambıqçılıq sahəsində çalışır, pul qazanır.


Bu il barama tədarükü 450-500 tona çatmalıdır


Baramaçılıqda əldə olunan uğurlardan da danışan Prezident İlham Əliyev deyib ki, 2015-ci ildə 200 kiloqram, 2016-cı ildə 70 ton, 2017-ci ildə 245 ton barama tədarük edilib. Bu da kümçülərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərir. Bu il bu rəqəm 450-500 tona çatmalıdır və ipəkçiliyin şöhrəti bərpa ediləcək.


Fermerlər fındıq ixracından 100 milyon dollardan çox vəsait əldə ediblər


Keçən il 18 min hektar fındıq bağlarının salındığını bildirən dövlətimizin başçısı bağların sahəsinin 55 min hektara çatdığını, hədəfin isə 80 min hektar olduğunu vurğulayaraq deyib: “Fındıqçılıq kənd təsərrüfatının inkişafı və ixrac imkanlarımızın genişləndirilməsi üçün önəmli yer tutacaq. Bu gün ixrac edilən kənd təsərrüfatı məhsulları arasında fındıqçılıq ikinci yerdədir. Fermerlər bu məhsulun ixracından 100 milyon dollardan çox vəsait əldə ediblər”. Həmçinin qeyd olunub ki, birinci yeri pomidor ixracı tutur. Bu sahəyə də çox böyük maraq və tələbat var. Keçən il 140 milyon dollar dəyərində pomidor ixrac edilib. İndi ölkəmizdə 400 hektardan böyük bir sahədə yeni istixana komplekslərinin yaradıldığını nəzərə alsaq, təsəvvür etmək olar ki, tərəvəz ixracı nə qədər artacaq. Çünki biz özümüzü tərəvəzlə çoxdan təmin etmişik.


Yaxın gələcəkdə tütünü həm də hazır məhsul şəklində ixrac etməliyik


Tütünçülüyə göstərilən diqqətin öz bəhrəsini verdiyini söyləyən dövlətimizin başçısı bildirib ki, əgər 2016-cı ildə 3500 ton tütün tədarük olunmuşdusa, keçən il bu rəqəm 5200 tona çatıb. “Bu il də bir çox önəmli tədbirlər görüləcək, qurutma kameraları alınacaq və fermerlərə əlavə dəstək veriləcək. Biz tütünçülüyün bərpasına çox yaxınıq və gələcəkdə tütünü nəinki xammal kimi, hazır məhsul - siqaret şəklində ixrac etməliyik”, - deyə Prezident qeyd edib.


Yaxın gələcəkdə özümüzü ət və süd məhsulları ilə tam şəkildə təmin edəcəyik


Prezident nitqində, həmçinin bildirib ki, heyvandarlığa da çox böyük diqqət göstərilir və bu il ölkəmizə minlərlə baş cins mal-qara gətiriləcək: “Bilirəm ki, 40-dan çox aqroparkın arasında heyvandarlıq arqoparkları da önəmli yer tutur. Beləliklə, əminəm ki, biz yaxın gələcəkdə özümüzü ət və süd məhsulları ilə tam şəkildə təmin edəcəyik”. (Azərtac)

11.01.2018 10:20 / Baxılıb: 750 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo