Yerevanın iki məsələdə mübarizə aparmağa gücü çatmır

Leyla Məhərrəmova / AZADİNFORM. 2017-ci il Ermənistan üçün RF-in daha çox təsiri altına düşməsi, süni “uğur yaratma” kompaniyası, Ağdərə faktorunun yaranması ilə xarakterizə olunur.

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, ötən il Ermənistanın bütün vektorlar üzrə siyasətini aktivləşdirməsi onun Rusiyanın təsiri altına düşməsi prosesini daha sürətləndirdi: “İranın qrantları hesabına tikilmiş Mehri və Aqarak şəhərlərinin qazpaylama şəbəkəsini RF-in havayı müsadirə etməsi RF-in təkcə İrana deyil, həm də ABŞ və Aİ-yə xəbərdarlığı idi”.

Politoloq vurğulayıb ki, hakim elita S.Sərkisyanın siyasətində süni “uğur yaratma” kompaniyası apardı. Dağlıq Qarabağ məsələsində uğur əldə etdiklərinə həm də müxalifət təmsilçiləri inanır: “2017-ci il Ermənistanın 2016-cı ildəki itkilərinin leqitimləşdirilməsi, Azərbaycanın işğalçılığa qarşı siyasi iradəsinin qətiləşməsi və maddiləşməsi, Ağdərə faktorunun yaranması ili oldu. S.Sərkisyanın siyasəti daha ciddi itkilərin bünövrəsini qoydu”.

M. Əhmədoğlu əlavə edib ki, Ermənistanın reytinqlərdə mövqeyi getdikcə zəifləyir. “Freedom House” Ermənistan mətbuatını qeyri-azad ölkələr siyahısına saldı. İntellektual mülkiyyətin mühafizəsinə görə 5, eləcə də mətbuat azadlığı indeksinə görə də 5 pillə geriləyib: “Ermənistanda adambaşına 2200 dollar dövlət borcu düşür.Ermənistan vətəndaşları müstəqillik gününü daha az həvəslə qeyd edirlər. Səbəb ölkədə ağır sosial və iqtisadi vəziyyətdir. Hər milyon nəfərə düşən avtoqəzada ölənlərin sayına görə (114,7) Ermənistan dünyada 3-cü yerdədir. Bankrot olunmuş “Nairit” zavodunun əmlakı satışa çıxarıldı”.

Politoloq  deyib ki, Regional Tədqiqatlar Mərkəzinin rəhbəri Riçard Kirakosyanın “Əgər Stiv Cobs Ermənistanda doğulsaydı, indi o taksi sürərdi”-fikrini daxili vəziyyətin ümumiləşdirilmiş formulu kimi qəbul etmək olar.

M. Əhmədoğlunun fikrincə, artıq  “erməni soyqırımı” məsələsi arxa plana keçib. Çünki rəsmi Yerevanın iki ümummilli məsələdə (“erməni soyqırımının” və Dağlıq Qarabağın tanınması) mübarizə aparmağa gücü çatmır: “ Dağlıq Qarabağ məsələsi Ermənistan üçün ən prioritetdir. Bu erməni xarakterinə uyğun haldır. “Erməni soyqırımı” nəzəri-ideoloji məsələdir və az pul cəlb edir. Dağlıq Qarabağ məsələsi konkret maddiliklə, ərazilərlə bağlıdır və daha çox maliyyə cəlb etməyə imkan verir. Ermənistan rəhbərliyi həmişə ideologiyanın deyil, maddiyatın yanında olublar”.

Politoloq  əlavə edib ki, “Diaspor Ermənistana inanmır. Ermənistan diasporda inamı itirib. Çünki diaspor Ermənistan haqqında həqiqəti bilir”, “Diasporda əksəriyyət Ermənistanda maraqlı deyil”, “Diaspor təhlükəyə çevrilir” fikirləri aktuallaşdı.

10.01.2018 14:10 / Baxılıb: 453 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo