Sevgiyə görə intihar etməyə dəyərmi?

Zaman ötdükcə, intiharların sayı çoxaldıqca, iztirab yaradan intihar kəlməsi dilimizdə adi bir sözə çevrilib. Keçmişdə kiminsə intihar etdiyi xəbəri yayılanda hadisənin baş vermə səbəbləri araşdırılırdı və bir müddət gündəmdə qalırdı. Lakin indiki dövrdə "intihar" sözünün əvvəlki dövrlərlə müqayisədə “gücü” qalmayıb. İndi cəmiyyət intihar edən gənclərə yol göstərmək əvəzinə “intihar gücsüzlüyün əlamətidir”  - deyə qınaq obyektinə çevirirlər.

Artıq intiharların səbəblərində də müxtəliflik var. Günümüzdə daha çox sevgi intiharlarının artdığını müşahidə edirik. Gənclər sevgilisindən "yox” cavabı aldığı üçün müəyyən üsullara əl atırlar. Kimisi  özünü asır, kimisi damarlarını doğrayır və s. İlk öncə gənclərin belə halların baş verməsinə olan münasibətlərini öyrənməyə çalışdıq.


Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Pinar Məmmədova belə düşünür ki, Allahın verdiyi canı almaq heç bir insanın haqqı deyil. “Mən sevgiyə görə intiharın əleyhinəyəm. Çünki səbəbindən asılı olmayaraq intihar etmək düzgün deyil. Məncə sevgi nə qədər güclü olsa da, insanın canından dəyərli olmadığını düşünürəm. Əgər qarşındakı insan səni intihar edəcək qədər üzübsə, sənin canına qıymaq ona dəyməz”. P.Məmmədova  belə düşünür ki, intihar etmək gücsüzlüyün əlamətidir: “İnsan əgər istəsə əziyyətinin ağırlığından asılı olmayaraq hər bir şeyin öhdəsindən gələ bilər. İnsan hər şeyi arxada qoya biləcək qədər güclü varlıqdır. Bir müddət bu ona əziyyət verə bilər. Lakin bütün bunlara baxmayaraq, heç vaxt həyatında yeni səhifə açmaq üçün gec olmur. İntihar sadəcə cahil insanların müraciət etdiyi ən asan çıxış yoludur”, - deyə P.Məmmədova öz yaşıdlarına müraciət edib.


Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi Eşqin Həsənov da öz fikirlərini bizimlə bölüşüb. O belə qənaətdədir ki, gənclərin və yaxud yeniyetmələrin müxtəlif səbəblərə görə intihar etməsi mənasızdır. “Sənin olmayacaq birinə görə sənin olan canına qıymaq lazımsızdır. Həyatda hər şeyin bir çarəsi var. Çarəsi olmayan tək şey ölümdür. Amma ölüm belə son çarə deyil. Elə insanlar var ki, kiməsə və yaxud da nəyəsə həddindən çox dəyər verirlər və dəyər verdikcə də, ona bağlanırlar. Hətta deyərdim ki, insanlar bağlandıqları həmin şəxsi öz canlarından belə dəyərli bilirlər. İntihar etmələrinin səbəbi də məhz həmin şəxsə bağlandıqdan sonra ayrılmağı qəbullana bilməməkdir”. 

E.Həsənov sonda intihar edən gənclərə müraciət edib: “İstədiyin bir şeyə nail olmaq üçün sadəcə mübarizə aparmağın kifayətdir. Nəticə həmişə yaxşı olmaya bilər, amma bu sənin özünü öldürməyin üçün səbəb ola bilməz”.


Bəs görəsən gənclərin sevgiyə görə intihar etmələrinə səbəb nədir?


Bu sualımızla sosioloq Lalə Mehralıya müraciət etdik. O bildirdi ki, intihara meyli olan gənc üçün sevgi sadəcə bəhanədir. Əgər intihar səbəbi sevgi, uğursuz eşq olmasa başqa bir səbəb olacaq: “Məsələn, dərslərdən pis qiymət alması, valideyni tərəfindən danlanması da onun intihar etməsi üçün yetərlidir. Xatırlayırsınızsa 2-3 il əvvəl abituriyentlər intihara meyllənirdi, hətta biri özünü öldürməyə nail olmuşdu, digəri isə xilas ola bilmişdi. Səbəbi imtahan qorxusu idi. Yəni sevgiyə görə intihar etdiyi deyilən gənc digər səbəblərdən də intihar edə bilərdi. Ona sadəcə səbəb və bəhanə lazımdır. Beynində planlaşdırdığı intihara bir don, geyim biçməlidir və həmin ərəfədə onu nə qəmləndirirsə həmin səbəb də o olur”. 

L.Mehralı mövzu ilə bağlı valideyn övlad münasibətləri barədə də öz fikirlərini bildirib: “Təəssüflə qeyd edim ki, yeniyetmə və gənc valideynləri övladları ilə ünsiyyəti lazımı səviyyədə qura bilmirlər. Ya həddən artıq sıxırlar, ya da həddən artıq sərbəst buraxırlar. “Qızıl orta”nı qorumaq, həm nəzarət edib, həm də sıxmamaq hər valideyn tərəfindən əməl edilməyən vəziyyətdir. İlk məhəbbətini, uğursuz sevgi yaşadığı dövrdə yeniyetməyə, gəncə ağır şərtlər qoymaq, qadağalar tətbiq etmək onun çəkdiyi əzabı ağırlaşdırmaqdan başqa bir şey deyil. Övladının sosial-ictimai həyatı ilə maraqlanmayan valideynlər intihar etdikdən sonra səbəb axtarırlar”, - deyə sosioloq sözlərinə əlavə edib.


Maraqlıdır ki, gənclərin səbəbindən asılı olmayaraq intihar etmələri psixoloji olaraqmı baş verir?


Psixoloq Könül Cəfərova Azadinform-a açıqlamasında bildirdi ki, bir çox hallarda insanın nə qədər güclü olmasından asılı olmayaraq sevgi qarşısında acizləşir. “Bir çox ölkələrdə sevgi psixoloji xəstəlik adlandırılıb. Hətta qədim zamanlarda güclü sərkərdələr belə sevgidən uzaq olurdular”.

Psixoloqun sözlərinə görə, insan inkişaf və müəyyən yaş mərhələlərində bir çox böhranlarla rastlaşa bilər: “İnsanlar nə qədər çalışsalar da, bu böhranlarda ilişib qalırlar. Əgər diqqət yetirsək görərik ki, intihar halları daha çox yeniyetmələrdə müşahidə olunur. Bildiyimiz kimi, yeniyetməlik dövrünü yaşayan insanlarda həm fizioloji, həm də psixoloji dəyişikliklər baş verir. Bu zaman insanda müəyyən hisslər yaranır”.

K.Cəfərova belə hallarda valideynlərin rolundan da bəhs edib: “Valideynlər belə məqamlarda, bir çox nüanslarda uşaqları qınayırlar. Valideynlər unutmamalıdırlar ki, övladlarının hisslərinin formalaşdığı dövrdə bacardıqları qədər onlara dəstək olmalıdırlar. Bu cür hadisələrə şahid olmamaq üçün müəyyən dövr ərzində övladlarının yanında olmalıdırlar”.


Eşqin NURUŞOV

9.01.2018 13:53 / Baxılıb: 935 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo