Evlərdən oğurluq edən paytaxt sakini saxlanılıb

Eşqin Nuruşov/AZADİNFORM. Bakıda bayram günləri rayonlara istirahətə gedən şəxslərin evlərindən oğurluq edən şəxs tutulub. 

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən fərdi evlərin birindən oğurluq edilib. Bu barədə ev sahibi Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat verib. Şikayətçi bayram tətili ilə əlaqədar olaraq Şəki şəhərində olduğu müddətdə naməlum şəxsin onun mənzilinin pəncərəsini qıraraq içəri daxil olduğunu və oradan qızıl-zinət əşyaları və bir ədəd “LG” markalı televizorun oğurladığını bildirib.

12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Süleymanov tutulub. Saxlanılan şəxs ifadəsində oğurluq etdiyi evin sahibi ilə qonşu olduğunu və həmin evdə heç kimin yaşamadığını bildiyi üçün oradan oğurluq etdiyini qeyd edib. H. Süleymanovun ətrafında əlavə olaraq həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı onun digər cinayətlərinin də üstü açılıb. Araşdırmalarla saxlanılan şəxsin eyni gündə Balaxanı qəsəbəsində daha iki fərdi yaşayış evinə oğurluq niyyəti ilə daxil olduğu və həmin mənzillərdən də məişət əşyaları və televizor oğurladığı məlum olub.

Qeyd edək ki, H. Süleymanovun oğurluq etdiyi digər evlərin sahibləri də hadisə zamanı bayramla əlaqədar olaraq müxtəlif bölgələrdə istirahətdə olublar.

Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

8.01.2018 12:18 / Baxılıb: 334 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo