Dərbənd XIX-XX əsrin əvvəllərində İtirilmiş tarixi Azərbaycan torpaqlarından biri

Asəf Adil oğlu Hacıyevin “Dərbənd XIX-XX əsrin əvvəllərində” adlı monoqrafiyası çox mühüm problemə - itirilmiş tarixi Azərbaycan torpaqlarından biri olan Dərbəndin tarixinə həsr olunub.

Monoqrafiya tarix elmimiz üçün olduqca aktual, ciddi elmi-siyasi əhəmiyyətə malik olan gərəkli bir tədqiqat əsəridir. 
Azərbaycan xalqının üzləşdiyi bir sıra taleyüklü problemlərin kökü məhz XIX əsrin əvvəllərinə gedib çıxır. XVIII əsrin sonu - XIX əsrin əvvəllərində bölgədə yaranmış mürəkkəb beynəlxalq vəziyyət Azərbaycanın dövlət müstəqilliyinə son qoyulması və ölkə ərazisinin iki imperiya arasında bölüşdürülməsi ilə nəticələndi. 
Birinci Rusiya-İran (1804-1813) müharibəsi zamanı Rusiya tərəfindən işğal edilmiş tarixi Azərbaycan torpaqlarından biri də Dərbənd xanlığının ərazisi idi. 
Dərbəndin XIX-XX əsrin əvvəlləri tarixinin daha dərindən araşdırılması hazırda Azərbaycan mili tarix elmi qarşısında duran mühüm vəzifələrdən biridir. Məhz bu baxımdan Asəf Hacıyevin itirilmiş tarixi torpaqlarımızdan  olan Dərbəndin tarixinə həsr etdiyi monoqrafiya tarixşünaslığımızda mühüm və uğurlu addımdır. 
Monoqrafiya yazılarkən düzgün elmi struktur müəyyən edilmişdir. Dərbənd şəhərinin Rusiya imperiyası tərəfindən işğalı və çar Rusiyasının hakimiyyəti altında olduğu dövrün tarixini - 1806-1917-ci illəri əhatə edən monoqrafiyada Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Rusiya işğalı dövründə Dərbənd şəhər əhalisi kompleks şəkildə tarixi-demoqrafik tədqiqat obyektinə çevrilmişdir. Əsərdə Rusiya işğalı dövründə Dərbənd inzibati anlayışına daxil olan inzibati vahidlər müəyyən edilmiş, Rusiya işğalının Dərbənd şəhəri əhalisinin demoqrafik durumuna acınacaqlı təsiri konkret faktlarla sübut edilmişdir. Monoqrafiyada ilk dəfə olaraq Rusiya işğalı dövründə əhalinin say dinamikasının inkişaf mərhələləri müəyyənləşdirilmiş, qaynaqların verdiyi məlumatlar əsasında əhalinin etnik, dini, sosial-silki, yaş, cins, təhsil səviyyəsi prinsipləri üzrə tərkibi müəyyən edilmişdir. Tədqiqatda Dərbənd şəhəri əhalisinin təbii hərəkəti, ölüm, doğum, nikah, təbii artım səviyyəsi aşkar edilmiş, əhalinin təbii artım səviyyəsinə təsir göstərən sosial-iqtisadi və ictimai-siyasi amillər tədqiq olunmuşdur. Müəllif Dərbənd şəhərində baş vermiş miqrasiya, onun əsas istiqamət və özünəməxsus xüsusiyyətlərini araşdırmış, şəhərin iqtisadi inkişaf səviyyəsini öyrənmiş, sosial-iqtisadi xarakteristikasını vermiş, Dərbənd şəhərinin tarixi inkişafında əhali potensialının rolu və onun düzgün idarə olunmasının əhəmiyyətini aşkar etmişdir. 
“Dərbənd şəhəri XIX-XX əsrin əvvəllərində” adlı birinci fəsildə şəhərin XIX-XX əsr tarixi ilə yanaşı, onun adı və salınması barədə geniş məlumat verən müəllif, həmçinin Dərbəndin inzibati baxımdan mənsubiyyəti məsələsinə də toxunmuş və düzgün olaraq Rusiya işğalına qədər Dərbəndin Azərbaycan dövlətçiliyinə aid olduğunu göstərən tarixi mərhələlərə bölmüşdür. 
Monoqrafiyanın “Əhalinin say dinamikası, yerləşməsi və tərkibi” adlı ikinci fəslində Dərbənd şəhərinin əhalisinin say dinamikası müəyyənləşdirilmiş, Dərbənd xanlığına, Rusiya işğalından sonrakı dövrdə isə inzibati-ərazi vahidi kimi Dərbənd anlayışına hansı ərazilərin daxil olması aydınlaşdırılmış, həmçinin əhalinin yaş-cins strukturu, etnik və dini mənsubiyyəti, sosial tərkibi, təhsil səviyyəsi öyrənilmişdir. Müəllif bu fəsildə düzgün olaraq Dərbəndin aborigen əhalisinin yalnız Azərbaycan türklərindən ibarət olduğunu qeyd etmiş, digər etnosların bu şəhərə köçürülməsini yalnız I Pyotrun Xəzərsahili ərazilərə yürüşündən sonrakı dövrdə özünə sosial-etnik dayaq yaratmaq məqsədilə həyata keçirdiyini vurğulamışdır. 
Monoqrafiyanın “Demoqrafik proseslər və miqrasiya” adlı üçüncü fəslində əhalinin təbii hərəkəti anlayışı - nikah, doğum, ölüm və əhalinin yeniləşməsi kimi mühüm göstəricilərə xüsusi diqqət yetirilir. 
Tədqiqatın sonuncu “Əhalinin sosial-iqtisadi xarakteristikası” adlı dördüncü fəslində isə Dərbənd əhalisinin əsas məşğuliyyəti olan əkinçilik, üzümçülük, bağçılıq, bostançılıq, heyvandarlıq, balıqçılıq, ticarət və sənətkarlığın müxtəlif növləri araşdırılmışdır. Eyni zamanda, Dərbənd əhalisinin sosial-iqtisadi durumunu obyektiv əks etdirmək üçün əhali üzərinə qoyulmuş vergi və mükəlləfiyyətlər barədə məlumat verilmiş, həmçinin çarizmin vergi siyasətinin mahiyyət və xarakteri də şərh olunmuşdur. Müəllif öz tədqiqatını əhatəli və elmi cəhətdən əsaslandırılmış Nəticə ilə yekunlaşdırır. 
Monoqrafiyanın ən uğurlu cəhəti bu mühüm tədqiqat işində arxiv materiallarından, xüsusilə Azərbaycan Respublikası Milli Dövlət Tarix Arxivinin, Mahaçqala Mərkəzi Dövlət Arxivinin, Rusiya Xarici Siyasət Arxivinin, Rusiya Dövlət Hərbi Tarix Arxivinin və Rusiya Dövlət Qədim Sənədlər Arxivinin sənədlərindən geniş istifadə olunmasıdır. Müəllif həmçinin monoqrafiyanın Əlavələr hissəsində Azərbaycan Tarixi Atlasına istinad edərək (e.ə. IV əsrdən-XX əsrin əvvəllərinədək) 17 xəritə vermişdir ki, bu da Dərbənd şəhərinin Rusiya işğalına qədərki uzun tarixi dövr ərzində Azərbaycanın sərhədləri çərçivəsində olduğunu bir daha sübut edir. 
Asəf Hacıyevin Dərbənd XIX-XX əsrin əvvəllərində adlı monoqrafiyasını Dərbənd tarixinin araşdırılması sahəsində tarixşünaslığımızın mühüm uğuru hesab edirəm. Əsərin geniş oxucu dairəsində maraqla qarşılanacağına şübhə etmirəm və müəllifə yeni yaradıcılıq uğurları arzulayıram.

 

Yaqub Mahmudov

AMEA-nın həqiqi üzvü,

Əməkdar elm xadimi,

Dövlət Mükafatı Laureatı

4.01.2018 17:43 / Baxılıb: 659 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo