Mən səndən küsdüm, Allah!

“Vasmoy” bazarında süpürgəçi işləyən bir qadına görəsən oğlu ölübmü ki, anası onun-bunun ayağının altını təmizləyir?” deyirlər. Soruşanda məlum olur ki, qadının bir oğlu var, o da müharibədə şəhid olub...

 

Son dəfə qələmə alıram bu mövzunu. Bir də olmayacaq. Son dəfə ağrılarımı qabağıma qoyub gözümün didəsində yıxayacam, bununla da bitəcək. 

Mən nə desəm, nə yazsam yaşanmamış ömürlərin heç bir notasını sözə tökəmmərəm. Heç bir ağrımı dindirməz kəlmələrin səssizliyi. Amma siz siz olun, bu dəfə də nağılımı dinləyin. Davamı yoxdur, çünki... 

Adımı dədəm qoyub. Həyat yoldaşını 20 yaşında itirən ana nənəsinin adıdır. “Niyar Ana”sının haqqına məni də “anam” deyə sevib. (Tanrı da bununla yetinir, deyəsən...) 

İllərdən doxsanlar, saçları gözünə tökülən bir uşaq, qaça-qaça qardaşına tələsir, indi qaqası onun ayaqqabısının bağını bağlayacaq, hələ bir qulağını da dartacaq, “qızlar şalvar geyməz” deyəcək, o da gözlərini qıyıb gülümsəyəcək, qardaşı da başa düşəcək ki, ona dədəsindən başqa heç kim heç nə deyəmməz. Bax, atasına deyər ha! Bir də gonbul əllərinin balaca barmağını da silkələyəcək. Amma hər yaramazlıqda qulağına deyilən, “ailəmizdə oxuyan bir dənə mənəm, sən mütləq oxu” sözlərini də unutmayacaq. Bəs necə, onun qardaşı “Ruset”də böyük məktəbdə oxuyur, sinif yoldaşları belə onu barmaqla göstərir. O da oxuyacaq! İndi nə olsun dünyaya qız gəlib, odey Araz qardaşı da adını ona verəcək, adı Araz olacaq, hələ bir böyüsün. Atasının düz altı oğlu olacaq! Səhər-axşam Məsmə nənəsi əlində nar çubuğuyla onu teyləyir, gah da şirin dilə tutur, “sənə qəşəng qoftalar alacam”. Heç adı Araz olan adama da qofta geydirərlər?! Məsmə nənəsi getsin fallıqdan yumurtaları yığsın. Dədəsi onu da kəsər!

Bu evdə o qızın tələbə qaqasının hər gəlişinə bir qurban kəsilir. Bu gün də bayramdır. Qardaşı məktəbi bitirib. Ölkəsinə qayıdıb, yolüstü də ona bir kağız, hərbi geyim və silah veriblər. Yenə gedəcək, amma uzağa deyil, Gədəbəyə. Həm də indi, qardaşı Sənan da onunladır. Özü demişdi, dağda Vüqarın ayaqqabısını bağlayacaq. Burda üzülməli nə var ki? Əvvəl ildə bir dəfə küçənin uşaqları “sizinkilər gəldi” deyə qışıqırırdısa, indi həftədə bir dəfə gələcək qardaşı, o da hamının həsədli baxışları altında boynuna minib şəstlə evə gələcək.

 

Arzun qurusun, balaca qız... 

 

Böyümək boydan olmur. Dərddən olur, kədərdən olur, yiyəsizlikdən olur. İçi ölən adamların boyu içinə çəkilir. Güzgü olmaqdan qorxur. 

O balaca qız da böyüdü. Qarabağ savaşının ən qızğın çağında təkcə balalarını deyil, bütün soyadının gələcək həyatını müharibəyə qurban verən bir kişinin evində, bir küncdə boy atdı. Görünən o qədəriydi ki, görülmək istəyən heç kimin yadına düşmədi. Dərd ilmək-ilmək işləndi talelərinə. O qızın gözünə tökülən saçlarını yığan olmadı...

Bircə gün əvvəl kibrit qutusuna gizlədiyi pullarını vermişdi, kəndin “maqazin”inə təzə gələn İran konfetini son anda çatdırıb tökmüşdü qaqasının cibinə. Yuxarı qaçıb hələ bir Arazın “mayka”sını da dəyişdirmişdi. “Bayaq gördüm, kirlənib, dəyiş, elə get, əsgərlər görməsin...” Araz da dediyini eləmişdi, amma kirlisini ona verməyib, gözdən iraq bir yerə atmışdı. Sonra da onu sinəsinə sıxıb qoxusunu içinə çəkmiş, o da getmişdi qardaşının dalınca. Saçlarını üfürə-üfürə aşağı qaçıb, su da atmış,  qaqasının əsgəri Vasiflə, şofer Şahin də gülümsəmişdi. Su atmışdısa mütləq qayıdacaqdılar. Anası elə demişdi. Onun anası hər şeyi düz deyirdi!

Elə bu rahatlıqla da günü başa vurub yerinə uzanmışdı. Oynamaqdan yorulmuş yuxusuna qorxulu şeylər girmişdi. Yuxuda ölmüşdü qardaşları. Guya da. Anası da qiyyə çəkirdi. Bütün gücünü toplayıb özünü balkona atmağa çalışsa da, mümkün olmamışdı, yuxusu da onunla bərabər eyvana çıxıb, ordan da həyətlərinə yayılmışdı. Qəfildən “yuxu deyilmiş” deyə pıçıldadı, atasını axtardı, gördü... Dədəsi diz çökmüşdü!

Aşağı evə qaçdı. Odun peçlərinin qırağında dünən Vüqar və Arazla yola çıxan Sənanı gördü, soruşdu:

“Şahinlə Vasif hanı?

Öldülər. Onlar da...”

Onlar da... 

Siz heç böyüdüyünüzü hiss eləmisinizmi? Sanki kimsə içinizdən olmaq istəmədiyiniz birini çəkib zorla çıxarır. Dünyanın pərdəsi aralanır sanki, üstünüzə çirkab fışqırır.  Həqiqət öz yumruqlarını başınıza-başınıza çırpır! BÖYÜDÜN! 

Lənətə gəlmiş gələcək qapıdaydı. 1.82 boyunda anasının qırmızı xalçasına sığmayan cüssəsiylə həyətdə durmuşdu. Yaxınlaşdı, ehmalca toxundu, daşa dönən səssizliyə dəymədən baxdı, baxdı...

Barmaqlarıyla gözlərini aralamağa çalışdı. Gözü bacısına sataşanda əlini çəkdi. Qulağını anasının hayqırtısı döyəcləməyə başladı: “O biri oğlum yaşasın, ağlamayacam!”

Anladı. Allah burdan elə indicə getmişdi. Arazı da özüylə aparmışdı. Hələ gəlib Vüqarı da aparacaqdı. Arxasını dönüb qaçdı. Məhəllənin başına çatanda, divar dibinə çöküb “Allah, mən səndən küsdüm” dedi... orda neçə saat qaldığı yadında deyil, özünə gələndə xəstəxanadaydı, üz fəlci keçirmişdi. Düz qırx gün boyunca baş verənlərə ağlamamışdı. Evə gələndə tək arzusu o mərasimin, o adamların, o şivənlərin olmamasıydı, qəribədir, yerinə yetmiş, atası yası qadağan eləmişdi. Dünya evdəki yemək qazanlarını görəndə yenə başına dolandı. Balacalaşmışdılar... lələ köçüb yurdu qalmışdı dədəsinin evində. İki oğul yerinə iki şəkil boylanırdı divardan. Onu da həkim tövsiyəsilə yığışdırdılar.

(qadınlar yuxarkı evdən kirli əsgər maykası tapmışdılar, üstündə diri bitlər vardı. Arazı aparan ölüm biti yaşatmışdı!)

Ağrılar var Yer üzündə, sancısı kəsmir. Bir də ölümlər var. Şərəflidir, baş ucalığıdır, eyni zamanda ünvanı olmayan məzardır, hər gün gömülmək istədiyin. 

Bu gün o məşum gündən 23 il ötür. Mənim dərdim 23 yaşlı oğul boydadır. Bir azdan Anamın 23 il sandığında saxlayıb indi gətirdiyi bir “hədiyyə”ni açacağam. Qardaşımın sevdiyinə aldıqlarıdır. Heç açılmadan xarab olan zərrələrini oxşayacağam. Toyunda şəhid qardaşının nişan üzüyünü taxan biri olaraq, yenə hamının əvəzinə mən sevəcəyəm ailəmi. Mən bağrıma basacağam. Bu gün bitsin deyə, Allaha yalvara-yalvara, Allahdan küsəcəyəm yenə. 

Belə. Ailəm mövzusunda son yazım, son dərdləşməyimdi, sizinlə. Bir də heç vaxt qələmim ağrılarımdan bəhrələnməyəcək, dərdim sizə yol göstərməyəcək. Sizi də özümə oxşatmayacağam!

Sadəcə... bu da burda dursun istədim, olur da bir gün biri sülhdən, dostluqdan, bağışlamaqdan bəhs edərsə...!


Nigar İsfəndiyar

22.12.2017 16:05 / Baxılıb: 1352 / Çap
 
    Bu bölmədə
    2.10.2018
    Bizim yollar...
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo