Aİ-Azərbaycan əlaqələrinin inkişafı üçün səyləri əsirgəməyəcəyik

Samir Soltanov/AZADİNFORM. Bu gün baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskas ilə görüşüb. 

Dövlət Komitəsinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Ə. Həsənov görüşdə Avropa İttifaqı ilə əlaqələrin gələcək illərdə də davam etdiriləcəyinə ümidvar olduğunu, bu əlaqələrin müxtəlif sahələrdə möhkəmləndirilməsi üçün K. Yankauskasın Azərbaycandakı fəaliyyəti müddətində daha da fəallaşacağına əminliyini bildirib. 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi kökləri və yaranma səbəbləri barədə məlumat verən baş nazirin müavini münaqişənin həlli üçün ilk növbədə beynəlxalq qurumların qətnamələrinin yerinə yetirilməli, Azərbaycanın ərazi bütövlüyü təmin edilməli olduğunu nəzərə çatdırıb. Ə. Həsənov bu gün Azərbaycan dövlətinin qaçqın və məcburi köçkün problemini idarə etmək üçün xüsusi sistem, mexanizm qurduğunu söyləyib. Ümumilikdə indiyədək respublikanın müxtəlif ərazilərində bütün sosial-texniki infrastrukturu ilə birlikdə 97 müasir tipli qəsəbə və hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllələr istifadəyə verilib, 265 min nəfər bu qəsəbələrə köçürülüb. Avropa İttifaqı tərəfindən ölkədə fəaliyyəti dövründə məcburi köçkünlər üçün hər biri 200 yığma evdən ibarət 16 fin qəsəbəsinin salınmasını xatırladan Ə. Həsənov qeyd edib ki, 1990-cı illərin əvvəllərində ağır vəziyyətlə üzləşmiş Azərbaycanda beynəlxalq humanitar təşkilatların göstərdikləri həmin yardımlar çox vacib idi: “O zaman Azərbaycan hökumətinin iqtisadi baxımdan heç bir imkanı olmayıb. Əgər bu humanitar təşkilatlar o vaxt ölkəyə gəlməsəydilər, ölkədə humanitar fəlakət yaranardı”. 
K. Yankauskas qarşılıqlı faydaya, ümumi dəyərlərə və bütün sahələrdə qarşılıqlı maraqlara əsaslanan Avropa İttifaqı-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. K. Yankauskas qeyd edib ki, Azərbaycanın qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların mənzil probleminin həlli ilə bağlı gördüyü işlər alqışa layiqdir. K. Yankauskas məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrə səfər etmək və gələcəkdə onlar arasında müvafiq inkişaf layihələrinin həyata keçirilməsini nəzərdə tutduqlarını bildirib. 

8.01.2018 16:35 / Baxılıb: 384 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
18.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo